Məhkəmə qərarları › İş №2-1(112)-461/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-461/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-461/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “X3 şəxsi hesab vərəqəsində olan məbləğin iddiaçıya qaytarılması” tələblərinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 şəxsi hesab vərəqəsində olan 11000 (on bir min) manat pulun İddiaçı ödənilməsi öhdəliyininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum anası vergi ödəyicisi olmuşdur. Vergi ödənişləri daim vaxtı-vaxtında aparılmış, bunun nəticəsində artıq ödəmələr yaranmışdır. X5 xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra notariat ofisində vərəsəlik işi açılmış, İddiaçı vərəsə kimi tanınmış və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan sonra iddiaçı sənədlərini toplayıb adiyyəti üzrə cavabdehə müraciət etmiş, ancaq bu günə qədər ərizəsi təmin edilməmişdir. İddiaçıda olan məlumatlara görə artıq ödəmə 11000 (on bir min) manatdan artıq olmuşdur. Cavabdeh orqan notariat ofisinə məlumat verərək qeyd edir ki, şəxsi hesab vərəqəsində 5400 manat pul vəsaiti vardır. İddiaçı qeyd edir ki, hesabda 11000 manat pul vardır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Məhkəmə qaydasında bu məsələ öz həllini tapa bilər. Dövlət Vergi Xidmətinin ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, uçot baza məlumatlarına əsasən X3 (VÖEN: **********) xx.xx.2022-ci il tarixinə şəxsi hesab vərəqəsində 5400,00 manat vergilər üzrə artıq ödəmə olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bildirilir ki, vergi ödəyicisinin vergilər üzrə vərəqəsində 3200,00 manat artıq ödəmənin yarandığı tarixdən 5 il keçdiyi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə vəsatət ünvanlayaraq cavabdehin əsl cavabdeh Xidmətin Bakı şəhəri X10 üzrə Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2834/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin Xidmətin Bakı şəhəri X10 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə daxil olmuş etirazında qeyd etmişdir ki, araşdırma zamanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 11000 manat artıq ödəmə məbləğinin mövcud olmadığı müəyyən edilmişdir. Bildirilir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi ödəyicisinin son 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması və hesablanmış məbləğin yenidən hesablanması, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi barədə müraciətinin olmadığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 9898,70 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğindən 6298,70 şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********210800 nömrəli bildiriş göndərilmişdir. Həmin məbləğin 3600,0 manat miqdarında olan hissəsi isə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənildikdən sonra vergi ödəyicisinə müvafiq bildirişin göndərilməsi təmin ediləcəkdir. Göründüyü kimi, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qaytarılmalı olan 11000 manat məbləğində vergi məbləği müəyyən edilməmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan 1800 manata münasibətdə isə bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq ərizə forması ilə vergi orqanına müraciət edilərək həmin məbləğin qaytarılması tələb edilmiş, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” Rəy tərtib edilməklə xx.xx.2022-ci il tarixli **********162400 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmiş və qeyd olunan məbləğin iddiaçıya qaytarılması təmin edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “X3 şəxsi hesab vərəqəsində olan 9200 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması” şəklində icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, elektron və yazılı qaydada müraciət etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən tələbi təmin edilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi iddiaçının ilkin müraciətlərində edilən tələblərlə əhatə olunmaqdadır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Vergi ödəyicinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə şəhadətnamə verilmişdir (VÖEN **********). 001817 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı (hazırkı iş üzrə iddiaçı) İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********68000 saylı məktubuna əsasən dövlət büdcəsinə artıq ödənilmiş 2200 manat məbləğində pul vəsaitindən ibarətdir. Cavabdehin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunur ki, vergi ödəyicilərinin dövlət reyestri məlumatlarına əsasən X3 (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə ********* nömrəli doqquz rəqəmli VÖEN ilə, xx.xx.2006-cı il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınması barədə məlumat mövcuddur. İşdə olan X3 Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi qrafasında VM-nin 85.5ci maddəsinə əsasən 6298,70 manat qeyd olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı tərəfindən verilmiş Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəyə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək,

1. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat;

2. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 600 (altı yüz) manat;

3. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat;

4. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat olmaqla, xx.xx.2022-ci il tarixə yatanmış cəmi 1800 manat artıq ödəmələrin geri qaytarılmasını xahiş etmişdir. X4 aid Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən müəyyən edilir ki, iddiaçının vəsaitin geri qaytarılması ilə bağlı müraciət etdiyi tarixə nəzərən qanunvericiliklə nəzərdə tutulmuş 5 illik müddətin başlanğıcı onun onun müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək müəyyən edilməlidir. Göstərilən müddətin hesablanması vərəsəlik haqqında şəhadətnaməyə münasibətdə götürülməsi ehtimalında isə xx.xx.2017-ci il tarixdən müəyyən ediləcəkdir. Belə olan halda məhkəmə tərəfindən E.Əliyevaya münasibətdə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən əvvələ onun sonuncu artıq ödəməsi xx.xx.2017-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.Vergi dövrü dedikdə vergi öhdəliyinin subyektin maliyyə-təsərrüfat fəaliyyətinin müddət olaraq hansı hissəsi üzrə müəyyənləşdirilməsi (məsələn, il, rüb, ay) nəzərdə tutulur. İddia tələbində qeyd edilən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. Həmin Qaydaların 2.1-ci bəndinə görə Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.4-cü bəndə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.4-1-ci bəndə əsasən, icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.5-ci bəndinə görə, büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə müvafiq olaraq, maliyyə orqanları, sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum tərəfindən vergi orqanına və maliyyə orqanına məcburi dövlət sosial və işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə 5 (beş) gün müddətində məlumat verilir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı tərəfindən tələb edilən artıq ödəmənin yaranmasına əsas olmuş 9200 manat məbləğində vəsait bir dəfəyə yaranmamış, müxtəlif dövrlərdə və fərqli məbləğlərdə həyata keçirilmiş ödənişlərin nəticəsində formalaşmışdır. E.Əliyevanın iddiaçı tərəfindən tələb edilən artıq ödəmələri xx.xx.2015-ci il tarixdən başlanmaqla xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydalaranın təsdiq edilməsi barədə” 48 saylı, 23 fevral 2001-ci il tarixli qərarına əsasən, Qaydalara 1 nömrəli əlavə mövcuddur və sözügedən əlavə “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə” adlanan sənəddən ibarətdir. Həmin sənəddə hər bir ödənişə münasibətdə ayrı-ayrılıqda, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) qeyd olunması tələb olunur. Odur ki, iddiaçı tərəfindən hər bir ödənişə münasibətdə 5 illik müddət tətbiq edilməklə məhkəmə hesab edir ki, iddiaçı tələbetmə müddətini keçirməklə cavabdehə müraciət etmiş, yekun nəticədə onun tələbinin tələbetmə müddəti keçmiş ödənişlərə münasibətdə təmin edilməməsindən ibarət cavabdehin hərəkətləri qanuni olmuşdur.Sonuncu tələbetmə müddəti keçmiş ödəniş qismində isə xx.xx.2017-ci il tarixli 400 manat məbləğində artıqödəmə çıxış etməkdədir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 tərəfindən də artıq ödənişlərin qaytarılması üçün heç bir müraciət edilməmişdir. Onun vəfat etməsi isə vərəsələrinə münasibətdə tələbetmə müddətinin yenidən başlamasına səbəb olan hal kimi qiymətləndirlə bilməz. İddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbinin ifadə tərzinə münasibətdə məhkəmə qeyd edir ki, ödənişin qaytarılması şəklində tələb irəli sürməklə iddiaçı faktiki olaraq artıq ödənişlərin ona ödənilməsinə nail olmağa çalışdığından, iddia tələbi əlavə dəqiqləşmə aparılmadan “cavabdehin üzərinə ödənişlərin qaytarılması üçün rəy verməsi öhdəliyinin qoyulmasını” da ehtiva etməkdədir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “X3 şəxsi hesab vərəqəsində olan məbləğin iddiaçıya qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar