Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4606/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, X1, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə qarşı üçüncü şəxslər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanası və X7 işə cəlb edilməklə “şəxsiyyət vəsiqəsinin və pasportun ləğv edilməsi və .s” tələbləri barədə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə qarşı üçüncü şəxslər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanası və X7 işə cəlb edilməklə 05.02.2017-ci il tarixində İsrail dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar X2 şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; X2 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunun müəyyən edilərək M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə qoyulması; “Vətəndaşlığın azaldılması haqqında” Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı M.C.Dadaşova tərəfindən qanunsuz olaraq alınan Azərbaycan Respublikası pensiyası M.C.Dadaşovadan tutulması; xarici dövlət vətəndaşı M.C.X5 Məcəlləsinin 575-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cləb edilməsi, məhkəmə vasitəsilə İsrail dövlətinə giriş hüququ olmadan ölkədən 5 il müddətinə çıxarılması vəzifəsinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin üzərinə qoyulması; 17.12.2006-cı il tarixində, saat 00:10-da vəfat etmiş 1958-ci il təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədləri, həmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsinin Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması; Azərbaycan Respublikası Nazirlər Sovetinin 29 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarına müvafiq olaraq 3 nömrəli şəhər Kliniki Xəstəxanasının inzibati orqan hesab edilməsi; İddiaçı üç daşınmaz əmlak obyekti barədə cinayət faktlarının müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1, 177.3.2, 178.3.2-ci maddələrinə müvafiq olaraq üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə bildirilməsi barədə iddia tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi məsələsinə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirlər ki, iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü qəbul etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-8.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından aydın olur ki, hər hansı üçüncü şəxs Azərbayccan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin üzərinə öhdəlik qoya bilməz. Hazırki vəziyyətdə ancaq müvafiq icra hakimiyyəti orqanı adlandırılan Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müracət etmək hüququ vardır. Hətta “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 25-7 (Azərbaycan Respublikasının ərazisində olmayan vətəndaşın Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı barədə Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında X6 həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır) və 25-8-ci (Bu Əsasnamənin 25-6 və 25-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir) bəndlərindən də, görünür ki, Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında X6 şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Digər halda isə, Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar şəxs özü Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini cavabdeh qismində işə cəlb etməklə məhkəmə orqanlarına müraciət edə bilər. Göründüyü kimi, sözügedən məsələ ilə əlaqədar bütün səlahiyyət və hüquqlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və vətəndaşlığın itirilməsi nəzərdə tutulan şəxsə aiddir. Digər şəxslər (yuxarıda adları çəkilən dövlət orqanları – DTX, XKX və XİN nəzərdə tutulmur) isə ancaq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə məlumat verə bilər. İş üzrə hazırlıq iclası 05.05.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlmiş, digər cavabdeh və 3-cü şəxslərin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələblərinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsinin ifadə edilməsini aydınlaşdırmaq mümkün olmadığından, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlıq icraatında iddia tələblərini və cavabdehləri konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərinin mövcud vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyinin müəyyən edilmədiyini, cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırmalı olması izah edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirərək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi ələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi, həmçinin iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə digər iddia tələbləri konkret şəkildə cavabdehlərə qarşı ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumlu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyrimümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü və iddiaçının həmin tələbləri qaldırmaqda subyektiv hüququnun mövcudluğu (qanunvericiliyin tələblərinə əsasən hər hansı üçüncü şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar öhdəlik qoyulmasına dair tələb irəli sürməsinə yol verilmədiyindən) müəyyən edilmədiyindən, eləcə də, iş üzrə cavabdehlərə qarşı yönəlməyən digər tələbləri konkret şəkildə cavabdehlərə qarşı ifadə edilmədiyindən, həmçinin həmin tələblərə də, inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4606/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4606/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver