Məhkəmə qərarları › İş №2-1(112)-460/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-460/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-460/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi göstərilməklə “Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti tərəfindən iddiaçının adına verilmiş 09-07-2019-cu il tarixli, 100505/0880850 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti tərəfindən iddiaçının adına verilmiş 09-07-2019-cu il tarixli, 100505/0880850 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti “İqtisadiyyat” ixtisasını bitirmişdir. Bu barədə 100505/0880850 saylı müvafiq diplomu almışdır. Diplomu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair 17.08.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2020-ci il tarixli, ********** saylı məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində Eksperrt Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyə (bakalavr diplomu üzrə) və hazırlıq səviyyənin Azərbaycan Respublikasının təhsil standartlarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı 4 il müddətində əyani təhsil almışdır. Təhsil aldığı müddətdə bütün imtahanları özü vermişdir. Rus dilini və ixtisasını yaxşı bilir. Lakin Təhsil Nazirliyinin Ekspert Qrupu iddiaçıya yanlış qərar vermişlər. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə ona şəxsi kabinetinə 21.10.2020-ci il tarixində göndərilən müvafiq cavab məktubu ilə məlumat verilmişdir. İddiaçının tədris dilini tam səvəyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-ci mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini, M.M.Cambulatov adına X5 Universitetinin 09.07.2019-cu il tarixli 100505 ******* nömrəli bakalavr diplomun və diploma əlavəsinin təsdiq olunmuş surətləri və Elektron ərizə sistemindən çıxarışı təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə Elektron ərizə sistemindən çıxarış, elektron imtina məktubu və DVD disk təqdim olunmuşdur. Məhkəmənin 10 fevral 2021-ci il tarixli qərardadı ilə, hazırkı mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti tərəfindən İddiaçı adına verilmiş 09-07-2019-cu il tarixli, 100505/0880850 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Ağentliyinə təqdim edilməsi üçün İddiaçı 15 gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Təhsildə Keyfiyyət Təminatı Ağentliyinə 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.09.2021-ci il tarixli, 00-03-419/TKTA nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2-1(112)-2491/2021 saylı qərardadına əsasən xarici ali təhsil ixtisasınızın ölkə ərazisində tanınması məsələsinə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən baxılır. Belə ki, məhkəmə qərardadının icrası məqsədilə tədris dili üzrə bilik səviyyənizin qiymətləndirilməsi üçün təşkil edilən müsahibədə iştirakınız zəruridir. Məlumat üçün bildiririk ki, məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq şəxsi elektron kabinetiniz yenidən aktivləşdirilmiş və müsahibə barədə müvafiq məlumatlar kabinetinizdə yerləşdirilmişdir. Xatırlatmaq istərdik ki, ölkə ərazisində karantin rejimi qüvvədə olduğundan vətəndaşların birbaşa qəbulu dayandırıldığı üçün masahibələr onlayn qaydada “Zoom” platforması üzərindən həyata keçirilir. Bu səbəbdən Agentlik ilə əlaqə saxlamağınızı və təşkil ediləcək müsahibədə iştirak etməyinizi xahiş edirik. Qeyd edək ki, müsahibədə iştirak etmədiyiniz təqdirdə, məhkəmə qərardadının icrasının mümkün olmadığı barədə Bakı İnzibati Məhkəməsinə məlumat veriləcəkdir.” Cavabdehin məhkəmənin qəradadının icrası ilə bağlı ünvanladığı 21 yanvar 2022-ci il tarixli, 00-05-60/TKTA saylı məktubunda bildirilmişdir ki, iddiaçının aldığı ixtisas üzrə tədris dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə 29.03.2021-ci il tarixində müsahibənin təşkil edilməsi barədə məlumat həmin şəxsin elektron ünvanına, mobil nömrəsinə, həmçinin müsahibədə iştirakın təmin edilməsinə dair rəsmi müraciət ərizəçinin qeydiyyat ünvanına göndərilmiş, lakin iddiaçı müsahibədə iştirak etməmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının təhsil aldığı M.M.Cambulatov adına X3 Aqrar Universitetində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etdi ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti tərəfindən iddiaçının adına verilmiş 09-07-2019-cu il tarixli, 100505/0880850 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Rusiya Federasiyası M.M.Cambulatov adına X3 Aqrar Universiteti tərəfindən iddiaçının adına verilmiş 09-07-2019-cu il tarixli, 100505/0880850 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar