Məhkəmə qərarları › İş №2-1(112)-4590/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4590/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4590/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə daimi olaraq yaşayır. Daxili İşlər Nazirliyində 25 il işləmişdir. 1986-1991-ci illərdə Qarabağa ezamiyyət olunmuşdur. 1991-1994-ci illərdə müharibədə iştirak etmişdir. X7 General-mayor mərhum Məhəmməd Əsədovun əmri ilə Qarabağa pasport rejimi yaratmaq üçün yola düşmüşlər. Əsgərlikdə olan zaman sürücülük vəzifəsiini yerinə yetirirdi. Məlumat üçün bildirmişdir ki, hamılıqla yola düşdükdən sonra Əsgərana çatan zaman onların avtobusunu daşa tutdular. ORQ Komitətə getmək üçün əsgərlər onlara korridor yaratdılar. Buranı keçən zaman ayağı sürüşdü, yıxılan zaman erməni qadınları onu öldürmək istəyirdilər, rus əsgərlər onu qorudular. Burada pasport rejimi yaratmaq istədikdə onlara bunun mümkün olmayacağını söylədilər. X8 X5 məruzə etdikdə o, demişdir ki, pasport rejimi etmələri vacibdir. Onlar bunu çətinliklə də olsa bu rejimi yaratmağa nail olmuşlar. Bu rejimin yaradılmasında böyük əziyyətlər çəkmişlər. Müharibədə iştirak etdiyinə görə Nəqliyyat-təssəərüfatı rəisi Mahir Eminov ona 600 manat məbləğ verərək mükafatlandırdı. İkinci dəfə X1 əmri ilə yenidən Qarabağa ezam olunmuşdur. Bu səfər öz maşını ilə getmişlər. Amma maşınını orada yararsız hala salmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsinə sorğu verilmişdir. Həmin Baş İdarənin 12.01.2021-ci il tarixli, 012-359-1221 nömrəli məktubunda İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısına və DİN-in Bakı şəhər Baş Polis İdarəsinin, Baş Mühafizə İdarəsinin, həmçinin Maddi-Texniki Təminat Baş İdarəsinin 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Ona görə də iddiaçıya müharibə veteranı adının verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0*******5 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Daxili İşlər Nazirliyi X9 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-324-3221 №-li, 22.01.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş arxiv sənədlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi imkan xaricindədir. - Daxili İşlər Nazirliyi X9 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 024-816-1221 №-li, 19.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsinə sorğu verilmişdir. Həmin Baş İdarənin 12.01.2021-ci il tarixli, 012-359-1221 nömrəli məktubunda İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısına və DİN-in Bakı şəhər Baş Polis İdarəsinin, Baş Mühafizə İdarəsinin, həmçinin Maddi-Texniki Təminat Baş İdarəsinin 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab etmişlər ki, İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. - Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 012-7808-1221 №-li, 07.05.2021-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı məxsus şəxs işdən çıxarılmış xidmətkeçmə siyahısından görünür ki, İddiaçı xidmətkeçməsi barədə 1990-1994-cü illəri əhatə edən əmrlərdə onun döyüş əməliyyatlarında iştirakına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edilmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmədiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar