Məhkəmə qərarları › İş №2-1(112)-4609/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4609/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4609/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, sonuncu dəfə iddiaçıya ünvanlanmış 3-17-1/2-N-277257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 12 gün (xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust, 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində (8 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri onun iş stajına daxil etmək mümkün deyil.

2. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən 19 aprel 2023-cü il tarixdən ona əmək pensiyasının təyin olunması öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin üzərinə qoyulması və ötən dövr üçün hesablanacaq məbələğin bir dəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, əsl olmayan cavabdeh əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırılması

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən iş fəaliyyətinə başlamışdır. Onun 44 il ümumi iş stajı var. Bu stajının 13 ildən çoxunu güzəştli pensiya hüquqi verən ağır və zərərli işlərdə işləmişdir. İşlədiyi həmin ağır və zərərli işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında nəzərdə tutulmuşdur. Təəssüf ki, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı vaxtdan, yəni güzəştli iş stajının (12 il 6 ay) tamam olduğu vaxtdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 dəfə müraciət etdiyi DSMF sənədlərini qəbul etmiş və sonradan müəyyən vaxt keçdikdən sonra, ona pensiya təyin olunmasından imtina aktı göndərmişdir. Səbəb olaraq güzəştli iş stajı dövründə 8 ay üçün məcburi dövlət sığorta haqlarının fərdi hesabına köçürülmədiyi göstərilmişdir. Həmin 8 ay ərzində o, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə (müxtəlif dövrlərdə) əlaqədar müavinət aldığını bildirmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əmək qabiliyyətinin müvəqqəti itirilməsinin sığorta hadisəsi olduğunu və bu zaman hesablanmış müavinət məbləğinin məcburi dövlət sosial sığortasına cəlb olunmadığını, həmçinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.9-cu maddəsində əmək qabilliyətinin itirilməsi müddətinin sığorta stajına daxil edilməsini nəzərə almamışdır.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ. Məhkəmənin mövqeyi

10. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

12. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020-ci ildən etibarən kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi 65 yaş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi isə 60 yaş müəyyən edilmişdir.

13. Belə olan halda müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən sonra kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun:

1. 60 yaşının tamam olması;

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması;

3. güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışması tələb olunur.

14. İşdə olan “Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2010-cu ildən (əmr 600k, xx.xx.2010-cu il) xx.xx.2010-cu ilədək “Abşeronneft” NQÇS-də Elektrik təchizatı və elektrik avadanlıqlarının kirayə təmir sexində elektrik montyoru, xx.xx.2010-cü ildən (əmr 615-k, xx.xx.2010-cü il) xx.xx.2010-cu ilədək 2 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator, xx.xx.2010-cu ildən (əmr 655-k, xx.xx.2010cu il) xx.xx.2017-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik kimi çalışmışdır. xx.xx.2017-ci ildən (əmr 202k , xx.xx.2017-ci il) xx.xx.2023-cü ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta(əmək) stajı 12 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» və «b» bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik mantyoru, neft və qaz hasilatı üzrə operator peşəsi və mexanik vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.

15. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

16. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1453/2024 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, bu zaman iddiaçının ümumi iş stajı 40 il 11 ay 20 gün, güzəştli iş stajı isə 12 il 6 ay kimi müəyyən edilmişdir.

17. Göründüyü kimi, məhkəmə icraatı gedişində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya hüququnun yarandığı tarix kimi xx.xx.2023-cü il müəyyən edilmişdir.

18. İddiaçı hazırda bununla razılaşmayaraq, onun pensiya hüququnun xx.xx.2024cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə yarandığına istinad edərək, əmək pensiyasının həmin tarixdən təyin edilməsini xahiş edir.

19. İşdən görünür ki, cavabdeh 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust ayları üzrə məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (4 ay) sığorta ödənişləri öz əksini tapmadığını iddia edərək, həmin dövrləri onun sosial sığorta stajına daxil etmir və bu səbəbdən iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajının xx.xx.2023-cü ildə deyil, xx.xx.2023-cü ildə tamam olduğunu iddia edir.

20. Məhkəmə cavabdehin bu dəlili işə razılaşmayaraq aşağıdakıları qeyd edir.

21. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – ƏPQ) 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

22. 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət.

23. İşdə olan “Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2024-cü il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişinin verilməsi haqqında arayışdan görünür ki, iddiaçının təqdim etdiyi 2013-cü il 12 avqust – 2 sentyabr arası X/v: Seriyalı SN00004 №312331, 2015-ci il 08 sentyabr – 26 sentyabr arası X/v: Seriyalı SN00004 №997639, 2016-cı il 04 avqust – 31 avqust arası X/v: Seriyalı SN00005 №397954, 2022-ci il 01 avqust – 20 avqust arası X/v: Seriyalı SN00007 №0666436 və 2022-ci il 21 avqust – 31 avqust arası X/v: Seriyalı SN00007 №066657 nömrəli xəstəlik vərəqələri əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürən, həm də məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilmişdir. Arayışa həmin məbləğlərin iddiaçıya ödənilməsini təsdiq edən sənədlər əlavə edilmişdir.

24. Həmçinin “Abşeronneft” Neft və Qazçıxama idarəsinin 14-2-1-1/2-430/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 11-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı 2013-cü ilin sentyabr ayı, 2015-ci ilin sentyabr ayı, 2016-cı ilin avqust ayı və 2022-ci ilin avqust ayında əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işdə olmamışdır və ona müəssisə hesabına və DSMF hesabına ödənişlər həyata keçirilmişdir.

25. Göründüyü kimi, qanunverici əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətini o şərtlə şəxsin sığorta stajına daxil edir ki, şəxs həmin müddət ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alsın.

26. İşin yuxarıda qeyd edilən halları ilə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust ayları üzrə müavinət alması tam təsdiq edilir.

27. Belə olan halda isə aydındır ki, ƏPQ-nin müvafiq maddəsinə əsasən həmin müddət iddiaçının sığorta stajına daxil edilməlidir.

28. "Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə çalışması nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı xx.xx.2023-cü il tarixdə tamam olur. İddiaçının həmin tarixə 60 yaşının tamam olmasını və ümumi iş stajının 40 ildən artıq olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və təmin edilməlidir.

29. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yaranığı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar