Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4596/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi və əlavələr nəzərə alınmaqla pensiyanın buna uyğun hesablanması, xx.xx.2022-ci ildən bu günədək (2 il 7 ay) pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində əmək fəaliyyətinə başlamış və xx.xx.2015-ci ilədək fasiləsiz olaraq Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, qrup rəhbəri, büro rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləmişdir. xx.xx.2022-ci il tarixindən pensiyaya çıxmış, lakin pensiyası hesablanarkən Baş Hesablama Mərkəzindəki xidmət illəri dövlət qulluğu kimi nəzərə alınmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, X2 xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 1982-2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. Azərbaycan SSR Dövlət Statistika Komitəsinin “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli qərarı haqqında” 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci hissəsinin dördüncü abzasına əsasən Naxçıvan MSSR-da müvafiq statistika idarəsi və məlumathesablama xidməti üzrə təsərrüfat hesablı birliklərinin əsasında Naxçıvan MSSR statistika idarəsi yenidən təşkil edilmişdir. Həmin əmrin 2-ci hissəsinin 10-cu abzasına əsasən statistika idarələrinin və şöbələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birlikləri) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı prinsipi əsasında həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. Əlavə olaraq bildirilir ki, “Azərbaycan SSR Dövlət Statistika Komitəsi strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1 noyabr 1988-ci il tarixli 389 nömrəli qərarı ilə təsdiq edilmiş strukturuna əsasən Baş Hesablama Mərkəzi Komitənin Aparatında deyil, yanında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 1995-ci il tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 14-cü hissəsinə əsasən Baş Hesablama Mərkəzi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sistemində fəaliyyət göstərmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 6 noyabr 1995-ci il tarixli 238 saylı Qərarı haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 noyabr 1995-ci il tarixli 234/T nömrəli əmrinin 4-cü bəndinə əsasən Baş Hesablama Mərkəzi təsərrüfat hesabı ilə fəaliyyət göstərmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1982-2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2010-cu il tarixli 91 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Aparatı və rayon (şəhər) statistika idarələri (şöbələri) nəzərdə tutulmuşdur. Həmin Qərarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun dövlət qulluğu stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İddiaçı xx.xx.1982-xx.xx.2015-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, qrup rəhbəri, büro rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işlədiyini və həmin vəzifənin dövlət qulluğu kateqoriyasına aid olduğunu iddia edir. X2 yuxarıda istinad edilən xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi, 1982- 2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4596/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4596/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver