Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4594/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran Komissiyasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə ərizə yazıb bildirmişdir ki, o, 1988-ci ilin fevral ayında keçmiş X9 Vilayətində Ermənistana birləşmək çağırışları səslənməyə başlayan günlərdən Ağdam rayonunda bu iddiaya qarşı ilk səsini qaldıran və xalqı mənfur erməni iddiasına qarşı səfərbər edənlərdən biri olmuşdur. Eyni zamanda düşmən qüvvələrin həmlələrinin qarşısının alınması və onlara layiqli cavablar verilməsi məqsədilə ilk könüllü müdafiə dəstələrinin yaradılmasının təşəbbüsçülərindən və təşkilatçılarından olmaqla, həmin könüllü müdafiə dəstələrində düşmənə qarşı döyüşlərdə iştrak etmişdir. 1991-ci ilin iyulundan etibarən düşmənin genişmiqyaslı qanlı savaşa hazırlaşdığını gördüyü zamandan etibarən isə Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevlə birlikdə ilk könüllü özünümüdafiə alayının yaradılmasında iştirak etmiş, həmin ilin sentyabr ayından Milli Qəhrəman Allahverdi Bağırovun komandir olduğu könüllü özünümüdafiə alayında hərbi əməliyyatlarda fəal iştirak etmişdir. 1991-ci ilin dekabr ayından düşmənin başladığı irimiqyaslı təxribatların qarşısının alınmasında cəbhə dostlarıyla birlikdə düşmənə qarşı vuruşmuşdur. Qara Qaya, Naxçıvanik, Ağbulaq, Aranzəmin, Pirəcamal, Abdal-Gülablı uğrunda gedən döyüşlərdə iştrak etmiş, 1992-ci ilin iyun ayında Naxçıvanik uğrunda gedən döyüş zamanı mərmi qəlpəsi ilə yaralanmışdır. Döyüşlərdə iştrak etməklə yanaşı rayon fəallarından biri olaraq Ağdamda yaradılmış Müdafiə Qərargahının üzvü kimi, rayonun bütün istiqamətlər üzrə müdafiəsinin təşkilində də fəal şəkildə çalışmışdır. 1992ci il fevralın 25-dən 26-na keçən gecə erməni azğınları Xocalı şəhərinə genişmiqyaslı hücum etdiyi zaman, Xocalı sakinlərinin harayına ilk qoşulanlardan biri olmuş, Ağdamın könüllü müdafiə dəstələrinin dinc Xocalı sakinlərinə kömək üçün səfərbər edilməsində, Qara Qaya istiqamətində gedən döyüşlərdə Milli Qəhrəmanlar Allahverdi Bağırovla, Asif Məhərrəmovla, Canpolad Rzayevlə birgə düşmənə qarşı vuruşaraq, dinc əhalinin xilasında fəal iştirak etmişdir. Bununla yanaşı olaraq, hərbi əməliyyatlar zamanı şahidi və iştirakçısı olduğu qanlı hadisələrlə, erməni vandalizmi ilə bağlı mətbuatda 500-dən, televiziya efirlərində 200-dən çox çıxışlar etməklə xalqı və gələcək nəsilləri həmin dövrün gerçəklikləri ilə yaxından tanış etmiş, iki cildlik “Yaşam romanı” adlı kitabında bu hadisələrin bədii-publisistik tarixini yaratmışdır. Ötən müddət ərzində Veteranlıq statusu almaq üçün müraciət etməmiş, heç vaxt, heç bir qurum qarşısında bununla bağlı məsələ qaldırmamışdır. Lakin yaşının 65-ə çatması və vaxtilə çəkdiyi zəhmətin, Vətən qarşısında göstərdiyi xidmətlərin dəyərləndirilməsi istəyi onu yenidən müraciət etməyə sövq etmişdir. Onun Azərbaycanın bütövlüyü, torpaqların suverenliyi uğrunda apardığı təmənnasız mübarizəni, bu amal naminə canını sipər etməyini, qanlı döyüşlərdə fəal iştirakını, bütün ömrünü erməni faşizminin qaniçən mahiyyətinin insanlara çatdırılması yolundakı genişmiqyaslı fəaliyyətini və Müstəqil Azərbaycan uğrunda son otuz ildə dövlətimizin mənafeləri uğrunda qətiyyətli çıxışlarını nəzərə alaraq, müvafiq dövlət qurumları Veteran statusu almağına dəstəklərini əsirgəməyəcəklər. Odur ki, qeyd olunanları və ərizəyə əlavə olunan, erməni faşizminə qarşı mübarizəni, eləcə də döyüşlərdə fəal iştirakını təsdiq edən sənədləri göndərərək ona X7 adının verilməsinə qərar verilməsini xahiş etdiyini bildirsə də ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktublarla cavab verilərək, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğu bildirilmiş və sənədləri geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. İddiaçı sübut qismində şahid ifadələrini göstərmişdir. Mövcud qanunvericilikdə müvafiq komissiya tərəfindən şahid ifadələri əsasında vətəndaşlara “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2 maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 2il-Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli, 1343 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Lökbatan-2” yaşayış kompleksində bina 36, mənzil 14-də müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən 23-cü səhifəsində (xüsusi qeydlər) hissəsində Ağdam rayon hərbi komissarı Namiq Şirinov imzalı, möhürlü “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir. Əsas: Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/79 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon sakini İddiaçı özünümüdafiə dəstələrində iştirak edib-etməməsi, iştirak etdiyi halda bunu təsdiq edən sənədlər, o cümlədən həmin şəxsin döyüşlərdə iştirakını sübut edən digər sənədlər Ağdam Rayon İcra Hakimiyyətində mövcud deyildir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 saylı Qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında İddiaçı adı yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/395 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş “1988-ci ildən 1991-ci il tarixə qədər Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında İddiaçı adı göstərilmədiyindən məhkəməyə bu barədə müsbət cavab verilməmişdir. Lakin müəyyən olunmuşdur ki, yanlışlıq nəticəsində İddiaçı adı yuxarıda qeyd olunan siyahıda öz əksini tapmamışdır. Belə ki, İddiaçı məxsus hərbi biletin xüsusi qeyd hissəsində göstərilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2006-cı il tarixli, 3318 saylı arayışına əsasən İddiaçı Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonunun qərargah üzvü kimi fəal iştirak etmişdir. Odur ki, məhkəmənin icraatında olan müvafiq iş üzrə yekun qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınması xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 1993 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayonu üzrə könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı Xidmətin Aparatında mövcud deyil. Əlavə olaraq, Ağdam Rayon İcra Hakimiyəti tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı keçmir. İş materiallarına əlavə edilmiş Ağdam Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/534 nömrəli məktubda bildirilmişdir ki, Ağdam şəhər sakini, halhazırda ünvan 3 ünvanında yaşayan İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək onun 1-ci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstələrinin yaradılmasında və erməni hərbi birləşmələrinə qarşı aparılmış döyüşlərdə iştirakı ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub göndərilməsini xahiş etmişdir. Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş “1988-ci ildən 1991-ci il tarixə qədər Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında İddiaçı adı göstərilməmişdir. Lakin müəyyən olunmuşdur ki, yanlışlıq nəticəsində İddiaçı adı yuxarıda qeyd olunan siyahıda öz əksini tapmamışdır. Belə ki, İddiaçı məxsus hərbi biletin xüsusi qeyd hissəsində göstərilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2006-cı il tarixli, 3318 saylı arayışına əsasən İddiaçı Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonunun qərargah üzvü kimi fəal iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2459 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş vətəndaş İddiaçı dair məktubunuza baxılmışdır. Bildirilir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Belə ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə aidiyyəti komissiyasında baxıla bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 857 nömrəli məktubunda bildirilmişdir ki, NZ ******* nömrəli hərbi biletin 24-cü səhifəsində (xüsusi qeydlər) yazılan “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir” qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Həmin sənədlərin saxlama müddəti bitdiyi üçün Xidmətin Ağdam rayon şöbəsində arayış saxlanılmamışdır. Əlavə olaraq bildirilir ki, keçmiş Ağdam rayon Hərbi komissarlığının bir çox arxiv sənədləri işğal zonasında qaldığı üçün Xidmətin Ağdam rayon şöbəsində İddiaçı barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/782 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyətinin 2006-cı ilə dair sənədləri müddətin bitməsi ilə əlaqədar mövcud olmadığı üçün sorğuda adı göstərilən İddiaçı barəsində verilmiş Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 3318 saylı arayışının və həmin arayışın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 924 nömrəli məktubunda bildirilmişdir ki, NZ ******* nömrəli hərbi biletin 24-cü səhifəsində (xüsusi qeydlər) yazılan “fevral 1988-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonu qərargahının üzvü kimi fəal iştirak etmişdir” qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Həmin məlumatlar həqiqətən keçmiş Ağdam rayon hərbi komissarlığı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Əlavə olaraq bildirilir ki, keçmiş Ağdam rayon Hərbi komissarlığının bir çox arxiv sənədləri işğal zonasında qaldığı üçün Xidmətin Ağdam rayon şöbəsində İddiaçı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1N-17213 nömrəli məktubunda bildirilmişdir ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Təqdim olunmuş sənədlərə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə 1992- 1994-cü il tarixlərdə xidmət keçməyiniz barədə məlumat olmadığına və hərbi qulluqçu statusuna malik olmadığınıza görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə (İdarəsinə) müraciət etməyiniz məqsədəuyğundur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə gorə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, N/4507 nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixii 216 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Nəzərinizə çatdırılır ki, mövcud qanunvericilikdə müvafiq komissiya tərəfindən şahid ifadələri (izahatları, aktları) əsasında vətəndaşlara “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. Döyüş əməliyyatlarında iştirakınızı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Bu səbəbdən sənədləriniz ünvanınıza geri qaytarılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə görə hərbi qulluqçu statusu olmayan, döyüş əməliyyatlarında iştirak edənlərə müharibə veteranı adı və vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında verilir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi müharibə veteranı statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtinasından sonra xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə görə Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Sadalanan normalardan görünür ki, Əsasnaməyə görə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Qeyd edilən kateqoriya şəxslərə münasibətdə döyüş əməliyyatlarında iştirak aşağıdakı sənədlər əsasında müəyyən edilə bilər: -yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda); -hərbi biletlərdə qeydlər edilibsə (yalnız müvafiq əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); -ezam olunma barədə əmrlər; -xəsarət alma haqqında arayışlar. Hazırkı iş üzrə iddiaçı Ağdam rayonu üzrə könüllü müdafiə dəstələrinin yaradılmasının təşəbbüsçüsü, təşkilatçısı olmaqla həmin könüllü müdafiə dəstələrində fəal hərbi əməliyyatlarda, döyüşlərdə iştirak etdiyini iddia etmişdir.
1. Qeyd edildiyi kimi bilavasitə döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak ilk növbədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında müəyyən olunur. Hazırkı iş üzrə məhkəmə sorğusuna cavablardan görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən vaxtilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı qeyd edilməmişdir. Bu faktı həmçinin, məhkəmənin sorğusuna cavabda hazırkı Ağdam Rayon İcra Hakimiyyəti də təsdiq etmişdir. Beləliklə, iddaçının adı yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi Qarabağ özünümüdafiə dəstələrində iştirak etmiş Ağdam şəhər sakinləri”nin adlı siyahısında yoxdur. Bununla belə hazırkı yerli icra hakimiyyəti orqanı istər məhkəməyə, istərsə də məhkəmə icraatı gedişində cavabdeh orqana müraciət edərək yanlışlıq nəticəsində İddiaçı adının yuxarıda qeyd olunan siyahıda öz əksini tapmadığını qeyd etməsi yenə də hüquqi vəziyyəti iddiaçının xeyrinə dəyişməyə imkan vermir. Belə ki, qeyd edildiyi kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar yalnız döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda hüquqi əhəmiyyətə malik olur. Hazırkı halda iddiaçının özünümüdafiə dəstəsində fəal hərbi əməliyyatlarda iştirakını sübut edən sənədlər isə iş üzrə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etdiklərindən onların üzvlərinə silahların təhkimi müvafiq qeydiyyat kitablarına uyğun olaraq həmin silahların nömrə, model, təhkim edildiyi şəxsin ad, soyad, imza və s. göstərilməklə həyata keçirilmişdir. Hazırkı iş üzrə iddiaçıya fəal hərbi əməliyyatda iştirakı üçün könüllü özünümüdafiə dəstəsinin iştirakçısı kimi müvafiq silahın təhkim edilməsinə dair hər hansı sənəd aşkar olunmamışdır. Hazırkı Ağdam Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavabında iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlərin Rayon İcra Hakimiyyətində mövcud olmadığı bildirilmişdir. İddiaçının fəal hərbi əməliyyatların iştirakçısı kimi yaralanması, xəsarət alması ilə bağlı müvafiq sübut da iş materiallarına əlavə edilməmişdir. İddiaçı bununla bağlı Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş X6 İddiaçı 1992-ci ilin iyun ayında Naxçıvanik kəndi uğrunda döyüşlər zamanı aldığı qəlpə yarası ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına daxil olması və ona tibbi yardım göstərilməsinə dair izahatını təqdim etsə də qeyd edilən şahid ifadəsi iddiaçının bilavasitə döyüş əməliyyatında iştirak etdiyi və bu səbəbdən yaralandığını sübut etməyə kifayət etmir. Yuxarıda qeyd edilən Əsasnamədə müharibə veteranı adı və vəsiqəsinin verilməsində nəzərə alınan sübutlar sırasında şahid ifadələri nəzərdə tutulmamışdır. Qeyd edildiyi kimi Əsasnamə xəsarət almanı hər hansı şahid ifadəsi ilə deyil, müvafiq arayışlar-tibbi sənədlər, epikriz, stasionar və ya ambulator müalicə barədə tibb tarixçəsindən çıxarış və s. sənədləri ilə təsdiq edilməni ehtiva edir. İddiaçının yaralanmasına dair adı çəkilən tibbi sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır
2. Bundan əlavə yuxarıda da göstərildiyi kimi iddiaçının, eləcə də hazırkı Ağdam rayon İcra Hakimiyyətinin məhkəməyə və cavabdehə ünvanladığı məktublarda, istərsə də hazırkı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin istinad etdikləri iddiaçıya məxsus hərbi biletdə İddiaçı Ağdam şəhəri üzrə özünümüdafiə dəstələrinin yaradılmasında, onların döyüş bölgələrində yerləşdirilməsində və Ağdam şəhərinin müdafiəsində Ağdam rayonunun qərargah üzvü kimi fəal iştirak etməsi barədə qeydlərdir. Sözügedən qeydlər Ağdam rayon komissarlığının imza və möhürü ilə təsdiq edilsə də (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi hərbi biletdəki qeydlərdə imza və möhürün həqiqətən keçmiş Ağdam rayon hərbi komissarlığı tərəfindən imza və möhürlə təsdiq olunduğunu bildirmişdir) həmin qeydlər Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışı əsasında yazılmışdır. Beləliklə, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən əsas və yeganə rəsmi yazılı mənbə hərbi biletdə qeyd edilmiş Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 3318 nömrəli arayışıdır ki, nə adıçəkilən arayış, nə də belə bir arayışın tərtib edilməsinə əsas vermiş müvafiq sənədlər məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Qeyd edilməlidir ki, hərbi biletdəki həmin qeydlərdən görünür ki, qeydlər məzmunca iddiaçının “döyüş təminatı” ilə bağlı tədbirlərin yerinə yetirilməsini ehtiva etmişdir. “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası isə bilavasitə döyüş əməliyyatları aparan özünümüdafiə dəstələrinin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, həmin dəstələrin döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş (silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı və s. kimi) kompleks tədbirləri əhatə edir ki, belə bir təminatın yerinə yetirilməsində iddiaçının iştirakı mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova