Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-459/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmət zamanı güllə yarası almışdır, ikinci qrup əlildir. Lakin əlilliyi təkrar təyin edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında bunlar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 033800AAMCS nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin Y00117606SDY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 329 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sol tərəfinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı dəri çapıqları, funksiyanın pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol döş qəfəsinin arxa səthində çapıqlar qeyd olunmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğundan, sinir ağrıları, qeyriiradi sidik ifrazından şikayətlənmişdir. Anamnestik məlumatlarında bir ildir bezdən istifadə etdiyini, aşağı ətraflarının işləmədiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsin arxa səthinin sol aşağı hissəsində çapıq toxumalar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, diz axil refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97%, nəbzi 77 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş hərbi qərarda qeyd olunan diaqnozlar ilə vətəndaşın bildirdiyi şikayətlər uyğunsuz olmuş, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Həmçinin təqdim olunmuş tibbi müalicə sənədlərində ağır nevroloji diaqnozlar qeyd olunsa da, müayinə zamanı həmin diaqnozlar təsdiqlənməmişdir. X1 İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli tipli ventilyasiya pozğunluğu qeyd olunur. FVC-36, FEV1-35” kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin aşağı orta sol baldırın yuxarı 1/3-nin tış arxa səthlərində çapıq toxumaları, sol körpücük sümüyünün orta 1/3-nin yuxarısında yumşaq toxumalarda metal qəlpələr, sol baldırın yuxarı 1/3-nin yumsaq toxumalarında metal qəlpələri, sol pəncənin sallanması, parezi, sol incik və qamış sinirlərinin neyropativası, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X10 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2987 nömrəli Çıxarışında diaqnoz “Sağ aşağı ətrafın postravmatik nevropativası, sol aşağı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulmalar. Anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopativa” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli göndərişdə - Əsas diaqnoz: “ G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma ilə.” qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 129/2024 saylı ekspert rəyində iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert tərtib edilmiş göndərişdə qeyd edilən “Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi, əzələ gücü 3 bal, hərəki pozulma ilə” diaqnozu şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etməyin mümkün olmadığı qeyd edilmişdir. Həmin ekspertizanan keçirilməsində hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial eksperti X7 iştirak etmiş və rəyi imzalamış, buna görə də məhkəmə tərəfindən təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 673/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Klinik Xəstəxanasında xx.xx.2024-cü il tarixdə audioqramma müayinəsi zamanı “ikitərəfli koxlear nevrit. İİİ dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonra sol baldırın yuxarı l\3-nin tış, soltərəfli döş qəfəsinin orta, arxa səthlərində çapıq toxumaları, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası uzaqlaşma 25dər), bel fəqərələrinin spondilyozu, irradiasiya verən kökcük ağrı sindromu, sol baldırın l\3-nin yumşaq toxumalarında metal qəlpəsi, daimi ağrı sindromu, axsaması, hərəkət funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M16.5, M24.5, M47.8, M54.1, M79.5, R52.1, R26.8.) diaqnozu qoyulmuşdur. İddiaçı 03.07.-xx.xx.2023-cü il tarixlərdə 17 saylı BŞX-da stasionarda müalicədə olarkən “T93.4sağ aşağı ətrafın posttravmatik neyropatiyası, G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma, R52.0-anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə,M54.1-bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiyası” diaqnozu ona anamnestik, klinik və diaqnostik müayinələr əsasında qoyulsa da xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) G81-G83 Qiymətləndirmə 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular (40 faiz, 1 il); 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular (40-60 faiz, 2 il); 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular (40-60 faiz, müddətsiz); 6.5.1.4. təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıqbaldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular (65-80 faiz, müddətsiz); 6.5.1.5. mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular (65-80 faiz, müddətsiz); 6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular (85-100 faiz, müddətsiz); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “ G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma ilə.” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz kimi göstərilmiş xəstəlik yuxarıda istinad edilən əsasnamənin 6.5.1.2-ci bəndində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 129/2024 saylı ekspert rəyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial eksperti X7 imzalamış, buna görə də məhkəmə tərəfindən təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 673/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Klinik Xəstəxanasında xx.xx.2024-cü il tarixdə audioqramma müayinəsi zamanı “ikitərəfli koxlear nevrit. İİİ dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonra sol baldırın yuxarı l\3-nin tış, soltərəfli döş qəfəsinin orta, arxa səthlərində çapıq toxumaları, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası uzaqlaşma 25dər), bel fəqərələrinin spondilyozu, irradiasiya verən kökcük ağrı sindromu, sol baldırın l\3-nin yumşaq toxumalarında metal qəlpəsi, daimi ağrı sindromu, axsaması, hərəkət funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M16.5, M24.5, M47.8, M54.1, M79.5, R52.1, R26.8.) diaqnozu qoyulmuşdur. İddiaçı 03.07.-xx.xx.2023-cü il tarixlərdə 17 saylı BŞX-da stasionarda müalicədə olarkən “T93.4sağ aşağı ətrafın posttravmatik neyropatiyası, G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma, R52.0-anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə,M54.1-bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiyası” diaqnozu ona anamnestik, klinik və diaqnostik müayinələr əsasında qoyulsa da xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-459/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-459/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver