Məhkəmə qərarları › İş №2-1(112)-4604/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4604/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4604/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (atası) X2 və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək uzun illər istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,50 hektar olan, 256 saylı bağ sahəsinin özəlləşdirilməmiş 0,25 hektar hissəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli Qərarının 5-ci bəndində göstərilib ki, Bakı şəhəri Əzizbəyov rayonu ərazisində yerləşən bağ sahəsi Səməd Vurğunun ailəsinə təhkim edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı ərazi idarəsinin rəis müavini vəzifəsini icra edən Eldar Mirzəyevin 24 may 2019-cu il tarixdə imzaladığı **********28 saylı cavabında 0,50 hektar torpaq sahəsinin xalq şairi Səməd Vurğuna ayrılması təsdiq edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ evi hazırda xüsusi mülkiyyətindədir. Bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarış təsdiq edir. Adıma özəlləşdirilmiş bağ sahəsi mərhum anamın, xalq şairi Səməd Vurğunun nəvəsi olan Vəkilova Aygün Gavə qızının mülkiyyətində olmuşdur. Hazırda uzun illər istifadəsində olan həmin 0,50 hektar torpaq sahəsinin 0,25 hektar torpaq sahəsi mülkiyyətindədir, qalan 0,25 hektar torpaq sahəsini öz adına özəlləşdirmək istəyir. Ərizəsinə valideynlərinin nikahının bağlanması haqqında şəhadətnamənin, anamın ölüm haqqında şəhadətnaməsinin surətlərini əlavə edir. Məhkəməyə müraciət etməklə uzun illər istifadələrində olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ sahəsinin mülkiyyətimə sənədləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Atası və səlahiyyətli nümayəndəsi X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ sahəsinin mənim adına özəlləşdirilməsini xahiş etmişdi. 08 fevral 2021-ci il tarixli, **********07 saylı məktubla ərizəsi təmin edilməmiş və ona həqiqətə uyğun olmayan, natamam bir cavab verilmişdir. Cavabında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək göstərilən bağ sahəsinin sxematik xəritəyə əsasən 255 və 254 saylı bağların ərazisinə düşdüyünə görə ərizəmin icrasını mümkün hesab edilməmişdir. Bildirir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1958-ci il tarixli Qərarının 5-ci bəndində göstərilib ki, Bakı şəhəri Əzizbəyov rayonu ərazisində yerləşən bağ sahəsi Səməd Vurğunun ailəsinə təhkim edilsin. Həmin bağ sahəsi Səməd Vurğunun nəvəsi, mərhum anam Vəkilova Aygün Gavə qızının istifadəsində olmuş və 0,25 hektarı onun adına özəlləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ evi hazırda mənim xüsusi mülkiyyətimdədir. Bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 iyul 2019- cu il tarixdə verilmiş ********** saylı çıxarış təsdiq edir. Hazırda uzun illər istifadəsində olan həmin 0,50 hektar torpaq sahəsinin 0,25 hektar torpaq sahəsi özəlləşdirilmiş, istifadəsində olan qalan torpaq sahəsini də adına özəlləşdirilmək istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sadalanan əsasların hamısı mövcuddur.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 24.05.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,50 hektar torpaq sahəsi olan bağın icarəyə verilməsinə dair X8 ilə Vəkilov Səməd Vurğun oğlu arasında 12.02.1953-cü il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır, icarədarın (Vəkilov Səməd Vurğun oğlunun) vəfatından sonra həyat yoldaşı sözügedən bağ sahəsinin onun adına keçirilməsinə dair X5 müraciət etmişdir və X11 ilə 04.10 1962-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra Bakı şəhəri İcraiyyə Komitəsinin 26.09.1962ci il tarixli qərarına əsasən bağ sahəsinin yalnız 0,25 ha ölçüdə icarədarın istifadəsinə verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair X8 ilə Vəkilova Xavər Əhməd qızı arasında 26.06.1970-ci il tarixli, 1446 nömrəli müqavilə bağlamamışdır. Şonradan icarədar müqavilənin müddətinin uzadılmasına dair 15.12.1981-ci il tarixli ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmiş və onunla 256 nömrəli bağa dair 29.12.1981-cl il tarixli müqavilə bağlanılmışdır, Vəkilova Xavər Əhməd qızının Şuvəlan qəsəbəsində yerləşən 1446 saylı müqaviləyə əsasən ayrımış 256 nömrəli bağı qızı Vəkilova X4 adına keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 256 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Vəkilova X12 aramda 03.10.2002-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 04.04.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,25 hektar torpaq sahəsi və yaşayış sahəsi 64.8m2, ümumi sahəsi 158.7m2 olan bağ evi 21.05.2013-cü il tarixdə Vəkilova X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18.06.2013-cü il tarixli, 2”V”-1-28 əyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 04.07.2013-cü il tarixdə Vəkilova Aygün Gavə qızının adına daşınmaz əmlakın dövlət eyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 09.08.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, sözügedən bağ sahəsi ilə bağlı onun əvvəlki 10.05.2019-cu il tarixli, 139 nömrəli müraciətinizə 24.05.2019-cu il tarixli, **********28 nömrəli cavab məktubunda qeyd edilən məlumatlara əlayə olaraq bildirilmişdir ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin vətəndaşlara ayrılmış bağ sahələrinin ölçüsünün 0.25 hektardan artıq olmaması barədə 26.09.1962-ci il tarixli, 33/1218 nömrəli qərarına istinad edilərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.50 hektar torpaq sahəsi olan 482 nömrəli (sonradan bağ sahəsinə 256 nömrəsi verilmiş, bağ sahəsinin yalnız 0,25 hektar hissəsinin icarədarın (həmin vaxtda Vəkilova Xavər Həmid qızının) öhdəsində saxlanılmasına dair keçmiş X3 əməkdaşları tərəfindən 29.01.1963-cü il tarixdə akt tərtib edilmişdir. Daha sonra Vəkilova Xavər Həmid qızı ilə 0,25 hektar torpaq sahəsi olan 482/256 nömrəli bağ sahəsinə dair 26.05.1970-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır.

5. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 29.10.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin əsllərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməsi məqsədəmüvafiqdir.

6. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 08.02.2021-cu ildə verilmiş imtinada bildirilmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya verilən idarənin mütəxəssisləri tərəfindən yerində baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254” və “255" saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin 26.09.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadənizdə olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X10 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X10 ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında ” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254" və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin 26.09.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadəsində olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 08.02.2021-ci il tarixli, **********07 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X10 ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X10 tərəfindən vətəndaşlara ayrılmış X10 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda bildirilmişdir ki, sorğuda bəhs edilən Azərbaycan SSR Nazirlər Kabinetinin 29 may 1956-cı il tarixli 271 nömrəli sərəncama dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən, 0,50 hektar torpaq sahəsi olan bağın icarəyə verilməsinə dair keçmiş X8 ilə Vəkilov Səməd Vurğun oğlu arasında ilkin müqavilə 83/2139 nömrəli 29.12.1952-ci il tarixli qərar əsasında 12.02.1953-cü il tarixdə bağlanılmışdır.

8. Məhkəmənin hazırki iş üzrə 16.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən qalan 0,25 ha torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

9. Məhkəmənin hazırki iş üzrə 07 may 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 ünvanında yerləşən bağ sahəsinin faktiki sahəsi barədə (koordinatlar üzrə yerləşmə sxemi göstərilməklə); - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 ünvanında yerləşən bağ sahəsinin faktiki sahəsinin 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və cizgisi ilə üst-üstə düşməsi barədə; - Qeyd edilən sahənin sxematik xəritəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələrinin ərazisinə düşüb-düşməməsi barədə (düşdüyü təqdirdə hansı hissədə olduğu göstərilməklə). Rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 ünvanında yerləşən bağ sahəsinə dair 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və cizgisi təqdim edilmişdir. Rəyin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələrinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim etməsi həvalə edilmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, etirazda qeyd edilən hallar həqiqətə uyğun deyil, faktiki istifadədə olan sahə 0,50 hektardan çoxdur, yaxınlığında hər hansı elektrik xətti yoxdur, elektrik xəttinin mühafizə zolağına, eləcə də 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşmür. Həmin bağ sahələrinin mülkiyyətçiləri ilə hər hansı ziddiyyəti və narahatçılığı yoxdur.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

23. Cavabdeh tərəfindən təqdim edilmiş 12.02.1953-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,50 ha torpaq sahəsinə dair Vəkilov Səməd Vurğun oğlu ilə 1446 nömrəli müqavilə bağlanmışdır.

24. Cavabdeh tərəfindən təqdim edilmiş Şüvəlan qəsəbəsində yerləşən 482/256 nömrəli bağ sahəsinin sxematik xəritəsinə əsasən, bağ sahəsinin diaqonal üzrə uzunluğu 104,80 metr, uzunluğu bir tərəfdən 1051 metr, bir tərəfdən 88,5 metr və 15,95 metr, eni bir tərəfdən 25 metr, digər tərəfdən 27,5 metrdir.

25. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş cavab məktubuna əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı təqdim olunmuş, 271 nömrəli qərarın əlavə ayrıc aktı və eskizinin aşkarlanmadığı bildirilmişdir.

26. Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarının 5-ci bəndinə əsasən, X9 küç., ev 4 ünvanında yerləşən mənzili və Bakı şəhəri, Əzizbəyov rayonunda yerləşən bağ evi Səməd Vurğunun ailəsinə verilmişdir.

27. Bağın icarərəyə verilməsinə dair 03.10.2002-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,25 ha torpaq sahəsinə dair Vəkilova X12 ilə (ailə üzvləri Vəkilova Aygün, Mansurov Mehman və İddiaçı olmaqla) 1446 nömrəli müqavilə bağlanmışdır.

28. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.03.2015-ci il tarixdə vəfat etmiş Vəkilova Aygün Gavə qızının vərəsələri əri X7 və oğlu İddiaçıdur. Miras payın bağışlanması müqaviləsinə əsasən, X7 ona miras qalmış ½ hissədə payını oğlu İddiaçı bağışlamışdır.

29. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 nömrəli bağ sahəsinə mülkiyyət hüququ torpaq sahəsinin ölçüsü 0,25 ha olmaqla 18.07.2019-cu il tarixdə qeydə alınmışdır.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki: iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş ərazinin faktiki sahəsi 0,6845 hektar təşkil edir ki, bundan 0,25 hektarına İddiaçı adına reyestr nömrəsi **********52-11301 olan çıxarış verilmişdir. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsini, koordinatlarını və sair texniki parametrləri əks etdirən sxem hazırlanmışdır (sxem əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsinin 0,25 hektarı təqdim edilmiş 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və çizgisi ilə üst-üstə düşür ki, həmin üst-üstə düşən hissəyədə 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və çizgiyə uyğun İddiaçı adına reyestr nömrəsi **********52-11301 olan çıxarış verilmişdir. 254 və 255 saylı bağ sahələrinə dair huquq müəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən qeyd edilən sahənin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində hec bir məlumat yoxdur.

IV. Məhkəmənin mövqeyi

31. Cavabdeh qurumun mövqeyi ondan ibarətdir ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254" və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin 26.09.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır.

32. Məhkəmə müəyyən edir ki, Səməd Vurğunun Bakı şəhəri, Əzizbəyov rayonunda yerləşən bağ evinin (12.02.1953-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin torpaq sahəsinin ölçüsü 0,50 ha-dır) Səməd Vurğunun ailəsinə verilməsinə dair Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı qüvvədədir, bağ sahəsinin 0,25 ha hisəssinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, qalan 0,25 ha hissəsinə münasibətdə isə hüquqların qeydə alınmasından qeyd edilən əsaslarla imtina edilmişdir.

33. Azərbaycan İctimai Şura Cümhuriyyətinin 15 iyun 1923-cü il tarixdə qəbul edilmiş Azərbaycan İctimai Şura Cümhuriyyətinin Torpaq Məcəlləsinin “Əsas müddəalar” hissəsinin 4-cü maddəsinə əsasən, vahid dövlət torpaq fondunun tərkibinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaqlardan bilavasitə istifadə hüququ qanunla müəyyən edilmiş əsaslarla aşağıdakılara verilir: a) zəhmətkeş əkinçilərə, maldarlara və onların cəmiyyətlərinə; b) şəhər sakinlərinə və v) dövlət idarə və müəssisələrinə. Yuxarıda adları çəkilən torpaq istifadəçilərinin bilavasitə istifadəsində olmayan torpaqlar X6 bilavasitə sərəncamında qalır və hökumət tərəfindən xüsusi qərarla və xüsusi şərtlərlə idarələrə, cəmiyyətlərə, təşkilarlara və ayrı-ayrı şəxslərə verilir.

34. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsindən: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Maddə 18. Azərbaycan SSR Nazirlər Soveti ayrılan sahənin ölçüsündən asılı olmayaraq, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verilir. Kənd təsərrüfatlı təyinatlı torpaqlar və meşə fondunun torpaqları, təkrar istifadəyə verilən hallardan başqa, habelə kurortların və qoruqların torpaqları, yalnız Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında istifadəyə verilir.

35. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinəəsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinəəsasnə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

38. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

39. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

40. Beləliklə, məhkəmə müəyyən edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı qəbul edilən zaman qüvvədə olan Azərbaycan SSR qanunvericiliyinə əsasən ayrılan torpaq sahəsinin yuxarı həddi məhdudlaşdırılmamış, bağ sahəsi bugünədək Səməd Vurğunun ailəsinin istifadəsindədir (cavabdeh tərəfindən bağ sahəsinin faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar olduğu bildirilsə də, mütəxəssis rəyinə əsasən hazırda istifadə olunan torpaq sahəsinin ölçüsü 0,6845 hektar təşkil edir), Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı ləğv olunmamış, bağın qalan 0,25 ha torpaq sahəsi nə faktiki, nə də hüquqi olaraq geri alınmamışdır.

41. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələrinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim etməsi həvalə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 254 və 255 saylı bağ sahələrinə dair huquq müəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən qeyd edilən sahənin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cavabdeh göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyini bildirsə də, iddiaçı həmin dəlili təkzib edir, cavabdeh isə qeyd edilən halın təsdiqi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

42. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin icra edilməsinə dair eyni yanaşma öhdəliyin icrasına dair iddialar da şamil olunmalıdır.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosesual xərc hesab edilməklə cavabdehə aid edilməli, həmin xərc iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

47. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

48. İPM-in 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.

49. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin qalan 0,25 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosessual xərc cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənməlidir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar