Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4591/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmədli Səidə Səfər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1 və İddiaçı2 azyaşlı övladları X5 ilə birlikdə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə öhdəliyin cavabdeh Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, nikahlarından xx.xx.2009-cu ildə X5 doğulmuşdur. Bakı şəhəri, ünvan 3-nın 1/3 hissə payı onların birgə vəsaitləri hesabına alınmışdır və onlar halhazırda həmin mənzilin onlara aid hissəsində yaşayırlar. Qeyd edilən mənzilin 1/hissə payı üzərində İddiaçı1 Rəhm oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və əmlak birgə nikah dövründə əldə edildiyi üçün İddiaçı2 da həmin mənzilin 1/3 payı üzərində mülkiyyət hüququna malikdir. Cavabdehə müraciət edərək qeyd edilən paylı mülkiyyətlarində olan mənzilə yaşadığları yer üzrə qeydiyyata alınmasını xahiş etsələr də müraciətləri təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-16921/2023 nömrəli qərardadı ilə X4 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 72.91 kv.m olan 36 saylı mənzilin 2/3 hissəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə, 1/3 hissəsi İddiaçı1 adına ********** qeydiyyat nömrəli ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 363904 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Anası: İddiaçı2. Atası: İddiaçı1. İş materiallarına əlavə edilmiş AZ-İ 380465 nömrəli nikah haqqında şahadətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.1985-ci il təvəllüdlü X6 xx.xx.2007-ci ildə nikahlarını bağlamışlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********54 nömrəli məktubu ilə göndərilmiş ünvan 4i İsmayılov küçəsi, ev 6, 36 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 138501 nömrəli çıxarışdan görünür ki, ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 72.91 kv.m olan 36 saylı mənzilin 2/3 hissəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə, 1/3 hissəsi X7 adına ********** qeydiyyat nömrəli ilə xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X10 ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında yerləşən, ümumi sahəsi 72.91 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/3 hissə) alıcı İddiaçı1 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş 39 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 458 nömrəli arayışından görünür ki, İddiaçı1 həqiqətən də ********* saylı, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında qeydiyyatsız mənzilin sahibidir. H/y İddiaçı2 oğlu, X5 bu ünvanda qeydiyyatda deyillər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. İşin hallarından müəyyən olunur ki, ünvan 4i İsmayılov küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 72.91 kv.m olan 36 saylı mənzilin 2/3 hissəsi X1, 1/3 hissəsi İddiaçı1 adına paylı mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən ünvanda paylı mülkiyyətçi X4 yaşayış yeri üzrə qeydiyyatdadır. Hazırkı halda iddiaçılar İddiaçı1 məznilin paylı mülkiyyətçisi və sonuncunun ailə üzvləri İddiaçı2 oğlu, X5 Bakı şəhəri, ünvan 3 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmini ilə abğlı hərəkətsizlik göstərmişdir. Halbuki, işin hallarından müəyyən olunur ki, yerli mənzil istismar idarəsinin də verdiyi arayışa əsasən İddiaçı1 və İddiaçı2 oğlu, X5 mübahisəli ünvanda faktiki yaşayırlar. Eyni zamanda iddiaçılar həmin ünvana qeydiyyata düşmələrinə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilən-mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışı təqdim etmişlər. Göründüyü kimi iddiaçıların həmin ünvana qeydiyyatlarına əsas verən Qanunla nəzərdə tutulmuş mülkiyyət hüququnu təsdiq edən sənəd və qeydiyyata alınma barədə ərizələr mövcuddur. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. -215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. -215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, paylı mülkiyyətçilər öz paylarına mütənasib əşyaya sahiblik və istifadə hüququna malikdirlər, qanunvericilik yalnız ümumi paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verildiyi, özgəninkiləşdirildiyi, yüklü edildiyi halda digər mülkiyyətçilərin razılaşmasını, eyni zamanda satın almaqda üstünlük hüququnu tanıyır. Hazırkı halda mübahisəli ünvanda yerləşən mənzil paylar müəyyən edilməklə paylı mülkiyyətdə olduğundan və əmlaka qeydiyyat hüququ əşya hüququ olmamaqla əmlaka sərəncam verilməsini ehtiva etmədiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı1 özünü, eləcə də onunla birlikdə yaşayan ailə üzvlərini qeydiyyata alınmlarına razılıq vermək hüququna malikdir və bu halda digər paylı mülkiyyətçi-üçüncü şəxs X1 razılıq verməsinə zərurət yoxdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan mübahisəli ünvana X3 qeydiyyata alarkən digər paylı mülkiyyətçinin razılığını tələb etmədiyi halda iddiaçıları həmin ünvana qeydiyyata almaq üçün digər paylı mülkiyyətçinin razılığını tələb etməsi iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlaka yeni ünvan verilməsi həm də daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə bölünmüş hissəyə münasibətdə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən verilir. Hazırkı halda iddiaçılar və üçüncü şəxsin yaşadıqları mənzil ayrı giriş-çıxışı olsa da vahid dam altında yerləşən bölünməmiş daşınmaz əmlak olmaqla paylı mülkiyyət hüququ üzrə vahid ünvan- Bakı şəhəri, ünvan 3 ünvanı altında qeydiyyata alındığı və ünvan reyestrini aparan səlahiyyətli inzibati orqan tərəfindən sözügedən mənzilə 2 fərqli ünvan verildiyi müəyyən olunmur. Belə olan halda üçüncü şəxsin etiraz dəlili qeydiyyatı istisna edən qanuni şərt kimi çıxış etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil bölündüyü və daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən yeni ünvan verildiyi təqdirdə bu hal gələcəkdə üçüncü şəxsin “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada ünvan üzrə qeydiyyatdan çıxarılma tələbi ilə bağlı inzibati orqana müraciət etmək hüququna təsir etmir. Belə ki, İİQ-nun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı2 və X2 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2 və X2 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4591/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4591/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver