Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4597/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə 02 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 nömrəli qərarın ləğv edilməsi, əmək pensiyasının xx.xx.2024-cü il tarixinə olan səviyyəsində bərpa edilməsi və həmin tarixdən etibarən ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1966-cı il tarixdə doğulmuşdur. O, 1983-cü ildən 1986-cı ilədək Buquruslan Mülki Aviasiya Uçuş Məktəbində təhsil almış, 30 iyul 1986-cı il tarixindən 09 iyun 1993-cü il tarixinədək Azərbaycan Mülki Aviasiyasının Yevlax uçuş dəstəsində (aviaotryad) AN-2 təyyarəsinin 2-ci pilotu, 18 iyun 1993-cü il tarixdən 01 aprel 1997-ci il tarixinədək Bakı “AZALAVİA” nəqliyyat aviakompaniyasmda TU-134 təyyarəsinin 2-ci pilotu, 01 aprel 1997-ci il tarixdən 16 fevral 1999-cu iul tarixinədək həmin aviakompaniyada TU-154 təyyarəsinin 2-ci pilotu, 16 fevral 1999-cu il tarixdən 14 iyun 2004-cü il tarixinədək həmin kompaniyanın TU-134 hava gəmisinin kapitanı, 16 iyun 2004-cü il tarixdən 13 sentyabr 2006-cı il tarixinədək ‘‘Azərbaycan Hava Yolları” X1 Aviasiya Şirkətində “İL-76 H6” hava gəmisinin 2-ci pilotu, 14 sentyabr 2006-cı il tarixdən 16 oktyabr 2017-ci il tarixinədək "xxxx" MMC Aviaşirkətinin uçuş dəstəsində İL-76 tipli hava gəmisinin kapitanı vəzifələrində işləmiş, 18 oktyabr 2017ci il tarixindən bu günə kimi “X2 Aviaşirkəti” MMC-nin uçuş dəstəsində Boeinq 747-400 tipli hava gəmisinin 2-ci pilotu vəzifəsində işləyir. 16 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan əmək fəaliyyətinə davam etdiyinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 16 oktyabr 2011-ci il və 16 oktyabr 2017-ci il tarixlərində aylıq pensiya haqqı məbləği yenidən hesablanaraq artırılmışdır. İddiaçıya təyin edilmiş pensiya haqqınının, qanunvericiliyin tələblərinə uyğun olaraq, 16 oktyabr 2023-cü il tarixdən etibarən yenidən hesablanmaqla artırılması barədə cavabdehə 05 mart 2024-cü il tarixli müraciətinə 317-1 /2-A-78871/2024 saylı 05 aprel 2024-cü il tarixli məktubda bildirilmişdir ki, pensiya yenidən hesablanmış və aylıq pensiya haqqı məbləği artırılaraq 10224,87 manata çatdırılmışdır. Həmin məbləğ iddiaçıya yalnız bir dəfə, cari ilin aprel ayında ödənmiliş, may ayından etibarən isə pensiyanın aylıq məbləği kəskin azaldılaraq 5400 manat olmaqla ödənilir. Bu barədə iddiaçıya SMS göndərilərək bildirilmişdir ki, keçmiş dövr üçün aylıq pensiya haqqı məbləği düzgün hesablanmadığı üçün may ayından etibarən pensiyanın aylıq məbləği 5400 manat təşkil edəcəkdir. Lakin, bu barədə iddiaçıya heç bir açıqlama verilməmiş, pensiyanın azaldılmasının səbəbləri barədə məlumatlandırılmamışdır. İddiaçı hesab edir ki, pensiyanın kəskin azaldılması qanunsuz və əsassızdır, ona görə də aylıq pensiya haqqı məbləği yenidən, obyektiv, dəqiq hesablama aparılmaqla müəyyən edilməli, yəni əvvəlki səviyyəsinə çatdırılmaqla ödənilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xx.xx.2023-cü il tarixdə yenidən hesablanaraq 4636,42 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 5155,70 manat) məbləğində müəyyən edilməli olduğu halda, 6403,62 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Bununla bağlı iddiaçıya məlumat verilərək, “İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 25 iyun 2024-cü il tarixədək mülahizələrinin və eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək olan dövr ərzində artıq ödənilmiş 5697,45 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığının alınmasının zərurəti barədə bildirilmişdir. İddia ərizəsinin “əvvəlki 10224.87 manat pensiya məbləğinin bərpa edilməsi” hissəsinə münasibətdə bildirilir ki, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3696/2024 nömrəli qərarla yenidən hesablanaraq 10224,87 manat təşkil etmiş, həmin qərar isə ləğv edilmişdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 299640,18 manat sığorta kapitalına görə (299640,18:219 ay (63 il 6 ay-51 il 3 ay= 147 ay+(144 ay-72 ay)=1368,22 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2247,22 manatdan 3615,44 manata (2247,22+1368,22) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 6082,85 manat) artırılıb. Əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməyilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 224076,96 manat sığorta kapitalına görə Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada (224076,96:72 ay (144 ay -72 ay)=3112,18 manat) əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 6082,85 manatdan 9195,03 manata (6082,85+3112,18) artırılıb. İddiaçının əmək pensiyası Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 3696/2024 nömrəli qərar ilə xx.xx.2024-cü il tarixdən 10224,87 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5212/2024 nömrəli qərarla xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-3696/2024 nömrəli qərar etibarsız hesab edilərək ləğv edilmiş, əmək pensiyası yenidən hesablanmış, 7120,83 manata azaldılmışdır. Daha sonra isə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-9005/2024 nömrəli qərarında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3696/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-5212/2024 nömrəli qərarlar etibarsız hesab edilərək, ləğv edilmişdir. İddiaçının müraciəti əsasında əmək pensiyasının xx.xx.2023-cü il tarixdə yenidən hesablanan zaman əmək pensiyası xx.xx.2022-ci il tarixədək təyin edildiyindən pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaması nəticəsində əmək pensiyasının məbləği 4636,42 manat olmalı olduğu halda, (hansı ki 01.01,2024-cü il tarixdən indeksləşdirilərək 5155,70 manat olmuşdur) 6403,62 manat müəyyən edilmişdir. İddiaçıya xx.xx.2007-ci il tarixdən pensiya təyin olunmasına baxmayaraq, yuxarıda qeyd edildiyi qaydada, yəni, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 165 aya (225319,05:165(65 il-57 il 3 ay+93 ay+(144 ay- 72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Bununla da, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində ödənilmiş pensiya məbləği qanunvericiliyə uyğun qaydada hesablanmadığından dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirilərək, həmin 5155,70 manat vəsait artıqödənilmiş məbləğ kimi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1966-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-3696/2024 nömrəli qərarına əsasən iddiaçının ilkin aldığı pensiya məbləği 6764,13 manat, yenidən hesablanmış pensiya məbləği 10224,87 manat olmuşdur. Yenidən hesablanmanın əsası - 6 illik müddət olmuşdur. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-5212/2024 nömrəli qərarına əsasən iddiaçının aldığı pensiya məbləği 10224,87 manat, yenidən hesablanmış pensiya məbləği 7120,83 manat olmuşdur. Yenidən hesablanmanın əsası – 39.1-ci maddəsidir. xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3696/2024 nömrəli qərarı etibarsız hesab olunmuşdur. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-9005/2024 nömrəli qərarına əsasən iddiaçının aldığı pensiya məbləği 7120,83 manat, yenidən hesablanmış pensiya məbləği 5155,70 manat olmuşdur. Yenidən hesablanmanın əsası – 37.3.1-ci maddəsidir. 3-17-1/3-3-3696/2024 nömrəli və 3-17-1/3-3-5212/2024 nömrəli qərarları etibarsız hesab olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və həmin inzibati aktın yaratdığı nəticələrin aradan qaldırılmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Göründüyü kimi Qanunda həmin Qanunun 9-cu maddəsinə əsasən xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır İşin faktiki hallarından isə görünür ki, iddiaçıya əmək pensiyası xx.xx.2007-ci il tarixdə təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Göstərilən Məhkəmə qərarlarının tələblərindən də göründüyü kimi, hazırki növ mübahisələr üzrə cavabdehin əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiqi qanunsuz hesab edilmiş, adıçəkilən Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmalı olduğu qeyd edilmişdir. Adıçəkilən müddəanın tələbindən isə görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Qeyd olunan səbəbdən Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə də formalaşmış mövqeyi nəzərə alınmalı və əmək pensiyasının azaldılmasına dair qərar ləğv edilməlidir. Bundan başqa Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, pensiyanın yenidən hesablanması barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktın ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisələndirilən qərarın ləğvi dedikdə əvvəlki pensiya məbləği və hesablama qaydasının bərpa edilməsi, hər hansı pul məbləği tutulmuşsa onun geri qaytarılması, o cümlədən qərarın icrası ilə bağlı iddiaçıya münasibətdə bütün mənfi nəticələrin aradan qaldırılması ehtiva edilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv edilməklə yanaşı həmçinin iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixinə olan səviyyədə bərpa edilməli və ödənilməli olan pul vəsaitlərin ona ödənilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə 02 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 nömrəli qərar ləğv edilsin. İddiaçı əmək pensiyasının xx.xx.2024-cü il tarixinə olan səviyyəsində bərpa edilməsi və həmin tarixdən etibarən iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4597/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4597/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver