Məhkəmə qərarları › İş №2-1(112)-4584/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4584/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4584/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X2 və X11) qarşı Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27-dən qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X7, X2 və X5 Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında yerləşən ev 24.07.2008-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. 30.10.2019-cu il tarixdə iddiaçı Forma 2 arayışı almaq məqsədilə ASAN 4-ə müraciət etmiş və bu zaman məlum olmuşdur ki, onun razılığı olmadan X7, X2 və X11 iddaçının mülkiyyətində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında qaydiyyatdadırlar. O, bu məsələyə dair Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh İddiaçı 01.04.2020-ci il tarixli cavab məktubu ünvanlamış və məktubda Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında qeydiyyatda olan X7, X2 və X11 qeydiyyatdan çıxarılması ilə bağlı “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün olmadığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina məktubu tamamilə əsassızdır. Bu səbəbdən də, məhkəmə müraciət edərək cavabehin 01.04.2020-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsini və Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında qeydiyyatda olan X8, X3 və X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırliq icraatı üzrə keçirilən iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxsləri tanımır, onlar həmin evdə yaşamırlar, həmin ünvana necə qeydiyyata düşdüklərindən məlumatsızdır, onların həmin evə qeydiyyata düşmələrinə razılıq verməmişdir. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin növbəti iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh Sabunçu rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 01.04.2021-ci il tarixli və 21.04.2021-ci il tarixli məktublarda məhkəmənin 26.02.2021ci il tarixli sərəncamında qeyd edilən xüsusatlara (iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi, üçüncü şəxslər X7, X3 və X5 qeydiyyata alınmasına əsas olmuş sənədlərin, həmçinin İddiaçı X9 münasibətdə qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət edib-etməməsi barədə) münasibət bildirmədən məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətçidir, həmin evdə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır.

7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 01.04.2020-ci il tarixli cavabında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

8. Məhkəmənin hazırki iş üzrə 26.02.2021-ci il tarixli qərardadı ilə X7, X2 və X11 üçüncü şəxs qismində cəlb olunmuşlar.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1939/2020 nömrəli iş üzrə qəbul etdiyi 13.03.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Aytən Oruczadə) İddiaçı iddiası təmin edilərək digərləri ilə yanaşı üçüncü şəxslərdən X5 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Sabunçu rayon polis idarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası məqsədilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin məhkəməyə 08.07.2020-ci il tarixdə ünvanladığı məktubda digərləri ilə yanaşı, X5 da ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarıldığı bildirilmişdir.

10. Buna baxmayaraq, yaşayış yeri üzrə qeydiyyat haqqında 18.02.2021-ci il tarixli arayışdan görünür ki, digər şəxslərlə yanaşı 21.10.1983-cü il təvəllüdlü X7, 11.01.1966-cı il təvəllüdlü X2 və 20.03.1972-ci il təvəllüdlü X11 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. Daşınmaz əmlakın dövlət reyestindən Seriya MH №0164175 çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində mülkiyyətində olan 0,05633 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 və 2 mərtəbəli, 7 otaqlı, 125,7 kv.m. yaşayış, 156,5 kv.m. köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 0,05633 ha torpaq sahəsi və A və B tikililəri 24.07.2008-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.04.2021-ci il tarixli məktubunda sözügedən ünvana X7, X2 və X5 istifadə hüququnun qeydə alınması ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir.

13. Məhkəmə tərəfindən üçüncü şəxslərə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, poçt zərfində bir halda “tələb edilməyib”, digər halda “bu ünvanda yaşamır” qeyd edilmişdir. Məhkəmə iclasında üçüncü şəxslər iştirak etməmişlər. IV. Məhkəmənin mövqeyi

14. İddiaçı ilə üçüncü şəxslərin qohumluq münasibətləri yoxdur, həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

15. İddiaçının üçüncü şəxslərdən X9 münasibətdə qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət edib-etməməsi barədə məhkəmənin sərəncamına cavabdeh tərəfindən münasibət bildirilməsə də, məhkəmə müəyyən edir ki, qeyd edilən şəxs məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmağına baxmayaraq (bax 9-cu bənd), sonradan iddiaçının razılığı olmadan yenidən qeydiyyata alınmışdır (bax 10-cu bənd). Həmin şəxsə münasibətdə qeydiyyatdan çıxarılma ilə bağlı təkrar müraciətin olub-olmamasını məhkəmə əminliklə müəyyən etmir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı yenidən müraciətin olmaması səbəbindən iddianın mümkün sayılmaması konkret halda iddiaçıya münasibətdə artıq formallıq olmaqla məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

16. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X7, X2 və X5 Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X4, X1 və X5 Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar