Məhkəmə qərarları › İş №2-1(112)-4600/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4600/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4600/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişlərinin ayrıca vəsait şəklində tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gömrük orqanları qarşısında öhdəliklərinin icrasının həmin MMCnin ƏDV depozit hesabına yönəldilməsinin mümkünlüyü nəzərə alınmaqla, İddiaçının ƏDV depozit hesabından həmin vəsaitin götürülməsi və MMC-dən gömrük ödənişlərinin ayrıca vəsait şəklində tələb edilməsinin cavabdehə qadağan olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 02 aprel 2018-ci il tarixində, ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Həmin tarixdən fəaliyyət göstərməyə başlamış, sonradan heç bir səbəb olmadan, İddiaçının ƏDV depozit hesabına indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhdudiyyət qoyulmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2-1(102)-2907/2019 saylı qərarı ilə bu fakt öz təsdiqini tapmışdır). Bunun nəticəsi olaraq İddiaçı Cavabdeh qarşısında olan öhdəliklərini icra edə, yəni ƏDV depozit hesabında vəsait olduğu təqdirdə dövlət rüsumlarını ödəyə bilmir. İddiaçı Cavabdehin dövlət orqanı olduğunu əsas gətirərək, hesab edir ki, ödənilməli olan məbləği Cavabdeh İddiaçının ƏDV depozit hesabından götürməli və ayrıca tələb etməməlidir. 21 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi etiraza uyğun olaraq çıxış etdi və bildirdi ki, İddiaçının mübahisəsi vergi orqanları ilə münasibətdə yaranmışdır və Cavabdeh İddiaçının gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcunu tələb etməkdə haqlıdır. Belə ki, İddiaçının vergi orqanı tərəfindən məhdudiyyət qoyulmuş ƏDV depozit hesabından iddiaçının gömrük orqanları qarşısında yaranmış öhdəliyi ilə bağlı gömrük borcu üzrə vəsaitin götürülməsi iddiaçının şəxsi mülahizəsinə görə mümkündür, halbuki qanunvericiliyin tələbləri iddiaçı və cavabdeh arasındakı şəxsi mülahizələr əsasında müəyyən edilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçı tələbində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. Belə ki, işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin iddiaçı iddia verilərkən pozuntunun mövcudluğuna işarə edən ilkin zəruri sübutları təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - maddə 8. Gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifəsidir. - maddə 243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. - maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. - maddə 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. - maddə 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. - maddə 333. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən ölünmüş qaydada dövlət büdcəsinə köçürülür. Sadalalan normalardan görünür ki, qanunverici gömrük ödənişlərinin alınmasını gömrük orqanının vəzifəsi kimi müəyyən etmiş və gömrük borcu ödənilmədikdə həmin borcun alınması üçün gömrük orqanına bir sıra imkan vermişdir. İddiaçı ərizəsində ƏDV depozit hesabına məhdudiyyət qoyulduğunu özü ifadə edərək bu məhdudiyyətlə bağlı cavabdeh qarşısında öhdəliklərini icra edə bilmədiyini qəbul etmişdir. Həmçinin iddia ərizəsindən həmin məhdudiyyətin cavabdeh orqanın təqsirindən yaranmadığı aydın olur. Belə olan halda qanunvericiliklə cavabdeh orqanın üzərinə qoyulmuş vəzifənin icra olunması üçün həmin orqan tərəfindən müvafiq tədbirlərin görülməsi (iddiaçıdan gömrük ödənişinin ayrıca vəsait şəklində tələb edilməsi) cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə təşkil edən hərəkət kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdehin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrasının qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipi ilə ziddiyyət yarada bilər. Həmin maddənin İİİ və İV hissələrinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşlıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Beləliklə, məhkəmə inzibati orqana onun vəzifəsi olan hərəkətin yerinə yetirilməsini, yəni hesablanmış və mübahisələndirilməyən borcun tələb olunmasını qadağan edə bilməz. Məhkəmə, yalnız müvafiq iddia verildiyi halda həmin borcun hesablanmasının (bununla bağlı qəbul edilmiş inzibati aktın) qanuniliyini və əsaslılığını yoxlaya, həmin iddiaya baxılana qədər ərizə verilərsə, mahiyyəti üzrə işə baxılana qədər tərəfin hüquqlarının qorunması üçün müvəqqəti xarakterli tədbirlər görə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddia tələbi gömrük ödənişlərinin ayrıca vəsait şəklində tələb edilməsinin qadağan edilməsi ilə yanaşı, gömrük orqanları qarşısında yaranmış öhdəliklərin icrası üçün tələb olunan vəsaitin MMC-nin ƏDV depozit hesabından götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmaqla, öhdəliyin icrası haqqında iddiaya aiddir. Həmin iddia üzrə tələb olunan mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir ki, hazırkı iş üzrə bu halın mövcudluğu müəyyən olunmur. Məsələ ilə bağlı 01.03.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərilmiş, lakin müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, müvafiq hüquqi yardım barədə məktub, eləcə də, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər iddiaçı tərəfindən iddia ərizəsində göstərilən ünvana göndərilmiş, lakin “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. İPM-in 20.3-cü madəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının hazırkı tələbi İPM-in 35-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar