Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4584/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “xidmətdə olma faktının müəyyən edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 17 Mart 1989cu il tarixindən 27 fevral 1993-cü il tarixinədək Daxili qoşunlarda xidmətdə olması faktının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 Mart 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında yaşayırdı və həmin tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə qəbul edildi. Xidməti müddətində Daxili Qoşunların invertarlaşma şöbəsində xidmətə başladı, xx.xx.1993-cü il tarixində DİN-nin X5 idarəsində xidmətə başladı, xx.xx.2006- cı il tarixinə kimi YMİ- də və xx.xx.2009- cu il tarixinə kimi Fövqalədə Hallar Nazirliyində xidmət etdi, ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı sağ əlindən xəsarət almasıyla əlaqədar FHN-dən tutduğu vəzifəsindən azad edildi. Xidməti illərinin hesablanması ilə əlaqədar şəxsi işindən hesabat vərəqənin xidməti illərin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə göndərilməsini xahiş etsə də, FHN-nin verdiyi hesabat vərəqəsində Daxili Qoşunlarda xidməti bairədə məlumatın verilməməsi onun əmək stajının aşağı olmasına səbəb oldu, bununla əmək stajı xx.xx.1989-cu ildən xx.xx.1993 cü il tarixinədək xidmət ilim aşağı hesablanaraq ona əmək pensiyası təyin edildi. Xidməti ilinin hesablanması və xidməti arxiv arayışının verilməsi üçün Daxili Qoşunlara müraciət etsə də verilmiş cavabda qeyd edilir ki, Daxili Qoşunların arxiv matrealları məhv edilməsi səbəbindən eyni zamanda Daxili Qoşunların arxiv sənədlərində barəsində hər hansı bir məlumat aşkar edilməmiş kimi cavab vermişlər. xx.xx.1989-cu ildən xx.xx.1993-cü il tarixinədək Daxili Qoşunlarda xidməti dövründə tabelə imza ataraq dövlət büdcəsindən əmək haqqı almış, eyni zamanda Daxili Qoşunlar tərəfindən verilmiş A0-OO9575- saylı xidməti vəsiqəsindən məlumdur ki onun həqiqətən N saylı hərbi hissədə göstərilən tarixlərdə xidmət etmişdir. Xidməti dövründə dəfələrlə Bakı Şəhərinə ezam edilmiş ki, bu barədə müvafiq əmr olmalıdır. Bununla yanaşı həmin dövürdə onunla xidmət edən bir çox əməkdaşlar vardır ki, onunla həmin illərdə N saylıhərbi hissədə birlikdə xidmət etmişlər. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, Daxili Qoşunların arxivindən verilmiş 284 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olmuşdur ki, arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının xidmət ilinin hesablanılaraq arxiv arayışı verilməsi üçün Daxili Qoşunlara müraciət etməsini, verilmiş cavabda Daxili Qoşunların arxiv materiallarının məhv edilməsi səbəbindən hər hansı məlumatın aşkar edilməməsini qeyd etsə də, göstərdiyi xüsusatlar üzrə qeyd edirlər kı, iddiaçının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinə Daxili Qoşunların Baş idarəsində baxılmış, 3-13-14/2-H-36xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-13- 14/2-H-3662/2-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublarla ona arxiv sənədlərində Daxili Qoşunların tərkibində xidmət keçməsi barədə hər hansı məlumatın aşkar edilməməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində N saylı hərbi hissənin fəaliyyət göstərməməsi barədə cavab verilmişdir. Həmçinin, iddiaçı ərizəsində Daxili Qoşunların onun xidmət ili barədə hesabat vərəqəsinin verilməməsi, uzun müddət əmək pensiyasının 3 il az hesablanmasına səbəb olması ilə ittiham etsə də, arxiv sənədlərindən məlum olmuşdur ki, iddia edilən tarixlərdə Daxili Qoşunların tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir. Qeyd olunanlardan məlum olur ki, N saylı hərbi hissə Daxili Qoşunların tərkibində fəaliyyət göstərmədiyi üçün iddiaçı barəsində arxiv məlumatların olması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2-ci maddəsinə əsaəsn inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Hazırkı iş üzrə iddiaçı Daxili qoşunlarda xidmətdə olması dövrünün məhkəmə qaydasında hüquqi fakt olaraq təsdiqinin tapmasını xahiş edir. Qeyd edilən tələb isə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan hər hansı iddia növünə uyğun deyil. Buundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin 284 nömrəli xx.xx.2024cü il tarixli Arxiv Arayışından görünür ki, arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2516/2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Əhmdə oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə “xx.xx.1991-xx.xx.1993-cü il tarixlərdə xidməti ilinin hesablanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, “Həmçinin, iddiaçı ərizəsində Daxili Qoşunların məsuliyyətsizliyi nəticəsində onun xidməti ili barədə hesabat vərəqəqsinin verilməməsi uzun müddət əmək pensiyasının 3 il az hesablanmasına səbəb olması ilə ittiham etsə də, arxiv sənədlərindən məlum olmuşdur kı, iddia edilən tarixlərdə Daxili Qoşunların tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir. Qeyd olunanlardan məlum olur ki, N saylı hərbi hissə Daxili Qoşunların tərkibində fəaliyyət göstərmədiyi üçün iddiaçı barəsində arxiv məlumatlarının olması qeyri- mümkündür. İddiaçı ərizəsində 1991 -ci ildə onunla X3, Musayev Salman və X7 ilə eyni vaxtda xidmət etdiyini bildirsə də, Daxili Qoşunların arxivindən verilmiş arayışlardan məlum olmuşdur ki, X2 (arayış № 384, xx.xx.2023-cü il) və X4 (arayış № 385, xx.xx.2023-cü il) Daxili Qoşunlarda xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. Daxili Qoşunların arxivindən verilmiş 382 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki. X6 N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 292 nömrəli əmrilə xidmətini davam etdirmək üçün Naxçıvan şəhərindən N saylı hərbi hissədən gəlmiş hesab edilmişdir. Barəsində ilk məlumatdır, N saylı hərbi hissənin sənədləri arxivdə mövcud deyil. Beləliklə yuxarıda göstərilənlərdən məlum olur ki, İddiaçı xidmət etdiyi N saylı hərbi hissə Daxili Qoşunların tərkibində fəaliyyət göstərmədiyi üçün onun barəsində Daxili Qoşunların arxivində məlumatlarının olması qeyri-mümkündür.” (qərardadın 3-cü səhifəsinin 3-7 abzasları) Hazırkı halda iddiaçının inzibati prosessual qanunvericiliyə əsasən arxiv arayışının təqdim edilməsi olduğu halda belə inzibati orqandan tələb edilən məlumatları təsdiq edən sənədlər mövcud olmadığından və həmin sənədlərin yenidən hazırlanaraq təqdim edilməsi ilə bağlı qanunla inzibati orqan üçün hər hansı vəzifə və ya səlahiyyət müəyyən olunmadığından, bununla da cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Yuxarıda da sadalanan normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələr isə inzibati mübahisə olmaqla onlara İPM-nin 2.2-ci maddəsində sadalanan iddia növləri üzrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4584/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4584/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver