Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-461/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına uyğun olaraq 26 №-li 05 aprel 1989-cu il tarixli order əsasında ayrılmış Ləhiş ərazində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinin mərhum yoldaşı X9 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum yoldaşı X9 Əfqanıstan müharibəsində iştirakı ilə əlaqədar olaraq Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarı ilə Ləhiş ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinə dair 26 nömrəli 5 aprel 1989-cu il tarixli oder əsasında mərhum yoldaşının adına verilmiş, onun torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Eyni zamanda X2 və İstismarı Birliyinə müraciət əsasında Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qərarları əsasında istifadəsində olan bağ sahəsinə hasar tikilməsinə də icazə verilmişdir. Lakin, mərhum yoldaşının xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müraciətlərdə gecikmə olmuş, vəfat tarixindən 2 il sonra məhkəmə qətnaməsi əsasında mərhum yoldaşının vərəsəsi qismində tanınmışdır. Bundan sonra isə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə imtina məktubu ünvanlayaraq bağ sahəsinə dair mübahisə olduğunu, bağ sahəsinin bir hissəsinin 4700 saylı bağın ərazisinə düşməsi səbəbindən bağ sahəsinin sənədləşdirilməsindən imtina etmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2975/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4701 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair xx.xx.2015-ci il tarixdə İdarəyə müraciət etmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi mübahisə predmetidir. İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin bir hissəsi “4700” saylı bağın ərazisinə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********45 saylı xx.xx.2015-ci il tarixli məktub ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilmiş bağ sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5143 nömrəli bağ sahəsi kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X4 müraciəti İdarəyə daxil olmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Nəsimi rayon VVAQD Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 051387 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 04 may 2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin may ayının 13-ü günündə 482 nömrə ilə qeyd edilmişdir.
10. xx.xx.2005-ci il tarixdə iddiaçıya 04 may 2003-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi olması ilə bağlı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
11. Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına əsasən X9 Ləhiş Ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsi ayrılmasına dair order verilmişdir. Bağ sahəsinin yerləşmə sxemi əlavə edilmişdir.
12. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən X9 ünvanlanmış 19 sentyabr 2002-ci il tarixli məktuba əsasən X2 və İstismarı Birliyi ona Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4701 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın, 4690-4710 saylı bağ sahələrinə dair bölgü sxeminin İdarənin arxivində aşkar edilməməsi bildirilmiş, sorğu ilə əlaqədar olaraq Ləhiş bağ sahəsi 4700 saylı bağ sahəsinə dair müvafq sənədlərin təsdiq edilmiş surətləri, eləcə də, sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********73 nömrəli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5143 nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı X4 müraciətinə cavab olaraq verilmiş məktub təqdim edilmiş, həmin məktubda M.Sanayevə müraciəti ilə əlaqədar bildirilmişdir ki, təqdim edilən bağ sahəsinin verilməsi haqında Bakı şəhər XDS-nin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 5143 nömrəli bağ sahəsinə uyğun gəlmədiyi, digər bağların ərazisində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qeyd edilən əraziyə digər fiziki şəxslərin də müraciəti qeydə alınmışdır.
15. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən yerli baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən kənardan digər fiziki şəxslər tərəfindən hasarlanmış iki sahə göstərilmiş, nümayəndənin bildirdiyinə əsasən onların 4701 saylı bağ sahələri sözügedən iki sahənin hasar daxilində yerləşir. Sözügedən bağ sahəsi mübahisəlidir. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamış, bağ ahələri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun hasarlandıqdan sonra baxılmasının məqsədəuyğun olması, əraziyə digər fiziki şəxsin müraciətinin mövcud olması bildirilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktuba əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən qeyd olunan torpaq sahəsinin faktiki olaraq istifadəsində olmadığı məlum olmuşdur. Həmçinin İdarənin arxivində xx.xx.2004-cü il tarixdə X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş akt ilə 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi barədə məlumat mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmış, qonşu torpaq sahəsi ilə eyni hasar daxilindədir.
17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən nümayəndə tərəfindən kənardan göstərilən iki sahə digər fiziki şəxslər tərəfindən hasarlanıb. Nümayəndənin bildirdiyinə əsasən, onların 4701 saylı bağ sahələri sözügedən iki hasar daxilində yerləşir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sxematik xəritəyə əsasən faktik iddia olunan iki hasarlanmış sahə 4701 və 4702 saylı bağların ərazisidir.
18. Məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 14990/2023 **********90 nömrəli məktubla keçmiş X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli aktın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş akta əsasən 4701 və s. saylı bağ sahələrinə verilmiş orderlərin Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsas götürülərək və gələcəkdə həmin bağ sahələrinin zibilxanalara çevrilməsinin qarşısının alınması məqsədilə ləğv olunaraq boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
25. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına əsasən X9 Ləhiş Ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsi ayrılmasına dair order verilmişdir. Bağ sahəsinin yerləşmə sxemi əlavə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən 19 sentyabr 2002-ci il tarixli məktubla X9 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir. X13 04 may 2003-cü il tarixdə ölmüş, xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı 04 may 2003-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi müəyyən edilmişdir. İddiaçı mərhum ərinə ayrılmış bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
26. Cavabdehin imtinasının və etirazının dəlili isə ondan ibarət olmuşdur ki, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin bir hissəsi “4700” saylı bağın ərazisinə düşür. Əlavə olaraq iddiaçı tərəfindən göstərilmiş bağ sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5143 nömrəli bağ sahəsi kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X4 müraciəti İdarəyə daxil olmuşdur. Torpaq sahəsinin faktiki olaraq istifadədə olmadığı məlum olmuş, həmçinin İdarənin arxivində xx.xx.2004-cü il tarixdə X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş akt ilə 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi barədə məlumat mövcuddur. Torpaq sahəsi qonşu torpaq sahəsi ilə eyni hasar daxilindədir.
27. Məhkəmə tərəfindən cavabdehin dəlilləri araşdırılmış, araşdırma nəticəsində işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilmişdir ki, 4701 saylı bağ sahəsi iki sahənin hasar daxilində yerləşir, sxematik xəritəyə əsasən faktiki iddia olunan iki hasarlanmış sahə 4701 bağın ərazisidir. Göründüyü kimi, iddiaçının iddia etdiyi bağın yerləşməsi sxematik xəritəyə əsasən öz yerinə, yəni 4701 nömrəli bağın ərazisinə uyğun uyğun olmuş, belə olan təqdirdə 5143 nömrəli bağ sahəsinə iddiası olan 3-cü şəxsin müraciətində göstərdiyi torpaq sahəsinin 5143 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlməsi mümkün deyildir. Bu səbəbdən də, cavabdehin sözügedən dəlilləri əsassız hesab edilməlidir.
28. Eləcə də, 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli aktın mövcud olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin akt bağların yerində yoxlaması-reydi zamanı tərtib edilmiş akt olmaqla, aktda bağların yoxlama zamanı mövcud vəziyyətinə dair məlumatlar əks olunmuş və həmin məlumatlara əsasən orderin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən akt əsasında X12 tərəfindən orderin ləğv edilməsinə dair hər hansı bir qərar, protokol, sərəncam və s. qəbul edilməsi barədə sübut aşkar edilməmişdir.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin akt orderin ləğv edilməsinə əsas olmuş sübut kimi qiymətləndirilə bilmədiyindən cavabdehin həmin dəlili də, əsassız hesab edilməlidir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum ərinin sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Məhkəmə eləcə də, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
34. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X11 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
36. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
37. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
38. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
40. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
41. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
43. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
46. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
47. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına uyğun olaraq 26 №-li 05 aprel 1989-cu il tarixli order əsasında ayrılmış Ləhiş ərazində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva