Məhkəmə qərarları › İş №2-1(112)-459/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-459/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-459/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil),cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın və satınalma qiymətinin 20%-nin cavabdeh tərəfindən iddiaçıya ödəniməsi tələbi barədə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan X1rşı iddia qaldıraraq mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən evin 44,4 kv metrinə görə (1 kv metr 2000 manat qiymətləndirilməklə) ümumilikdə 88800 manat, nəzərə alınmayan 19,2 kv metr (64,2-44,4=19,8) üçün 39600 manat (19,8x2000=39600) və nəzərə alınmayan 101,35 kv metr torpaq sahəsinə görə 121600 (101,35x1200=121600) manat olmaqla ümumilikdə 250000 (88800+39600+121600) manat və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanında nəzərdə tutulmuş satınalma qiymətinin 20%-i – 50000 manat məbləğində pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Göstərilən yaşayış evi layihə çərçivəsində tikinti altına düşmüşdür. Bu layihə ilə əlaqədar tikinti altına düşən maneələrə görə təzminat ödəniləcək şəxslərin siyahısına iddiaçı da əlavə olunmuşdur və iddiaçıya ümumilikdə 53280,00 manat məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 136 ünvanında yerləşən payı y/s – 14 kv.m, k/s- 50 kv.m. (cəmi 64,2 kv.m) və 101,35 kv.m. torpaq sahəsindən ibarətdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan əsas və köməkçi sahə cəmi bir yerdə 64,2 kv.m olduğu halda cavabdeh tərəfindən kompensasiya ödənilərkən 44,4 kv.m. sahə hesablnmışdır. İddiaçının mülkiyyətində olan 101,35 kv.m torpaq sahəsi isə ümumiyyətlə nəzərə alınmamışdır. Cavabdeh həmin sahələrin nəyə görə nəzərə alınmaması ilə bağlı mövqeyini əsaslandırılmamış və indiyə qədər iddiaçıya bu barədə cavab verilməmişdir. İddiaçı ona dəyən ziyanın məbləğinin müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyətində olan əsas və köməkçi sahələrin 1 kv.m. hissəsi 1200 manat, torpaq sahəsinin 1 sotu isə 12000 manat qiymətləndirilir. İddiaçı hesab edir ki, hal-hazırda onun mülkiyyətçisi olduğu Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 136 ünvanında yerləşən 64,2 kv.m tikili sahəsinə görə (1 kv.m. görə 2000 manat qiymətləndirməklə) 88.800 manat, 101,35 kv.m (1200 manat) torpaq sahəsinə görə 121.600 manat, ümumilikdə 250000 manat məbləğində kompensasiya, əlavə 20% - 50000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki,Bakı şəhəri, Xarici Dairəvi avtomobil yolunu A.M.Şərifzadə küçəsi ilə birləşdirəcək yeni avtomobil yolunun layihələndirilməsi, tikinti altına düşən obyektlərin, əhalinin köçürülməsi və yolun tikinti layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir.Həmin layihə çərçivəsində layihələndirilən yolun tikintisi altına düşən İddiaçı aid əmlaka dəymiş ziyan dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə 59,9 kv metr əsas sahəyə görə 71880 manat, 1,82 kv metr köməkçi sahəyə görə 2184 manat, 101,35 kv metr torpaq sahəsinə görə 12162 manat kompensasiya hesabanmışdır.Vətəndaş İddiaçı ilə xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş müqavilə imzalandıqdan sonra 74064 manat kompensasiya bank vasitəsilə ödənilmişdir.Bununla bərabər paylı mülkiyyətdə olan İddiaçı ilə X2 məxsus torpaq sahəsinə görə ödəniləcək 12162 manat kompensasiya "xxxx" ASC-nin Gənclik filialına köçürülmüşdür. Bu barədə iddiaçıya məlumat verilmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. Belə ki, məhkəməyə iddiaçı və cavabdeh tərəfindən sübut qismində daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surəti, xx.xx.2019-cu il tarixli bölgü sxemi, xx.xx.2019-cu il tarixli müqavilə, iddiaçının sifarişi ilə aparılmış qiymətləndirmənin xx.xx.2018-ci il tarixli hesabatı, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubu, fərdi yaşayış evinin pasportu, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev, 136 ünvanında yerləşən yaşayış evinə görə qiymətləndirmə hesabatı təqdim edilmişdir. İş materiallarından məhkəmə müəyyən etmişdir ki, ünvan 1-da iddiaçının payı 1 otaq - y/s – 14 kv metr, k/s 50,2 kv metr təşkil edir, tikilinin altında olan torpaq da paylı mülkiyyətçilərin, o cümlədən iddiaçının xüsusi mülkiyyətindədir, xx.xx.2019-cu ildə iddiaçı ilə digər paylı mülkiyyətçilər arasında torpağın bölgü sxemi tərtib edilərək imzalanmış və həmin bölgü sxemi notariat qaydasında təsdiq edilmişdir, qeyd edilən bölgü sxeminə əsasən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində iddiaçının payı 100 kv metr müəyyən edilmişdir, daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş müqavilə imzalanmış, qeyd edilən müqaviləyə əsasən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İddiaçı mülkiyyətində olan tikintialtı sahə - 44,4 kv metrə görə iddiaçıya 53280 manat məbləğinin ödənilməsini, iddiaçı isə 44,4 kv metr tikintialtı sahədən cavabdehin xeyrinə imtina etməyi öz öhdəsinə götürmüşdür, iddiaçı hazırda hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlaka görə ödənilmiş kompensasiyanın məbləği düzgün müəyyən edilməmişdir, odur ki, məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Qanunun 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə, işin mübahisəedilməz halı ondan ibarətdir kii, İddiaçı dövlət ehtiyacları üçün alınmanın təsirinə düşən ünvan 1 ünvanda yerləşən əmlakın 100 kv metr torpaq sahəsinin və 64,2 kv metr tikilinin mülkiyyətçisidir. İddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında imzalanmış alınmanın təsirinə məruz qalmış əmlakın satın alqı-satqı müqaviləsindən göründüyü kimi İddiaçı ona 53280 manat kompensasiya ödənilməsi müqabilində “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qrafasında qeyd olunan Liter E tikintialtı sahə 44,4 kv metr”dən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. Belə olan halda İddiaçı mülkiyyətində olan tikilinin 19,8 kv metr hissəsinə və 100 kv.m. torpaq sahəsinə görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompensasiya hesablanmamışdır. İddiaçı hazırda irəli sürdüyü iddiasında mülkiyyətində olan 64,2 kv metr sahəsi olan tikilinin hər kvadratmetrə görə 2.000 manat və 101,35 kv metr torpaq sahəsinə görə 1200 manat kompensasiyanın ödənilməsini tələb edir. Bakı şəhərində Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın (tikilinin)dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m -ə görə 1500 manat, torpağın hər kv.m-ə görə 500 manat müəyyən edildiyindən, hər kvadratmetrə görə 2000 manat, torpağa 1200 manat kompensasiya ödənilməli olması barədə iddia ərizəsinin dəlilləri əsaslı hesab edilmir. Məhkəmə vahid məhkəmə praktikasına əsaslanaraq hesab edir ki, iddiaçı 19,8 kv metr tikilisinə və 100 kv.m torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbində haqlıdır və qeyd edilən məbləğ (19,8 x 1500 manat) 29700 manat tikintialtı sahəyə və (100x 500 manat) 50000 manat torpaq səhəsinə görə, cəmi 79700 manat ödənilməlidir. Eyni zamanda işin faktiki hallarından göründüyü kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq da iddiaçıya ödənilməmişdir ki, həmin ödənilməmiş məbləğ (53280+ 29700+ 50000= 132980 manatın 20%) 26596 manat təşkil edir. Beləliklə, iddiaçı 106296 manat məbləğinin (kompensasiya və 20% əlavə) cavabdehdən tələb etməkdə haqlıdır və onun tələbi qanunvericiliyə uyğundur, iddia tələbinin qalan hissəsi isə əsassızdır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi 101.35 kv metr deyil, bölgü sxeminə əsasən 100 kv metr təşkil edir. Habelə iddiaçı ilə cavabdeh arasında imzalanaraq notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən tərəflər 44,4 kv.m tikintialtı sahəyə görə kompensasiya məbləğinin 53280 manat olmasını razılaşdırmışlar, cavabdeh qeyd edilən müqavilə ilə razılaşdırılan məbləği iddiaçıya ödəmiş, iddiaçı həmin ödənişi qəbul etmişdir. Odur ki, məhkəmə həmin tikili sahəsinin 1 kv.metr sahəsinin 2000 manat olmaqla yenidən hesablanması və həmin sahəyə 88000 manat məbləğdə kompensasiyanın ödənilməsi tələbini əsassız və müqaviləyə zidd hesab edir. Azərbaycan Respublikasının İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilərək ünvan 1 ünvanında iddiaçıya məxsus tikilinin 19,8 kv.m hissəsinə 29700 manat və torpaq sahəsinə görə 50000 manat kompensasiya məbləğinin, daşınmaz əmlakın bazar qiymətinin (132980 manat məbləğinin) 20% miqdarında satınalma qiymətinə əlavə haqq 26596 manat, cəmi 106296 manat məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu, 85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında iddiaçıya məxsus tikilinin 19,8 kv.m hissəsinə görə 29700 manat və torpaq sahəsinə görə 50000 manat kompensasiya, daşınmaz əmlakın bazar qiymətinin (132980 manat məbləğinin) 20% miqdarında satınalma qiymətinə əlavə haqq 26596 manat, cəmi 106296 manat məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar