Məhkəmə qərarları › İş №2-1(112)-4599/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4599/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4599/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X4 ilkin ərizə ilə İcra Hakimiyyətinə müraciət etdiyi tarixdən “Qarabağ müharibəsi əlili” kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X9 Azərbaycan Respublikası ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə yaralanaraq İİ dərəcəli Qarabağ müharibəsi əlili olmuşdur. Bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatın verilməsi haqqında arayış təsdiq edir. O, 2019-cu ildə Qarabağ əlili kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilməsi üçün bütün sənədləri toplayaraq ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sənədləri təqdim etdikdən sonra sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, o miokart infaktı keçirmişdir. Uzun müddət xəstə yatmış, daimi müalicələr almışdır. Ona görə də gedib mənzil növbəsinə qəbul barədə İcra Hakimiyyətindən məlumat ala bilməmişdir. Uzun sürən xəstəliklərdən sonra M.H.Rəhimov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Pandemiya zamanı olduğundan iddiaçı növbə məsələsi ilə maraqlana bilməmişdir. Daha sonra İcra Hakimiyyətinə müraciət edərək həyat yoldaşının mənzil növbəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bu zaman məlum olmuşdur ki, mərhum həyat yoldaşı X9 mənzil növbəsinə qəbul edilməmişdir. Qeyd etmişdir ki, mənzil növbəsinə qəbuldan imtina olunması ilə bağlı onlara heç bir rəsmi məktub gəlməmişdir. Bundan sonra o yenidən Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, həyat yoldaşının 2019-cu ildən, yəni ərizə verdiyi zamandan mənzil növbəsinə qəbul edilməsi, daha sonra da vəfatı ilə əlaqədar mənzil növbəsinin iddiaçının adına keçirilməsi ilə bağlı sərəncam qəbul edilməsini xahiş etmişdir. Həmin müraciətə xx.xx.2023-cü il tarixli 5-11/2-R-78-068/23 saylı məktubla imtina edilmişdir. Hesab edir ki, Xətai rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır. Belə ki, 2019-cu ildə məhrum həyat yoldaşının sağ ikən müraciət etdiyi zaman, İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilməmişdir. O, həmin dövrdən mənzil növbəsinə qəbul edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı X3 iddia ərizəsində mərhum həyat yoldaşı X4 ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etdiyi tarixdən Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. İddiaçı X1 mərhum həyat yoldaşı X9 xx.xx.2019-cu il tarixdə ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, 2-ci dərəcə Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir, lakin təqdim olunan sənədlərdə ziddiyyət yarandığından xx.xx.2019-cu il tarixli, R-28-068 saylı məktubla mərhum X9 rayon icra Hakimiyyətinə dəvət olunmasına baxmayaraq o, qəbulda olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 saylı qərarına əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin növbəlilik onun ailə üzvlərinin adına keçirilə bilər. Araşdırma zamanı Xətai rayonu G.Şıxlinski küçəsində yerləşən yaşayış sahəsi 46.70 kv.m olan 2 nömrəli evin, 48 saylı mənzili iddiaçı X1 şəxsi mülkiyyətində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 08475733 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş İİİ - ЖГ 348749 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə X2 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983cü il tarixdə 616 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 075869 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsəsi arvadı İddiaçıdır. İş materiallarına əlavə edilmiş çap tarixi xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 ikinci dərəcəli əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının müdafiəsi ilə əlaqədardır. Təyinat xx.xx.2003-cü il tarixində verilib. Müddətsizdir. Diaqnoz: Sol budun aşağı hissəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol budun arteriya və venalarının zədələnməsi. Şüalanmadan sonrakı vəziyyət. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş inzibati icraat materiallarının surətindən görünür ki: -Vət.X9 xx.xx.2019-cu il tarixdə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək onun 2-ci (ikinci) qrup Qarabağ əlili kimi güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Bakı ş. Xətai Rayon İcra Hakimiyyətinin Mənzilkommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil-kommunal İstismar sahəsinin xx.xx.2019-cu il tarixli, 04 nömrəli Arayışına əsasən X9 ünvan 2 ünvanında 6 nəfər ailə tərkibində (özü, İddiaçı-arvadı, E.M.Əlizadə-qızı, H.M.Rəhimov-oğlu, N.N.Rəhimova-gəlini, Z.H.Rəhimlinəvəsi) qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********36 nömrəli arayışa əsasən İddiaçı adına ünvan 2 (3 otaq, ü/s 64.83 kv.m., y/s 46.70 kv.m.) xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. -Xətai Rayon İcra Hakimiyyəti Vət.X6 ünvanladığı xx.xx.2019-cu il tarixli R-28-068 nömrəli məktubunda bildirmişdir ki, Sizin Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizin mahiyyəti üzrə araşdırılması üçün hüquqi sənədlərinizdə Xətai rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinə gəlməyiniz xahiş olunur. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-40741/23 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********53 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.1991-ci il tarixli, 020455 nömrəli Orderə əsasən ünvan 6, sıra 10-dan 3 otaqlı 46,7 kv.m. sahəsi olan mənzil İddiaçı 5 nəfər ailə tərkibində İddiaçı (özü), Rəhimov.M.H- (əri), Rəhimova Ş.M. (qızı), Rəhimova Ə.M. (qızı), Rəhimov H.M.(oğlu) istifadəsinə verilmişdir. -X11 notarial qaydada təsdiqlənmiş xx.xx.2004-cü il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 6-in həyat yoldaşı İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********11 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanı xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-R-78-068/23 nömrəli məktubunda bildirilmişdir ki, Sizin mənzil növbəsi ilə əlaqədar ərizənizə rayon İcra Hakimiyyətində baxılmışdır. Ərizənizdə vəfat etmiş Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi güzəştli mənzil növbəsinə alınmağınıza müvafiq köməklik göstərilməsini xahiş edirsiniz. Araşdırma zamanı, mərhum h/yoldaşınız Mövsüm Rəhimovun rayon icra Hakimiyyətində yaşayış yeri üzrə güzəştli mənzil növbəsində olmadığından xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydalarının: -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. -2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. -2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Sadalanan normaların tələblərindən müəyyən olunur ki, qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxsin vəfat etdiyi halda həmin uçotun onun ailə üzvlərindən birinin adına keçirilməsini mümkün sayır. Məhkəmə hesab edir ki, nə qədər ki, iş üzrə iddiaçı vəfat etmiş müharibə əlili X4 ailə üzvü, qanun üzrə vərəsəsi olmuş, M.H.Rəhimov vəfat etməzdən öncə mənzil növbəliyinə götürülmə barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə mahiyyəti üzrə cavab verilmədən vəfat etmişdir, bu halda İddiaçı vəfat etmiş əlilin ailə üzvü olaraq mərhumun mənzil növbəliyinə götürülməsi və eyni zamanda onun mənzil növbəliliyinin özünün adına keçirilməsini tələb etməyə subyektiv hüququ vardır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü X9 xx.xx.2003-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının müdafiəsi ilə əlaqədar müddətsiz əlil olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X10 xx.xx.2019-cu il tarixdə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək onun 2-ci (ikinci) qrup Qarabağ əlili kimi güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh inzibati orqan M.H.Rəhimovun müraciətini yoxlayaraq ona müraciətin təmin edilməsi və ya edilməməsi barədə mahiyyəti üzrə cavab verməmiş, yalnız inzibati orqan müraciətə baxılması ilə əlaqədar xx.xx.2019-cu il tarixli, R-28-068 saylı məktubla sənədlərin araşdırılması ilə əlaqədar X7 inzibati orqana dəvət etmişdir. X4 xx.xx.2019-cu il tarixli müraciətinə cavab verilmədiyini, iddiaçının hüquqi marağının mərhumun yaşayış yeri üzrə uçota alınması və həmin mənzil uçotunun onun adına keçirilməsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda iddianın əsaslılığı X4 xx.xx.2019-cu il tarixli müraciəti zamanı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə əlaqədar təqdim etdiyi sənədlər əsasında yoxlanılıb qiymətləndirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Sadalanan normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Bu zaman təkcə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İnzibati icraat zamanı M.H.Rəhimovun təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı ünvan 6 ünvanında qeydiyyatda olmuş, həmin mənzil arvadı İddiaçı adına Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı əsasında xx.xx.1991-ci il tarixli, 020455 nömrəli orderlə 5 nəfər ailə tərkibində istifadələrinə verilmiş, orderdə mərhum M.H.Rəhimovun adı qeyd edilmiş, daha sonra mənzil həm də X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2004-cü il tarixli ərizəsi əsasında arvadı İddiaçı adına xx.xx.2004-cü il tarixdə özəlləşdirilmişdir. Sözügedən mənzil 2019-cu il tarixdə müraciət zamanı, həmçinin hazırda da İddiaçı mülkiyyətindədir. 2019-cu il tarixli müraciət zamanı Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil-kommunal İstismar sahəsinin xx.xx.2019-cu il tarixli, 04 nömrəli arayışından müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında X9 6 nəfər ailə tərkibində qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarından müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil 3 otaqlı olmaqla ümumi sahəsi 64.83 kv.m-dir ki, bu da Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 50.2-ci maddəsinin tələbi baxımdan X9 da daxil olmaqla 6 nəfər ailə üzvü üçün qanunla nəzərdə tutulmuş normadan - 48 kv.m-dən (6nəfər x 8 kv.m) artıq olmuşdur. Başqa sözlə, sözügedən mənzilin ümumi sahəsi əlilin ailə üzvlərinin adambaşına düşən uçot norması tələbinə cavab verir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, mərhum X4 2019-cu il tarixdə müraciəti zamanı ailə üzvü-arvadı X1 şəxsi mülkiyyətində mənzil olmaqla yanaşı, mülkiyyətdə olan mənzilin ümumi sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas verməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar