Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4602/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi çilingər, pensiyaçı), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 21 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə bir sıra səbəblər göstərilməklə təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçının "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəzabərpa işləri çilingəri peşəsində işləməyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyil. Bu əsasdan çıxış edən cavabdeh 05 oktyabr 2021-ci il tarixli, **********79 nömrəli qərarla, 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində iddiaçıya artıq ödənilmiş 11.627,33 (on bir min altı yüz iyirmi yeddi manat otuz üç qəpik) manat pensiya məbləğinin 10 gün müddətində cavabdeh orqanın hesabına ödənilməsini tələb etmişdir. İddiaçı qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz və əsassızdır. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüquq verən işlədiyi sahənin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olduğuna dair "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli, rəsmi arayış verilib. İddiaçı qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı cavabdehin qərarından şikayət cavablandırılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair münasibət(etiraz) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. –ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçıya 21.02.2017-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində 11.627,33 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına əsasən, cavabdeh tərəfindən aparılmış araşdırmaya görə iddiaçı 21.02.201-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində 11.627,33 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. İnzibati orqan hesab edir ki, iddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanır və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bu əsasla 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində iddiaçıya artıq ödənilmiş 11.627,33 (on bir min altı yüz iyirmi yeddi manat otuz üç qəpik) manat pensiya məbləğinin 10 gün müddətində cavabdeh orqanın hesabına ödənilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə ünvanlanan 12 noyabr 2021-ci il tarixli şikayətə əsasən, o, 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və təyin olunan pensiya ödənişlərinin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən 30 noyabr 2021-ci il tarixli 07 nömrəli arayışa əsasən, İddiaçı "xxxx" ASC Xətai rayon Sukanal İdarəsində 01.04.1996-cı il tarixdən bir sıra güzəştli peşələrdə işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 5-ci bəndinə əsasən güzəştli sayılır. İddiaçı 01.04.1996-ci il tarixindən 01.10.2004-cü il tarixinədək Bakı Kanalizasiya şəbəkələrinin istismarı müəssəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı ixtisasa əsasən 08 il 6 ay 1 gündür. 01.10.2004-cü il tarixindən 31.03.2011-ci il tarixinədək "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 6 il 05 ay 29 gündür. 01.04.2011-ci il tarixindən 01.02.2021-ci il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 10 ay 1 gündür. 01.02.2012-ci il tarixindən 21.10.2016-cı il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 4 il 8 ay 19 gündür. 24.10.2016-cı il tarixindən 20.12.2017-ci il tarixinədək "xxxx" ASC Bakı Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 1 il 1 ay 26 gündür. 21.10.2017-ci il tarixindən 01.12.2021-ci il tarixinədək "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 3 il 11 ay 11 gündür. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 03.07.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış və hal-hazırda işləyir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh orqan tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir, o cümlədən Dövlət Sosial Mudafiə Fondu Suraxanı şöbəsi tərəfindən tərtib olunan iddiaçının uçot vərəqi, həmin orqan tərəfindən verilən iddiaçının pensiya işi, həmin orqanın iddiaçıya 21.02.2017-ci il tarixdən 214,94 manat pensiya təyin olunmasına dair 759 nömrəli qərarı, iddiaçının həmin orqana ünvanladığı pensiyanın təyin olunması barədə 30.03.2017-ci il tarixli ərizəsi, "xxxx" ASC Bakı Sukanal İdarəsinin iddiaçının 01.04.1996-cı il tarixindən çilingər vəzifəsində işləməsinə dair 17.03.2017-ci il tarixli arayışı, "xxxx" ASC Bakı Sukanal İdarəsinin Dövlət Sosial Mudafiə Fondu Suraxanı şöbəsinə göndərdiyi iddiaçının əmək kitabçasının doldurulma tarixini özündə əks etdirən 14.03.2017-ci il tarixli təqdimatı, Dövlət Sosial Mudafiə Fondunun İri Sığortaedənlərlə İş Şöbəsinin iddiaçının 01.01.2006-cı il tarixindən 01.01.2016-cı il tarixədək 8 il 2 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 6106,35 manat pensiya kapitalı olması barədə 02.05.2017-ci il tarixli arayışı, Dövlət Sosial Mudafiə Fondu Suraxanı şöbəsinin iddiaçıya ünvanladığı 04.05.2017-ci il tarixli bildirişi, iddiaçının əmək pensiyası hüququna yenidən baxılacağına dair bildirişinin təsdiq edilmiş surətləri təqdim olunmuşdur. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensiyaları haqqında qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqanın özü tərəfindən dayandırılması kimi norma nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən iddiaçıya 21.02.2017-ci il tarixdən, yəni 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 21.02.2017-ci ildən 28 fevral 2021-ci il tarixə qədər əmək pensiyasını almağa davam etmişdir. Cavabdeh həmin dövr ərzində iddiaçıya ödənilmiş 11267,33 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə 05 oktyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. “Əmək pensyaları haqqında” Qanunun 39.1–ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. –ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının müddəaları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunvericiliyə görə artıq ödənilmiş pensiyanın geri qaytarılması şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında və razılığı olmadıqda məhkəmə qaydasında mümkündür. Bu halların heç biri mövcud deyil. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 11 aprel 2017-ci il tarixli qərar qüvvədə olduğu halda, həmin qərar əsasında 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ilə ondan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Suraxanı rayon şöbəsinin 11.04.2017-ci il tarixli qərar) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) trəfindən iddiaçıya münasibətdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələbi yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin DSMF-nin Suraxanı rayon şöbəsi (Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialının sələfisi) pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilməli, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ləğv edilməli və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilsin; artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ləğv edilsin; iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4602/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4602/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver