Məhkəmə qərarları › İş №2-1(112)-4600/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4600/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4600/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanmasıtələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 01 iyul 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası braədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edimişdir. İddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericiliyə uyğun olaraq qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2005-ci il tarixdə mərhum həyat yoldaşı X4 görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixdə edilmiş müvafiq dəyişiklikdən sonra iddiaçının aldığı pensiya məbləğinin yenidən hesablanmasına ehtiyac yaranmışdır. Buna görə də, o, cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya pensiya məbləğinin yenidən hesablanmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 10 mart 2017-ci il tarixli dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığı üçün dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 01 iyul 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya 01 aprel 2005-ci il tarixdən mərhum həyat yoldaşı X2 təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir və hal-hazırda da, o pensiya alır. O, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq **********5 nömrəli, xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğı çatdırılmaqla müəyyən edilir. Onun pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya xx.xx.2005-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, onun pensiyasına əlavə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatıdırılmaqla)” sözləri əlavə edilmiş, lakin, həmin qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklilər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişiklilər iddiaçıya münasibətdə tətbiq edilməli və təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilməli yaranmış pensiya fərqi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin İddiaçı münasibətdə tətbiq edilərək, ona təminat xərcliyinin 80 faiz miqdarında pensiya təyin edilməsi və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar