Məhkəmə qərarları › İş №2-1(112)-4585/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4585/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4585/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı-xx.xx.1979-cu il təvəllüdlü Roise Mary DSouza, qızıxx.xx.2001 -ci il təvəllüdlü Rochelle Melinda DSouza, oğlu- xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus DSouza və qızı-xx.xx.2014-cü il təvəllüdlü X3) 04 avqust 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olduşdur. Milliyyətcə özünü mohacer hesab edir, dini etiqadına görə xristiandır (katolik). Kəraçi şəhərində orta təhsil almış, peşəsi kuryer olmuşdur. Kəraçi şəhərində 1992-2002-ci illərdə Grammar schoolda və 2003-2008-ci illərdə American Expressde kuryer olaraq çalışmışdır. 2008-2010-cu illərdə Kəraçi Celentary kilsəsində keşişin köməkçisi olaraq işləmişdir. Ərizəçinin atası vəfat etmişdir. Üç qardaş və bir bacısı vardır. Pakistanda yaşayır. Rose Mary DSouza adlı Pakistan vətəndaşı ilə evlidir. Bu nikahdan iki qızı və bir oğlu vardır. Ərizəçi 2005-2012-ci illərdə Pakistanda Təhrikə-Taliban Pakistan üzvlərinin, onlardan müsəlman olmasını tələb etdiyindən, bu səbəbdən 2012-ci ilin dekabr ayında Taylanda gedərək sığınacaq üçün BMT QAK-a muraciət etmiş, BMT QAK-ın Taylanddakı Nümayəndəliyi tərəfindən müraciətlərinə imtina cavabı verilmişdir. Ərizəçi 2017-ci ildə Taylanddan deport olunduğundan, 2018-ci ilin mart ayında günorta vaxtı iki nəfər yaxınlaşaraq onu döymüş, lakin polisin gəldiyini görüb qaçmış, həmin şəxslər onu təhqir edən şəxslər olduğundan şübhələnmişdir. Ərizəçi 2018-ci ilin iyun ayında ilk dəfə ailəsi ilə birlikdə gəzinti məqsədi ilə Azərbaycana gəlmişdir. Ərizəçi sığınacaq əldə etmək məqsədi ilə BMT QAK-ın Azerbaycandakı Nümayəndəliyinə yaxınlaşmış, lakin orada həmyerlisi ilə rastlaşmış, onun tövsiyəsinə əsasən Polşaya getmək üçün onunla sövdələşmiş. Polşada həmyerlisinin tanışları vasitəsi ilə ona iş və ev tapmaqda kömək edəcəyini, bunun üçün həmyerlisinə 3500 AB$ dolları ödəmişdir. Həmyerlisini onları Belarusa göndərmiş, Belarusdan Polşaya keçmək istəyərkən, geri qaytarılmışdır. Bundan sonra 2022-ci ilin fevral-mart ayında ərizəçinin evinə naməlum şəxslər zənglər edilmiş və qızlarına elçilik edilməyə başlamışdır. Bu təhdidlər səbəbində qorxuya düşən ərizəçi ölkəni tərk edərək, aile üzvləri ile birlikdə Şri-Lankaya getmək fikrinə düşmüşdür. Ərizəçi hava limanına gəldikdən sonra Şri- Lankadakı vəziyyətin gərgin olduğunu, ölkədə ixtişaşların baş verdiyini bilmiş, bu səbəbdən Pakistana qayıtmağa məcbur qalmışdır. Ərizəçi Pakistana qayıtdıqdan sonra 29 may 2022-ci il tarixdə bir neçə şəxs zorla evlərinə daxil olaraq, qızını oğurlamağa cəhd etmişlər. Məqsədləri onu zorla müsəlman edərək evləndirmək idi. Həmçinin ərizəçini arvadı və qızları Pakistanda insanların psixoloji təyziqlərinə məruz qalmışlar. Qonşular tərəfindən onlardan islamın qəbul etmək istəmişlər. 29 may 2022-ci ildə ərizəçinin evinə tanımadığı 2 kişi və 3 qadın gələrək, zorla qızı Roşeli evləndirmək üçün ondan istəmiş, qonşularının müsəlman olmasına baxmayaraq, bu məsələdə ərizəçiyə dəstək vermişlər. Bu səbəbdən ərizəçi xx.xx.2022-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib. 04 avqustda 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 72-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. 02 noyabr 2022-cu ildə DMX İQ-35/5 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaş olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar. Ərizəçi qeyd edilən qərarla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburriyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin İddiaçı ailə üzvlərinə (arvadıxx.xx.1979-cu il təvəllüdlü Roise Mary DSouza, qızı-xx.xx.2001-ci il təvəllüdlü Rochelle Melinda DSouza, oğlu- xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus DSouza və qızıxx.xx.2014-cü il təvəllüdlü X3) qaçqın statusunun verilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli İQ-35/5 qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: "Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951 -ci il Konvensiyasının 1 -ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcuddur. Eyni zamanda, şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, 2012-ci il tarixə qədər ölkəsində sərbəst yaşamış və öz dininə etiqad etmiş, 2008-2010-cu illərdə Kəraçi şəhərində kilsədə keşiş köməkçisi olaraq fəaliyyət göstərmiş, qızı isə kilsə xorunda oxumuş, hətta Rusiya Federasiyası və Belarus Respublikası vasitəsilə Avropaya getmək istəmiş, lakin Polşa sərhəddindən geri qayıtmışdır. Həmçinin, şəxsin vəsatətində bir-birinə zidd ifadələr yer almışdır. Belə ki, vəsatətin 2-ci səhifəsində əvvəllər Hindistan Respublikasına qohumlarına baş çəkmək üçün getdiyini bildirsə də, həmin vəsatətin 5-ci səhifəsində Hindistan Respublikası tərəfindən viza verilmədiyi üçün orada gedə və yaşaya bilmədiyini qeyd etmişdir. Qeyd olunanlarla yanaşı, təhdid olunma və döyülmə faktları ilə bağlı dövlət qurumlarına hər hansı rəsmi müraciət ünvanlamamışdır. Göründüyü kimi, şəxs təqib olunduğunu bildirsə də, bir neçə dəfə öz ölkəsinə giriş- çıxış etmişdir. Bununla da müəyyən etmək olar ki, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qərarının surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli Arayış-Müvəqqəti şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarının surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. - Bənd 1. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... - Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Cavabdeh inzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı o, dini mənsubiyyətinə görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. İddiaçı müsahibə zamanı bildirmişdir ki, 2005-2012-ci illərdə Pakistanda Təhrikə- Taliban Pakistan üzvlərinin onlardan müsəlman olmasını tələb etdiyindən, bu səbəbdən 2012-ci ilin dekabr ayında Taylanda gedərək sığınacaq üçün BMT QAK-a muraciət etmiş, BMT QAK-ın Taylanddakı Nümayəndəliyi tərəfindən müraciətlərinə imtina cavabı verilmişdir. Ərizəçi 2017-ci ildə Taylanddan deport olunduğundan, 2018-ci ilin mart ayında günorta vaxtı iki nəfər yaxınlaşaraq onu döymüş, lakin polisin gəldiyini görüb qaçmış, həmin şəxslər onu təhqir edən şəxslər olduğundan şübhələnmişdir. 2022-ci ilin fevral-mart ayında ərizəçinin evinə naməlum şəxslər zənglər edilmiş və qızlarına elçilik edilməyə başlamışdır. Bu təhdidlər səbəbində qorxuya düşən ərizəçi ölkəni tərk edərək, ailə üzvləri ilə birlikdə Şri-Lankaya getmək fikrinə düşmüşdür. Ərizəçi hava limanına gəldikdən sonra Şri- Lankadakı vəziyyətin gərgin olduğunu, ölkədə ixtişaşların baş verdiyini bilmiş, bu səbəbdən Pakistana qayıtmağa məcbur qalmışdır. Ərizəçi Pakistana qayıtdıqdan sonra 29 may 2022-ci il tarixdə bir neçə şəxs zorla evlərinə daxil olaraq, qızını oğurlamağa cəhd etmişlər. Məqsədləri onu zorla müsəlman edərək evləndirmək idi. Həmçinin ərizəçini arvadı və qızları Pakistanda insanların psixoloji təziqlərinə məruz qalmışlar. Qonşular tərəfindən onlardan islamın qəbul etmək istəmişlər. 29 may 2022-ci ildə ərizəçinin evinə tanımadığı 2 kişi və 3 qadın gələrək, zorla qızı Roşeli evlandirmək üçün ondan istəmiş, qonşularının müsəlman olmasına baxmayaraq, bu məsələdə ərizəçiyə dəstək vermişlər. Bu səbəbdən Ərizəçi xx.xx.2022-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib. 04 avqustda 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anket və müsahibə zamanı dediklərindən məlum olur ki, 2005-ci ildən dini etiqadına görə Pakistanda təhdid və təzyiqlərə məruz qalsa da sərbəst şəkildə 2012-ci ilə qədər öz dininə etiqad etmiş, kilsəyə getmiş və dini ayinlərini icra etmişdir. Hətta ərizəçi 2008-2010-ci illərdə Kəraçi şəhərində kilsədə keşişin köməkçisi olaraq fəaliyyət göstərmiş, qızı kilsə xorunda oxumuş və piano çalmağı öyrənmişdir. Pakistana qayıtdıqdan sonra da yenidən öz dininə sərbəst olaraq etiqad etmiş, 2018-ci ildə küçədə motivi və tərəfləri bəlli olmayan bir davaya qarışmasından savayı heç bir fiziki təhdid və təzyiqlə üzləşməmişdir. Həmçinin, ərizəçinin həyat yoldaşı və qızı qonşular tərəfindən dinlərini dəyişmələri mövzusunda psixoloji təzyiqlərə məruz qalmasını qeyd etsə də ölkələrini tərk etmə səbəbi bununla bağlı olmamış, qızının istəmədiyi bir şəxs ilə ailə həyatı qurmasına mane olmaq, evlilik məqsədilə qaçırılmasını önləmək üçün ölkəsini tərk edərək sığınacaq üçün Azərbaycana gəlmişdir. Lakin şəxsin və ailəsinin 2012-ci ildə Taylanda gedərək BMT QAK-ın yerli nümayəndəliyinə sığınacaqla bağlı müraciət etməsi, 2017-ci ildə imtina qərarı aldıqdan sonra Pakistana qayıtması, Şri-Lankaya getməsi və geri qaytarılması, 2018-ci ildə Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etməklə müraciət etmək niyyətində olması, lakin sonradan həmyerlisinin Avropaya getməklə bağlı vədlərinə aldanaraq Rusiyaya, Belarusa gedərək sğınacaq əldə etməklə bağlı müraciət etməməsi, Polşaya keçməyə cəhd göstərməsi şəxsin həqiqi sığınacaq axtaran şəxs deyil ölkə hüdudlarını daha yaxşı həyat şəraiti əldə etmək məqsədilə tərk edən, getdiyi ölkələr arasında həyat şəraitinin təşkilinə görə seçim edən iqtisadi miqrant olmasını göstərir, Bu isə şəxsin öz ölkəsində təqib olunmaları ilə bağlı dediklərinin inandırıcılıq baxımından doğru olmadığını müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Məhkəmə hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. - 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. - 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - 48.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. - 48.4-cü maddəsinə əsasən bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. - 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 04 avqust 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar