Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4598/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə qarşı X2, X10, X17 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, üçüncü şəxslər X1, X7, X5, X11, X3, X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4598/2021 saylı, 1 mart 2021-ci il tarixli qərardadı ilə X2, X10, X17, X13, X14, X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin iddiaçı, cavabdeh və 3-cü şəxslər tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanından X2, X10, X11 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı şərq küçəsi, Hərbi şəhərcik ev 105, 6 saylı saylı mənzilə mülkiyyət hüququ əldə etmiş, lakin bugünədək mənzili satan şəxs X2 və ailə üzvləri qeydiyyatdan çıxmamışdır. Yasamal RPİ-nə müraciət edərək həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Yasamal rayon polis idarəsi “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığını əsas gətirərək müraciətini təmin etməkdən imtina etmişlər. İddiaçı Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yerin onun yaşayış yeri sayıldığını həmçinin Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yer və olduqları yer üzrə qeydiyyata alınmalı olduqlarını bildirərək, Bakı şəhəri, Yasamal RPİ-nin imtinasının əsassız olduğunu, ərizədə göstərilən şəxslərin pasport qeydiyyatından çıxarılmalı olduqlarını qeyd etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər və cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26.06.2021-ci il tarixli 091-33779 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 16.10.2012-ci il tarixdə X2 ilə bağlanmış mənzil bağışlama müqaviləsi əsasında ünvan 3 ünvanına mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı 3-cü şəxslər X1, X5, X11 mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 16.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı başqa X2, X15, X6, X14, X10, X17 Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik ev 105, 6 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23.02.2021ci il tarixli, 10532T-3221 saylı məktubda qeyd edilir ki,“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarında olan, seriya SX ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən daxil olmuş çıxarışdan görünür ki, ümumi sahəsi 37.16 kv/metr olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı şərq küçəsi, Hərbi şəhərcik ev 105, 6 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçın adına daşınmaz əmlakın dövlət reyestrində 456 nömrəli reyestr kitabının 42490 nömrəli vərəqində **********7 nömrəsi ilə 02.11.2012-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 28 mart 2021-ci il tarixli, **********00 saylı cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı şərq küçəsi, Hərbi şəhərcik ev 105, 6 saylı mənzilə dair X1, X7, X4, X8, X5, X11 istifadə hüququnun qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş sorğuya cavab olaraq 03 mart 2021-cil tarixli, 018-3095-1221 saylı cavab məkubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında X17 01.12.2004-ci il tarixdən, X6 16.12.2004-cü il tarixdən, X14 29.08.2015-ci il tarixdən, X10 14.07.2003-cü il tarixdən, X2 14.01.2002-ci il tarixdən, X12 16.07.2012-ci il tarixdən hal-hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə onlar məhv edilmişdir. İş üzrə araşdırma zamanı 16.10.2012-ci il İddiaçı ilə X2 arasında 4Ə-715 reyestr nömrəli bağışlanma müqaviləsinə dair notariat işi tələb edilmişdir. Bakı şəhəri 15 saylı Notariat ofisindən daxil olmuş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, X2 öz iradə ifadəsini göstərərək sözügedən mənzili hazırki iddiaçıya bağışlamış, həmin mənzildə qeydiyyatda olan X10 və X17 da mənzilin bağılanmasına, satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişlər. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ, həmçinin onların qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Həmçinin, əmlakı bağışlayan şəxs öz iradə ifadəsini nümayiş etdirərək notarial qaydada müqaviləyə imza etmiş, digər 3-cü şəxslər də mənzilin bağılanmasına etiraz etməmişdirlər. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X2, X10, X11 Bakı şəhəri, Yasamal rayonu, Qırmızı şərq küçəsi, Hərbi şəhərcik ev 105, 6 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri , Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı şərq küçəsi, Hərbi şəhərcik ev 105, mənzil 6 ünvanından üçüncü şəxslər X2, X10, X11 qeydiyyatdan çıxarılması vəzifəsi Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4598/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4598/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver