Məhkəmə qərarları › İş №2-1(112)-4607/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4607/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4607/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi ev 27, mənzil 17) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə 3-cü şəxs -Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 11.02.2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmuşdur. (hakim M.Hacıbəyova) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 08.06.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. (hakim M.Hacıbəyova) Qərardan narazı qalan iddiaçı 27.07.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 08.06.2020-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1549/2020 saylı, 06.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(112)-1945/2020 nömrəli qərarnın ləğv edilməsi, İddiaçı Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ ünvan 2 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyriyaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra 05.08.2021-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilərək, müvafiq qanunvericiliyin tələbləri izah edilmişdir. 14.09.2021-ci il tarixli məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.10.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 6 nəfər ailə tərkibi ilə ünvan 1 ünvanda qeydiyyata alınmaqla yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu reyestrdən çıxarışa əsasən ünvan 1 ünvandakı yaşayış sahəsi onun mülkiyyətindədir. ünvan 1 ünvandakı yaşayış sahəsi və qonşuluqdakı bütün mənzillər qəzalı hesab edilərək məcburi qaydada sökülmək ərəfəsindədir. Söküntü zamanı hər kəsin mülkiyyətində olan yaşayış və qeyri- yaşayış sahələri ölçülərək əvəzinə pulla ifadə olunan kompensasiya verilir və ya yaşayış sahəsi ilə təmin olunma nəzərdə tutulur. Onun mülkiyyətində olan ünvan 1 ünvandakı yaşayış sahəsinin texniki pasportda bir ölçüsü, faktiki olaraq digər ölçüsü olduğundan sahəni ölçənlər tərəfindən faktiki ölçünün müəyyən edilməsi həyata keçirilmədiyinə görə sosial ədalətsizlik hökm sürür. Hazırda ölçü aparılan zaman bütövlükdə bu evdə yaşayan sakinlərin bir qisminə özlərinin inşa etdikləri kommunal xidmət üçün nəzərdə tutulmuş əlavə tikililər ölçülüb əvəzi ödənilir. O da Sabunçu RİH-ə ərizə ilə müraciət edərək onun mülkiyyətində və faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçülüb əvəzinin ödənilməsi barədə müraciət etdikdə Sabunçu RİH onun bu xahişinə rədd cavabı vermişdir. Onun mənzilinin ölçüsünün üstündə yerləşən eyni layihəyə və ölçüyə malik olan yaşayış sahəsinin ölçüsündən fərqli göstərilməsi ümumi ölçmələrin obyektiv aparılmamasını göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “ünvan 3 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” 29.10.2015-ci il tarixli akta əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin, Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən 29.10.2015-ci ildə ünvan 4 ünvanda yerləşən iki mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş, baxış zamanı binanın uzun müddət təmirsiz istismar edilməsi, köhnəlməsi və ciddi fiziki aşınmalara məruz qalması, binanın qəzalı vəziyyətdə olması və istismar üçün təhlükəli olması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Maliyyə nazirinə və Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış 1/1417 nömrəli, 26.04.2019-cu il tarixli məktuba əsasən Səbail (2-ci sahə), Suraxanı, Sabunçu, Binəqədi, və Xətai (Əhmədli qəsəbəsi) rayonlarının ərazisində yerləşən 16 binaya dair bu binalar üzrə sahəsi 30 kv metr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30,0 min manat olmaqla cəmi 13329,0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, sahəsi 30 kv metrdən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv metri üçün 1,0 min manat olmaqla cəmi 12760,0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, sözügedən 16 yaşayış binası üzrə ümumilikdə 732 mənzil sahəsinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqqına görə 500,0 manat olmaqla ümumilikdə 366,0 min manat əlavə birdəfəlik yardım verilməsi barədə edilmiş təkliflər Azərbaycan Respublikasının Prezidenti tərəfindən məqbul hesab edilmişdir. - Bakı şəhəri Cavabdeh Başçısının 13 nömrəli, 08.05.2019-cu il tarixli sərəncamına əsasən Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.ünvan 10, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı, Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi dalan 3, bina 2 saylı, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 7A saylı, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 8a və 18 saylı, ünvan 7 ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 nömrəli, 17.09.2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı vəziyyətdə hesab olunmuş, yaşayış üçün yararsız olan 8 çoxmənzilli yaşayış binasının sökülməsi səbəbindən həmin binalarda yaşayan sakinlərin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 10 ünvanda 0,70 ha, ünvan 9üçəsi, 27 saylı ünvanda 0,14 ha, M.Ə.Rəsulzadə küçəsi, dalan 3,2 saylı ünvanda 0,35 ha torpaq sahələri Bakı şəhəri Cavabdeh istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi 105723 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 12 nömrəli yaşayış evinin 17 nömrəli mənzilinin mülkiyyətçisidir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1997-ci ilin iyul ayında tərtib etdiyi texniki pasporta əsasən ünvan 12 ünvanda yerləşən 17 nömrəli (sahibi İddiaçı) mənzilin ümumi sahəsi 37,2 kv metr, yaşayış sahəsi 29,0 kv metr göstərilmişdir. -Sabunçu rayon MKTB 60 saylı MKİS-nin 177 nömrəli, 14.08.2019-cu il tarixli arayışına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 17 nömrəli mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 37,40 kv metr təşkil edir, arayışda iddiaçının ailə üzvləri kimi X4 və X2 göstərilmişdir. - Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 17 nömrəli mənzilinin plan eskizinə əsasən mənzilin faktiki sahəsi 66,32 kv metr, ümumi sahəsi 37,40 kv metr, yaşayış sahəsi 26,10 kv metr göstərilmişdir. - Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 30 nömrəli mənzilinin plan eskizinə əsasən mənzilin faktiki sahəsi 57,90 kv metr, ümumi sahəsi 40,90 kv metr, yaşayış sahəsi 28,65 kv metr göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.11.2019cu il tarixli 88 nömrəli “Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə” Müqavilənin predmeti kimi Fövqəladə HallarNazirliyinin müvafiq rəyi əsasında qəzalı vəziyyətdə hesab edilmiş Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yerləşən 27 saylı çoxmənzilli yaşayış binasının sökülməsi və həmin binanın yerində ayrılmış dövlət vəsaiti hesabına Podratçı təşkilatla bağlanmış müqavilə əsasında yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi, sökülmüş binanın sakini Şahbazova Mətanət Tofiq qızına məxsus ümumi sahəsi 37,40 kv metr olan 17 saylı mənzilin əvəzinə ona Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25%-dən az olmamaq şərtilə tam təmirli mənzilin verilməsi, Şahbazova Mətanət Tofiq qızının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ona məxsus 17 saylı mənzili üçün ayrılmış vəsaitin xərclənməsinə razılıq verilməsi, yeni mənzil inşa edilənə qədər Şahbazova Mətanət Tofiq qızının kirayə köçürülməsi və hər ay 250 manat kirayə haqqının Beynəlxalq Bankın Bakıxanov filialında açılmış bank hesabına ödənilməsi göstərilmişdir. Qeyd edilən müqavilənin 2.1, 2.6 –cı bəndlərində də iddiaçıya məxsus mənzilin ümumi sahəsinin 37,40 kv metr olması göstərilmişdir. İddiaçı, onun ailə üzvləri Şahbazova Solmaz Əlihüseyn qızı və Şahbazov Emil Xanlar oğlu tərəfindən cavabdehə ünvanlanmış 08.11.2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizələrin surətlərinə əsasən iddiaçı və ona ailə üzvləri həmin ərizələrdə göstərmişlər ki, ünvan 13 ünvanda yerləşən 27 saylı evin ümumi sahəsi 37,40 kv metr olan 17 saylı mənzilində yaşayırlar, yaşadıqları bina söküldüyü üçün onlar pul kompensasiyasını almaqdan imtina edir və əvəzinə yaşadıqları mənzilin ümumi sahəsinə (37,40 kv metr) 25% əlavə verilməklə həmin sökülən binanın yerində yeni mənzillə təmin olunmağa köməklik göstərilməsini xahiş edirlər. Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya ünvanlanmış 23.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçının yaşadığı ünvan 12 saylı bina qəzalı vəziyyətdə olduğundan həmin binada yaşayan sakinlərə hüquqmüəyyənedici sənədlər əsasında ümumi sahəsi 30 kv metrə qədər olanlara 30000 manat, ümumi sahəsi 30 kv metrdən yuxarı hər 1 kv metr üçün isə 1000 manat pul (kompensasiya) verilməsi müəyyən edilmişdir. Verilməsi nəzərdə tutulmuş pul vəsaitini (kompensasiyanı) almaqdan imtina etdiyi halda iddiaçıya söküləcək evin yerində inşa olunacaq yeni müasir tipli binadan əvvəlki mənzilinin ümumi sahəsinə 25 faiz əlavə hesablanmaqla yeni tam təmirli mənzil verilməsi də təklif olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 17 nömrəli mənzilinin mülkiyyətçisidir, həmin mənzilin yerləşdiyi bina 2015-ci ildə səlahiyyətli dövlət orqanları tərəfindən qəzalı hesab edilmişdir, odur ki, binada yaşayan sakinlərə hüquq müəyyənedici sənədlər əsasında ümumi sahəsi 30 kv metrə qədər olan mənzillərin sahiblərinə 30000 manat, ümumi sahəsi 30 kv metrdən yuxarı isə hər 1 kv metr üçün 1000 manat pul (kompensasiya) verilməsi müəyyən edilmişdir, verilməsi nəzərdə tutulmuş pul vəsaitini (kompensasiyanı) almaqdan imtina etdiyi halda iddiaçıya söküləcək evin yerində inşa olunacaq yeni müasir tipli binadan əvvəlki mənzilinin ümumi sahəsinə 25 faiz əlavə hesablanmaqla yeni tam təmirli mənzil verilməsi də təklif olunmuşdur. İddiaçı qeyd olunan təkliflə razılaşaraq pul kompensasiyasından imtina etmiş və iddiaçı ilə cavabdeh arasında 26.11.2019-cu ildə bağlanmış “Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə” müqavilə imzalanmışdır, həmin müqaviləyə əsasən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yerləşən 27 saylı çoxmənzilli yaşayış binasının sökülməsi ilə bağlı binanın sakini Şahbazova Mətanət Tofiq qızına məxsus ümumi sahəsi 37,40 kv metr olan 17 saylı mənzilin əvəzinə ona Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25%-dən az olmamaq şərtilə tam təmirli mənzilin verilməsi, Şahbazova Mətanət Tofiq qızının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ona məxsus 17 saylı mənzili üçün ayrılmış vəsaitin xərclənməsinə razılıq verilməsişərtləri razılaşdırılmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 27-də yerləşən ona məxsus olan 17 nömrəli mənzilin yaşayış sahəsinin düzgün ölçülməməsini göstərərək həmin yaşayış sahəsinin faktiki düzgün ölçülməsini və mənzildə yerləşən yaşayış sahəsinə aid olmayan köməkçi sahələrin əvəzinin ödənilməsini cavabdehdən tələb edir Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 saylı qərarından müəyyən olunur ki, həmin sərəncamla qərara alınmışdır ki,1. Bakı şəhəri Cavabdeh "Pilot layihə" formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. İşin faktiki hallarına əsasən iddiaçının mənzilinin yerləşdiyi bina qəzalı hesab edilməklə “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 saylı qərarının təsiri altına düşmüş, bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında iddiaçının iradə ifadəsinin əks olunduğu müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir, həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqaviləbağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hazırda tərəflər arasında bağlanmış, iddiaçıya məxsus mənzilinin sahəsinin 37,40 kv metr olmasının əks olunduğu müqavilə qüvvədədir və həmin müqavilədə iddiaçının mənzilinin sahəsi bir neçə bənddə 37,40 kv metr göstərilmişdir. İddiaçı qeyd edilən müqaviləni imza etməklə mənzilin ölçüsünün həqiqətən də 37,4 kv metr olmasını təsdiq etmişdir. Bundan başqa iddiaçının mülkiyyətində olmuş mənzilə dair tərtib edilmiş texniki pasportda da iddiaçının mənzilinin sahəsi 37,2 kv metr (37,4 kv metrdən çox olmayaraq) göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı və onun ailə üzvləri özləri də notariat qaydasında təsdiqlənmiş 08.11.2019-cu il tarixli ərizələrində yaşadıqları mənzilin sahəsinin 37,4 kv metr olmasını göstərmişlər. Beləliklə, iş materiallarından görünür ki, mübahisəli evə İddiaçı ilə cavabdeh Bakı şəhər Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsi bağlanmış və evin dəyəri tələb-təklif əsasında formalaşmışdır, hazırda bu alqısatqı müqaviləsi ləğv edilməmişdir. Göründüyü kimi, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın satılması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən daşınmaz əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakların alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ünvan 1 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar