Məhkəmə qərarları › İş №2-1(112)-4582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4582/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4582/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «üçüncü dərəcə müharibə əlili kimi mənzil növbəsinə götürülmə» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «üçüncü dərəcə müharibə əlili kimi mənzil növbəsinə götürülmə» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi ailə üzvləri ilə birlikdə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı və müvafiq siyahının AR Əmək və ƏSMN-nə göndərilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayonu İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdən artıq hərbi xidmət keçmiş və 44 günlük Vətən Müharibəsində döyüş vaxtı yaralanaraq travma almışdır. (Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi,) Aldığı travma nəticəsində sağlamlığını itirmiş və xx.xx.2022-ci il tarixdə ona 5 illik müddətə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. (Əlilliyin səbəbi '‘Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar " ifadəsi ilə göstərilmişdir.) Hal-hazırda iddiaçı kirayədə yaşayır. Daimi yaşayış sahəsi yoxdur. “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi mənim yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı xahişi ilə 2022-ci ilin oktyabr ayında cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ş-48-68 №-li məktubla ona imtina cavabı vermişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, "ünvan 4 uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları "nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, ünvan 2 ünvana xx.xx.2022-ci il tarixdən qeydiyyata aldığınızdan və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatınız olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2.maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinizin təmin ediməsi səlahiyyətlərimiz xaricindədir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, “ünvan 4 uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndində cavabdehin istinad etdiyi 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamaq şərti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı üçüncü dərəcə müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınması vəzifəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4582/2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X3 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Vətəndaşların həqiqi hərbi xidmət keçməsinə dair” Elektron Arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2017 - xx.xx.2019, xx.xx.2020 - xx.xx.2022 tarixlərində həqiqi hərbi xidmət keçmiş və ehtiyata xəstəliyə görə - HHK-nın rəyinə əsasən buraxılmışdır. - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X1 “Əlillik haqqında” xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr Partlayış travması,barotravma,sağ tərəfli xroniki koxlear nevrit, Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi pıçıltı nitqini eşitməsi sağ qulaqda 4,5 (dörd tam onda beş), sol qulaqda 6 (altı) metr məsafəsi eşitməsi ilə. Barotravma. Qapalı kəllə beyin travması,baş beyin silkələnməsi. Postravmatik stress pozuntusu. Kəskin nevrotik vəziyyət. Postkontuzion sindrom, Tor qişanın digər xəstəlikləri Hər iki gözün küt travması nəticəsində (xx.xx.2020) görmə itiliyin 0,5-ə qədər azalması korreksiya olmur. VİS"OU"=0,5 k/e diaqnozu ilə 5 il müddətinə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45- F45.9,F48-F48.9). əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı Şəhər Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 546 nömrəli Arayışda, İddiaçı Qaraçuxur Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmadığı qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və və Hərbi Xidmətə X3 Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1998-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək AR SQdə müddətli hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçmişdir. İddiaçı “Şəxsi işi” həmin məktuba əlavə edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və və Hərbi Xidmətə X3 Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı şəxsi işində aparılmış qeydlərdən görünür ki, N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020ci il tarixli 255 nömrəli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci maddəsinin “b” bəndinə, 26-cı maddəsinin “a” bəndinə və 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 2020-ci ilin sentyabr aylarında N nömrəli hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursü” nu bitirmiş aşağıda adları çəkilən kursantlar N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci ii tarixli 090 əç nömrəli əmrinə əsasən Azərbaycan ordusunda bağlaşma ədadında 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək müvafiq vəzifələrə təyin edilmişlər. (MAHHXHQ əsgər İddiaçı 4-cü tabor 11-ci bölük 2-ci taqım 2-ci manqa pulemyotçu - vəzifəsinə.) - N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 090 əç nömrəli əmri- N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli (nizami hissə üzrə) Əmri ilə İddiaçı 4-cü taborun əsgəri kimi (MAHHXHQ) N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi döyüş tapşırıqlarını yerinə yetirmək üçün Fizuli-Cəbrayıl istiqamətlərində gedən döyüş əməliyyatlarına cəlb olunmuşlar. N nömrəli hərbi hissənin müdafiə rayonlarına getmiş hesab edilmişlər. - 2-ci Ordu Korpusu komandirinin xx.xx.2022-ci il tarixli 010 əç nömrəli Əmri ilə xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı 702-ci mexanikləşdirilmiş briqadanın 3-cü mexanikləşdirilmiş taborunun mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının mexanikləşdirilmiş manqasının pulemyotçusu olaraq “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq (xəstəliyinə əsasən) ehtiyata buraxılmışdır. - Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir.Təqdim edilmiş sənəddəndə görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən beş il müddətinə Barotravma. Qapalı kəllə beyin travması,baş beyin silkələnməsi. Postravmatik stress pozuntusu. Kəskin nevrotik vəziyyət. Postkontuzion sindrom, Tor qişanın digər xəstəlikləri Hər iki gözün küt travması nəticəsində (xx.xx.2020) görmə itiliyin 0,5 -ə qədər azalması korreksiya olmur. VİS"OU"=0,5 k/e diaqnozu ilə 5 il müddətinə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48-F48.9). diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddianın predmeti iddiaçının müharibə iştirakçısı və müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlıdır. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı Vətən müharibəsinin əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbi ilə cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, ünvan 4 uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Eyni zamanda Bakı şəhəri, ünvan 5 ünvana xx.xx.2022-ci il tarixdən qeydiyyata alındığınızdan və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatınız olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2 maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinizin təmin edilməsi səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. İddiaçı qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanının imtinasının qanunvericiliyin tələbləri baxımından əsassız olduğunu hesab edərək məhkəmədə mübahisələndirir. İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə X3 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Vətəndaşların həqiqi hərbi xidmət keçməsinə dair” Elektron Arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2017 - xx.xx.2019, xx.xx.2020 - xx.xx.2022 tarixlərində həqiqi hərbi xidmət keçmiş və ehtiyata xəstəliyə görə - HHK-nın rəyinə əsasən buraxılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X1 “Əlillik haqqında” xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr Partlayış travması,barotravma,sağ tərəfli xroniki koxlear nevrit, Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi pıçıltı nitqini eşitməsi sağ qulaqda 4,5 (dörd tam onda beş), sol qulaqda 6 (altı) metr məsafəsi eşitməsi ilə. Barotravma. Qapalı kəllə beyin travması,baş beyin silkələnməsi. Postravmatik stress pozuntusu. Kəskin nevrotik vəziyyət. Postkontuzion sindrom, Tor qişanın digər xəstəlikləri Hər iki gözün küt travması nəticəsində (xx.xx.2020) görmə itiliyin 0,5 -ə qədər azalması korreksiya olmur. VİS"OU"=0,5 k/e diaqnozu ilə 5 il müddətinə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48-F48.9). əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarından olan Bakı Şəhər Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 546 nömrəli Arayışda, İddiaçı Qaraçuxur Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və və Hərbi Xidmətə X3 Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1998-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək AR SQdə müddətli hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçmişdir. İddiaçı “Şəxsi işi” həmin məktuba əlavə edilmişdir. İş materiallarında olan, N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020-ci il tarixli 255 nömrəli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci maddəsinin “b” bəndinə, 26-cı maddəsinin “a” bəndinə və 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 2020-ci ilin sentyabr aylarında N nömrəli hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursü” nu bitirmiş aşağıda adları çəkilən kursantlar N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci ii tarixli 090 əç nömrəli əmrinə əsasən Azərbaycan ordusunda bağlaşma ədadında 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək müvafiq vəzifələrə təyin edilmişlər. (MAHHXHQ əsgər İddiaçı 4-cü tabor 11-ci bölük 2-ci taqım 2-ci manqa pulemyotçu vəzifəsinə.) İş materiallarında olan, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli (nizami hissə üzrə) Əmri ilə İddiaçı 4-cü taborun əsgəri kimi (MAHHXHQ) N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi döyüş tapşırıqlarını yerinə yetirmək üçün Fizuli-Cəbrayıl istiqamətlərində gedən döyüş əməliyyatlarına cəlb olunmuşlar. N nömrəli hərbi hissənin müdafiə rayonlarına getmiş hesab edilmişlər. İş materiallarında olan, 2-ci Ordu Korpusu komandirinin xx.xx.2022-ci il tarixli 010 əç nömrəli Əmri ilə xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı 702-ci mexanikləşdirilmiş briqadanın 3-cü mexanikləşdirilmiş taborunun mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının mexanikləşdirilmiş manqasının pulemyotçusu olaraq “Hərbi xidmət haqqında Əsasnamə”nin 156-cı maddəsinə müvafiq olaraq (xəstəliyinə əsasən) ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Ağentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən də görünür ki, İddiaçı İddiaçı xx.xx.2022-ci il tarixdən beş il müddətinə Barotravma. Qapalı kəllə beyin travması,baş beyin silkələnməsi. Postravmatik stress pozuntusu. Kəskin nevrotik vəziyyət. Postkontuzion sindrom, Tor qişanın digər xəstəlikləri Hər iki gözün küt travması nəticəsində (xx.xx.2020) görmə itiliyin 0,5 -ə qədər azalması korreksiya olmur. VİS"OU"=0,5 k/e diaqnozu ilə 5 il müddətinə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48-F48.9). diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.Azərbaycan Respublikası Konstitusiyasının Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı] İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Konstitusiyasın Keçid Müddəalarına 6-cı bəndinə əsasən Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasın Keçid Müddəalarına 8-ci bəndinə əsasən. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 11. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: ... 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi 32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” Nümunəvi Qaydaları təsdiq edilmişdir.

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

5. Aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar.Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.4 Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş Qaydalar öz hüquqi qüvvəsini 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya zidd olmayan hissədə öz hüquqi qüvvəsini saxlayır. Həmin Qaydalardakı Bakı şəhərində 5 il daimi yaşamaq tələbi Konstitusiyaya zidd olduğundan Konstitusiyanın Keçid müdəalarının 8-ci bəndinə uyğun olaraq hüquqi qüvvəsi yoxdur. Həmçinin, Konstitusiya ilə təsbit edilən hüquqlar, o cümlədən mənzil hüququ "5 il daimi yaşama” kimi tələblərlə məhdudlaşdırıla biməz. Bundan əlavə, AR Mənzil Məcəlləsinin 3.2-cü maddəsinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayş sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsində isə, vətəndaşların mənzil uçotuna götürülməsi üçün ümumiyyətlə, daimi yaşaması tələbi yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh qanunvericiliyin tələblərinə əsasən müraciətin təmin edilməsindən imtina edərək yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının adına hər hansı başqa daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından və beləliklə də onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu müəyyən olduğundan, həmçinin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyi müəyyən olunduğundan, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına uyğun olaraq, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı üçüncü dərəcə müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınması vəzifəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı üçüncü dərəcə müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə (uçota) alınması vəzifəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar