Məhkəmə qərarları › İş №2-1(112)-4591/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4591/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4591/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “xəstəlik şəhadətnaməsində dəyişikliyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə hərbi xidmətdə olduğu vaxtı xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəstəliklə əlaqədar Azərbaycan Respublikasının keçmiş MTN-nin (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin) Hərbi Həkim Komissiyası tərəfindən barəsində verilən xx.xx.2006-ci il tarixli 507/828 saylı xəstəlik Şəhadətnaməsində göstərilən "xəstəlik hərbi xidmət dövründə alınmışdır" diaqnozunun dəyişdirilib “hərbi travmadir (hərbi xəstəlikdir), hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alinmişdir" ifadələri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən mübahisələndirmə barədə iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, göründüyü kimi, 1992-ci ilin sentyabr ayından 2006-cı ilin iyun ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Azərbaycan Respublikası Hərbi Əks- Kəşfiyyat Xidmətində, keçmiş Azərbaycan Respublikası MTN-də həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2006-cı il tarixində "Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin "b" bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası MTN-dən ehtiyta buraxılmışdır. Belə ki, hərbi xidmətdə olarkən iş vaxtı xidməti vəzifənin yerinə yetirilməsi zamanı idarə etdiyi avtomobildə halı qəflətən pisləşəndən sonra beyin infaktı keçirtmişdir. Səbəb də uzun müddət istirahətsiz və məzuniyyətsiz xidməti vəzifələrinin yerinə yetirilməsi olmuşdur. Baş verən hadisəyə qədər səhhətində olan problemləri hiss etsə də, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar işin çoxluğu ücbatından həkimə müraciət etməyə vaxt tapa bilməmişdir. Məhz həmin səbəbdən Azərbaycan Respublikası MTN-nin İİİ Baş İdarəsinin (eyni zamanda N saylı hərbi hissədir) HHQ və HHMQ (Hərbi Hava Qüvvələri və X2 Qoşunları) üzrə şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində həqiqi hərbi xidmətdə olarkən iş vaxtı xidməti vəzifənin yerinə yetirilməsi ilə əlaqədar şəxsi avtomobilimlə daimi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.” Xidmət yeri olan şöbədən əməliyyat zərurəti ilə əlaqədar əməliyyat xidməti göstərdiyi AR Müdafiə Nazirliyinin Qala qəsəbəsində olan N saylı hərbi hissəsinə gedərkən, Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında Türkan- Mərdəkan yolunun Qala istiqamətinə dönən dördyol ayrıcısından hərbi hissə istiqamətinə hərəkət edən zaman kəskin baş ağrısı ilə müşayiət olunan beyin damarlarının tutulması nəticəsində hüşumu itirərək avtomobili bir təhər saxlamışdır....İddia ərizəsində qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı 1994-cü ildə təhlükəsizlik orqanlarına hərbi xidmətə qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi (darədə əməliyyat müvəkkili, daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 2006-cı ilin iyun ayında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. O, keçmiş MTN-in Kadrlar idarəsinin xx.xx.2006-cı il tarixli göndərişinə əsasən hərbi xidmətə yararlığının təyin olunması məqsədi ilə 10.05.06-18.05.06-cı il tarixlərdə MTN-in Mərkəzi Hərbi-həkim Komissiyasında (HHK) şəhadətləndirilmişdir. Şəhadətləndirmə zamanı İddiaçı aparılmış kliniko-funksional və laborator müayinələr nəticəsində “Baş beyin sağ orta beyin arteriyası hövzəsində qan dövranının keçirilmiş hemorragik tipli insultu, soltərəfli hemiparez, hemihiposteziya; Beyindaxili hematomanın və arterio-venoz malformasiya kələfinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı plastik materialla əvəz edilməmiş sümük deffekti (44 kv.sm); Hər iki gözün yüksək dərəcəli miopiyası (korreksiyasız görmə itiliyi sağ gözdə=0.06, sol gözdə=0.08, korreksiya ilə hər iki gözdə=0.6); Hər iki gözün angiopatiyası” diaqnozları aşkar edilmişdir. Göstərilən xəstəliklər həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Ka-binetinin xx xxxx 2000-ci il tarixli 48 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin" 24 “a”, 81 “a” yarımbəndinin İİİ qrafasına uyğun gəlmiş və iddiaçı hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyin səbəb əlaqəsi Qərarın 45-ci bəndinin ç) Xəstəlik hərbi xidmət dövründə alınmışdır” yarımbəndinə uyğun olaraq təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya təyin olunmuş xəstəlik travmanın (xəsarətin) deyil, xəstəliyin (baş beyin sağ orta beyin arteriyası hövzəsində keçirilmiş hemoragik insultun) nəticəsi kimi qiymətləndirilir. Bu səbəbdən təyin olunmuş xəstəliyin travma (xəsarət) kimi rəsmiləşdirilməsi, yəni Qərarın 45-ci bəndinin c) "Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” yarımbəndinə uyğun olaraq təyin edilməsinə və dəyişdirilməsinə əsas vermir. Bundan əlavə, Qərarın 46-cı bəndinə əsasən HHK xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin alınma şəraiti, habelə xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. xx.xx.2005-ci il tarixdə iddiaçının travma almasını təsdiq edən arayış təqdim edilməmişdir. Yuxarıda göstərilənlərdən əlavə bildirirlər ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia ərizəsi xx xxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur ki, bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunan məsələ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-jqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)- 2363/2-19 nömrəli qərardadında da əks olunmuş və mahiyyət üzrə eyni məsələ ilə bağlı İddiaçı iddiası mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 32.1.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1627/2019 saylı xx xxxx 2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibti-İqtisadi Kollegiyasının 2-1(103)-2363/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1627/2019 saylı xx xxxx 2019-cu il tarixli Qərarı ləğv edilmiş, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbinə yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, İddiaçı iddia ərizəsinin mümkünlük şərtlərinə cavab verməməsi, o cümlədən Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür . İddiaçı eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Plenumun qeyd olunan Qərarinin tələbi baxımından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquququnun olması o halda mümkündür ki, iddia tələbi mümkünlük şərtlərinə əməl edilməklə verilmiş olsun. Lakin hazırkı halda iddiaçı eyni tələblə mümkünlük şərtlərinə əməl etmədən məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçı xx xxx 2006-cı il tarixli 507/828 saylı xəstəlik şəhadətnaməsini müsbahisələndirməkdədir. 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət olunan zaman istər Azərbaycan Respublikası İPM-nin 38-ci, istərsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə müəyyən edilmiş müddətlər ötürülmüşdür. Halbuki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı şəhadətnamənin mövcudluğundan uzun illərdirki xəbərdar olmuşdur. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etsə də, iddiaçı tərəfindən müvafiq addım atılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və 15.6-cı bəndin tələblərini mövcud münasibətlərə tətbiq edərək məhkəmə hesab edir ki, iddia mümkün saymamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “xəstəlik şəhadətnaməsində dəyişikliyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar