Məhkəmə qərarları › İş №2-1(112)-4596/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4596/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4596/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 898 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə iddiaçının istifadəsinə verilmiş 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi üzərində sahiblik hüququnun təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X1 və X5 bağlar sahəsindəki 89 nömrəli kooperativinin 65 nömrəli orderi ilə istifadəsinə verilmiş 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 898 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi ayrılaraq iddiaçının sərəncamına verilmişdir. Tərəfindən iddiaçıya göstərilmiş sahə həmin dövrdə 10 daş hündürlükdə hasara alınmış və hal-hazıradək istifadəsindədir. İddiaçının xx.xx.2010-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2554 sayla qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üzrə müraciətinə "bağların bölgüsünə dair sxematik planda öz əksini tapmamışdır və sözügedən bağ sahəsinin arxiv cizgiləri arxiv materiallarında yoxdur" səbəbi ilə xx.xx.2010-cu il tarixli 04/29894 saylı məktubla imtina edildiyi bildirilmişdir. Lakin bağ sahəsinin bağların bölgüsünə dair sxematik planda öz əksini tapmaması və arxiv cizgilərinin arxiv materiallarında saxlanılmaması iddiaçının hüquq və vəzifələrinə aid deyil. Bağ sahəsi iddiaçının adına Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsində müvafiq qaydada "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə (YVÖK 10011VMH269L)" ilə qeydiyyata alınaraq 2000-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə müvafiq torpaq vergisi borcunu tam ödəmişdir. Həmin sahənin iddiaçının istifadəsində olması və vergi borcunun tam ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2021-ci il tarixli BRB/840 saylı arayışı ilə bir daha təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əsaslarında saxlanılmış məktub daxil olma tarixindən 5 ildən artıq vaxt keçdiyi və saxlanma müddəti başa çatdığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir. Bu səbəbdən iddiaçının müraciətini araşdırmaq mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibatiakt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu,Göradil qəsəbəsində yerləşən 1200 kv.metr-dən ibarət 269L N-li bağ sahəsi üzrə YVÖK:10011VMH269L verilmişdir. Həmin torpaq sahəsi üzrə xx.xx.2021-ci il tarixinədək yaranmış torpaq vergi borcunu Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə tam ödəmişdir və bağ sahəsi onun istifadəsindədir. - Binəqədi bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, 10011VMH269L eyniləşdirmə kodu ilə iddiaçı yerli büdcənin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir k, “Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 269L saylı bağ sahəsinə dair müvafiq cizginin alınması ilə əlaqədar İdarəyə təqdim etdiyiniz xx.xx.2010-cu il tarixli 2554 saylı ərizənizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, İdarənin mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 269L saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik planda öz əksini tapmayıb və sözügedən bağ sahəsinin arxiv cizgiləri arxiv materiallarında yoxdur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.” - X2 və İstismarı Birliyinin verdiyi 65 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 06 iyun 1992-ci il tarixli, 898 saylı qərarına əsasən iddiaçıya Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bağ sahəsi ayrılmışdır. - X8 ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X2 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34372 nömrəli müqavilənin surətindən görünür ki, Binəqədi rayon Goradil bağlar sahəsindəki 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. - Bağlar Təsərrüfatı İdarəsinin verdiyi 145 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 3.09.1993-cü il tarixli 1609 №-li qərarına əsasən X6 Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269L nömrəli bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 398 saylı sərəncamına əsasən Binəqədi rayon Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində bağ sahəsi iddiaçıya ayrılmışdır. - xx.xx.1989-cu il tarixli Goradil bağlar sahəsindəki 89 nömrəli BTK-nın üzvlərinin siyahısından görünür ki, iddiaçının adı siyahıda öz əksini tapmamışdır. - “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 139 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Goradil bağlar sahəsində yaradılmış 89 nömrəli BTK nəzdində 65 nömrəli order ilə iddiaçının istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi olan 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik planda aşkar olunmadığı üçün məktubda qoyulmuş sualla bağlı araşdırma aparmaq mümkün olmadı. - Goradil bağlar sahəsinin bağların bölgüsünə dair sxematik planından görünür ki, 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik planında yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası aşağıdakılara görə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra hakimiyyəti başçısının (orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 06 iyun 1992-ci il tarixli, 898 saylı qərarı yazılmışdır) 06 iyun 1992-ci il tarixli, 898 saylı sərəncamına əsasən X2 və İstismarı Birliyinin verdiyi 65 nömrəli orderə əsasən iddiaçıya Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “л” nömrəli bağ sahəsi ayrılmışdır. İşdə olan sənədlərə görə iddiaçının adı Goradil bağlar sahəsindəki 89 nömrəli xx.xx.1989-cu il tarixli BTK-nın üzvlərinin siyahısında öz əksini tapmamışdır. Eyni zamanda 269 “L” nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. Bu fakt iş üzrə alınmış mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən isə Bakı şəhər İcra Hakimiyyətinin 3.09.1993-cü il tarixli 1609 №-li qərarına (orderdə qeyd edildiyi kimi) Bağlar Təsərrüfatı İdarəsinin verdiyi 145 nömrəli orderə əsasən X6 Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan eyni nömrəli 269L nömrəli bağ sahəsi ayrılmışdır. Daha sonra isə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X2 və İstismarı Birliyi ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 34372 nömrəli müqaviləyə görə həmin bağ sahəsi X4 istifadəsinə verilmişdir. Həmin sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belə olan halda hazırki işdə eyni bag sahəsinə qüvvədə olan iki bərabər hüquqlu hüquqmüəyyənedici sənəd olduğu üçün iddiaçının iddia tələbinin təmin edilməsi və icra edilməsi mümkün deyil. Belə ki, həmin sənəd üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçüncü şəxsin hüquqlarının məhdudlaşdırılmasına və gələcəkdə onun hüquqlarının pozulmasına səbəb ola bilər. Çünki həmin sərəncam səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Odur ki, iddiaçı ona order əsasında ayrılmış bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırdıqdan, yaxud da üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirdikdən sonra yeni əsaslı tələblə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün digər əsasları ilə baglı məhkəmə prosessual qənaət prinsipinə uygun olaraq araşdırma aparmagı zəruri saymır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar