Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4583/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14 cəlb edilməklə) “reyestr qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 adına MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın və sonradan həmin çıxarış əsasında əldə edilmiş X9 adına olan, xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, ev 1/3 ünvanında yerləşən 33 nömrəli mənzilə dair X2 adına dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 iyul 1989-cu il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və ərinin anasına məxsus olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Qayınanası, yoldaşı və iddiaçı həmin evdə birgə yaşamışlar, təsərrüfat aparmışlar, mənzillə bağlı xərclər çəkmişdirlər, övladları olmasa da, nikahı normal qaydada davam edib. 1990-cı ildə qayınanası vəfat edib. Yoldaşı X7 isə 14 mart 2013-cü ildə vəfat etmişdir. Yoldaşı rəhmətə gedənə qədər onunla birgə yaşamışdırlar, daha sonra isə iddiaçı həmin mənzildə bu günə qədər fasiləsiz olaraq tək yaşayır. Qayınanası rəhmətə gedən tarixdən mərhum həyat yoldaşı ilə iddiaçı həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişdirlər. Ona görə də, əri və iddiaçı əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqları və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiyinə görə miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. İddiaçının ərilə birlikdə 1989-cu ildən həmin mənzildə yaşamasını şahid qismində qonşuları X15 və X16 öz ifadələri ilə və 81 saylı MTK-nın arayışı ilə də təsdiq edirlər. Mənzilə görə kommunal haqları, MTK-ya ödənənilən təsərrüfat xərcini, məişət tullantılarının atılmasına görə ödənişi həmişə ərilə iddiaçı ödəmişdirlər, hazırda kart vasitəsi ilə kommunal xərcləri abunə kartı vasitəsi ilə iddiaçı ödəyir, evin təmiri işlərini isə yoldaşı ilə bərabər aparmışlar. ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzil Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları İcrayyə Komitəsinin 43/5 nömrəli xx.xx.1986-cı il tarixli qərarına əsasən qayını X5 və qayınanası X11 verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə və üçüncü şəxsə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, ünvan 4 ünvanında yerləşən 33 saylı mənzil 216803 nömrəli order və maliyyə arayışı əsasında xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sonradan 4Ə-1977 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı indiki tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı 1989-cu ildən gəlin köçdüyü və yaşadığı evin mərhum qaynı X2 adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə olan halda, iddia tələbi daşınmaz əmlak üzərində aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı olduğundan bu icraat zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməlidir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 17-ci bəndinin sonuncu abzasında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və təmiin edilməmişdir. - Nəsimi rayon XDS İK-nın 17 yanvar 1986-cı il tarixli, 43/5 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzil iki nəfər ailə tərkibndə (özü və anası) X3 ayrılmışdır. Orderə daxil edilmişdir: 1. X10 və X17-anası. -Bakı şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 216803 orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 33 nömrəli mənzil X5 verilmişdir. Ailə tərkibi X10 və X6 ibarətdir. -xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki ünvan 5 ünvanında yerləşən 33 nömrəli mənzil mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 ünvan 5, mənzil 33-ü X12 bağışlamışdır. -xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 33 nömrəli mənzil X9 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-340/2024 №-li qətnaməsindən görünür ki, məhkəmə ilk iddia üzrə cavabdeh İddiaçı Əliəşrəf qızının ünvan 5 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılmasını, ilk iddia üzrə iddiaçı X9 həmin mənzilə köçülürməsini, həmçinin qarşılıqlı iddia üzrə İddiaçı Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh X12 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsini qət etmişdir. (İddiaçı Əliəşrəf qızı qətnamədən apellyasiya şikayəti vermişdir). Beləliklə işin hallarından görünür ki, iddiaçının hüquqi marağı ünvan 6 ünvanda yerləşən mənzilə dair mərhum qaynı X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə yönəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh qeydiyyat orqanı dövlət mənzil fondu mənzilini Abdul Xəlilovun adına özəlləşdirilməsi ilə bağlı qeydiyyat hərəkətlərini apararkən onun razılığını almadığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı tələbinin əsası kimi 1989-cu ildən mərhum əri ilə birlikdə mübahisəli həmin mənzilə köçməsinə, o vaxtdan ailəsi ilə birlikdə həmin mənzildə yaşamasına və mənzilə dair bütün kommunal xərcləri ödəməsinə istinad edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə bildirir ki, iş materiallarından görünür ki, Nəsimi rayon XDS İK-nın 1986-cı il tarixli qərarı ilə mübahisəli mənzil X5 2 nəfər ailə üzvü ilə birlikdə (anası X18) ayrılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Qeyd olunan sərəncam əsasında X5 mənzilə dair order verilmiş və həmin orderdə yalnız X18 göstərilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, norma “müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş şəxslər və kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış” şəxslərin razılığını nəzərdə tutur. Bu razılığın da mahiyyəti ondadır ki, həmin şəxslər dövlət mənzil fonduna aid konkret mənzili əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüquqlarından digər ailə üzvünün xeyrinə könüllü imtina etmək iradəsini ifadə edirlər. Hazırkı halda isə iddiaçı nə mənzil ayırma qərarında, nə də orderdə icarədarın ailə üzvü kimi göstərilmədiyindən, həmçinin mənzilə dair hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən o, Mənzil Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs sayılmır. Ona görə də iddiaçı qeyd olunan “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində mənzil fondunun özəlləşdirilməsi üçün razılığı tələb olunan şəxslərin dairəsinə düşmür. İddiaçının istinad etdiyi hallar (mübahisəli mənzildə uzun müddətdir yaşaması, kommunal xidmətləri ödəməsi və s.) həmin mənzilə dair X2 adına aparılmış qeydiyyatın ləğvi üçün yetərli əsas hesab oluna bilməz. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin hərəkətləri və imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4583/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4583/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver