Məhkəmə qərarları › İş №2-1(112)-4609/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4609/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4609/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və Babayev Eldar Hafiz oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y YƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xidmətə qəbul edilməsindən əvvəl 15 sentyabr 1985-ci il tarixdən 11 dekabr 1987-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 17 aprel 2019-cu il tarixdə əmək pensiyasının təyinatı ilə bağlı AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi 3 may 2019-cu il tarixdə “məlumat vərəqəsi” əvəzinə ona xidməti barədə arayış vermişdir. Arayışda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmə tövsiyə olunmuşdur. Onun təkrar müraciəti isə AR Daxili İşlər Nazirliyi tərəfindən Nazirliyin Maliyyə Plan İdarəsinə göndərilmişdir (yönəldilmişdir). Maliyyə Plan İdarəsi onun Baş Mühafizə İdarəsinə müraciət etməsini məsləhət görmüşdür. Bu səbəbdən o (iddiaçı), məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsində xidməti barədə məlumatlar əmək kitabçasında və hərbi biletində əksini tapmışdır. Xidmətinə xitam verilən zaman güzəştli şərtlərlə hesablama nəzərə alınmaqla 20 ildən çox xidmət stajı ilə pensiya hüququ əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq, xidmət illərinin hesablanması üçün məhkəmə icraatında ekspertiza təyin olunması xahiş edilir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya xidmət illərinə görə pensiya təyin olunması üçün “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi təşkil edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsi İPM-in 8.1.3-cü maddəsinə istinad edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 23 yanvar 2020-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xidməti yaşayış sahəsi olmadığı, o cümlədən qeydiyyatda olduğu ünvanda (Yardımlı rayonunda) yaşamadığı və faktiki olaraq ünvan 3 ünvanında yaşadığı üçün hazırkı iddiaya iddiaçının yaşadığı yerin məhkəməsində baxılmalıdır. İPM-in 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: (9.1.1) səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; (9.1.2) birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; (9.1.3) mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 9.1.3-cü maddəsinə istinadən mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qərardadında vurğulamışdır ki, hazırkı iddia tələbi İPM-in 8.1.4-cü maddəsinin əhatə dairəsinə düşür. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iddiaya qarşı cavabdeh AR Daxili Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilir: - İddiaçı məhkəməyə müraciət edərək, ona qulluq illərinə görə pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinin cavabdeh AR DİN Baş Mühafizə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçının qulluq illəri düzgün hesablanmamışdır. Qulluq illərinin hesablanması Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» və «Polis haqqında» qanunları, 727-1Q saylı 28.10.1999-cu il tarixli Əsasnamə, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsaslanaraq hesablanıb qərar qəbul olunmalıdır. Cavabdeh hesab edir ki, onun yalnız 15 mart 1993-cü il tarixdən 16 fevral 1998-ci il tarixədək qulluq illəri nəzərdə tutulmuşdur. Halbuki, o, göstərmişdir ki, Yardımlı Rayon Polis Şöbəsində (mühafizə xidmətində) 18 noyabr 1988-ci il tarixdən işə başlamışdır. Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı həqiqətən də Yardımlı Rayon Daxili İşlər şöbəsi yanında müəssisədənkənar mühafizə xidmətinin gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. Lakin 1988-ci ildə Müəssisədənkənar Mühafizə İdarəsi Daxili İşlər orqanları yanında olan şöbə olmaqla tərkibi polis (milis) əməkdaşları və gözətçilərdən ibarət idi. Gözətçilər şöbənin əsas hissəsini təşkil edirdi və polis (milis) işçiləri deyil. Göründüyü kimi, İddiaçı milis (polis) işçisi deyil, gözətçi vəzifəsində xidmət etmişdir. İddiaçının bildirdiyi kimi isə, ona hər hansı bir silahın verilməsi və “Sbereqatelnaya kassa” adlanan yeri mühafizə etməsi heç də onun polis nəfəri olmasına dəlalət etmir. Belə ki, bu gözətçi olaraq onun vəzifəsi idi. İddiaçının əmək kitabçasının surətindən də göründüyü kimi o, DİO-da yalnız 15 mart 1993-cü il tarixdən polis nəfəri vəzifəsində xidmət etmiş və 15 fevral 1998-ci il tarixdə öz arzusu ilə DİO-da xidmətdən xaric edilmişdir. Beləliklə, iddiaçının təqvimi xidmət illəri 06 il, 11 ay, güzəştli hesablamalar üzrə isə 11 il, 00 ay, 16 gün təşkil edir. Bu məlumat isə Dövlət Sosial Müdafiə Fondunda vardır. İddiaçının istinad etdiyi əsasnamələrin və qərarların iddiaçının iddiasına heç bir aidiyyəti yoxdur. Belə ki, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 10-1 maddəsinə əsasən daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə xidmət aparan mülki işçilərin əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş xüsusi rütbəli əməkdaşlar malikdirlər. Qeyd olunanlara əsaslanaraq, İddiaçı iddiası tələbinin təmin edilməməsi barədə qərar şəxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin preambulasında göstərilmişdir ki, bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin 1-ci maddəsinə görə daxili işlər orqanlarında xidmət keçmə – bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3-cü madddəsinə görə daxili işlər orqanlarında işləyən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri və xüsusi rütbələr müəyyən olunur. İPM-in 2.2.3-cü maddəssinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxzılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Yardımlı RPŞ tərəfindən 28 may 2018-ci il tarixdə verilmiş AZE seriyalı 19114797 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 1 sentyabr 1967-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Yardımlı şəhəri, Daşkənd küçəsi, ev 128-dir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RİH başçısının Qızıldaş qəsəbəsi üzrə Nümayəndəliyinin 22 sentyabr 2020-ci il tarixli 191 nömrəli arayışında aşağıdakılar bildirilir: - İddiaçı həqiqətən Qızıldaş qəsəbəsi, massiv 4, ev 63-də 2001-ci il tarixdən qeydiyyatsız yaşayır. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim olunması üçün verilir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 30 aprel 2019-cu il tarixli 038-10443-1219 nömrəli arayışında aşağıdakılar bildirilir: - İddiaçı həqiqətən 15 mart 1993-cü il tarixdən (DİN Mühafizə İdarəsinin 15 mart 1993-cü il tarixli 308 ş/h saylı əmri ilə) 16 fevral 1998-ci il tarixədək (Baş Mühafizə İdarəsinin 13 fevral 1998-ci il tarixli 93 ş/h saylı əmri ilə) daxili işlər orqanlarında xidmət etmiş və 16 fevral 1998-ci il tarixdən öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir. Həmin müddətə təqvimi hesablama 06 il 11 ay, imtiyazlı hesablama ilə 11 il 16 gün müəyyən edilmişdir. Arayış DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1985-ci ilin dekabr ayndan 1987-ci ilin dekabr ayınadək hərbi xidmətdə olmuşdur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsasnamənin 145-ci maddəsinə görə daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı daxili işlər orqanlarında 20 il xidmət etmiş əməkdaş sayıla bilməz. Çünki onun xidmət müddəti 15 mart 1993-cü il tarixdən 16 fevral 1998-ci il tarixədək olan dövrü əhatə edir. Onun Yardımlı rayonunda Müəssisədənkənar Mühafizə İdarəsində “gözətçi” kimi işlədiyi dövr isə, DİO-da xidmət müddətinə daxil oluna bilməz. Odur ki, İddiaçı DİO-da xidmət etmiş şəxs kimi pensiya hüququ yaranmadığından, aidiyyəti DSMF orqanına onun barəsində “məlumat verəqəsi” də göndərilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar