Məhkəmə qərarları › İş №2-1(112)-461/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-461/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-461/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 və Abbasova (Metin) Sevinc Soltan qızı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 və Abbasova (Metin) Sevinc Soltan qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 2 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının Aparatının 07 avqust 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1053 №-li sərəncamdan çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair bağ məsələləri üzrə komissiya yığıncağının 03 iyun 1993-cü il 50 №-li protokolu. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ saəhsi ayrılmışdır.

108. İddiaçı-Göradil BTK 89. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar İdarəsi Göradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən iddiaçıya 3 iyun 1993-cü il tarixli 1053 №-li qərara əsasən ona Göradil bağlar sahəsində 89 №-li BTK nəzdində 0,12 hektarlıq torpaq sahəsi 888 T saylı bağ sahəsi ayrılmasına dair 108 №-li Order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 15 sentyabr 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...idarənin arxivində eyni bağ tikinti kooperativi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına order mövcuddur. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və bağ-tikinti kooperativinin sxemində əksini tapmamışdır. Həmçinin göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir”.

İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmaqla həmin torpağa çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti, Apparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfat İdarəsi tərəfindən ona Goradil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən 108 saylı order verilmişdir. Həmin order ona Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1053 saylı qərarına əsasən sahəsində 89 saylı ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 888 ”T” saylı bağ sahəsi ayrılmışdır.

Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X2) order mövcuddur. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və bağ-tikinti kooperativinin sxemində əksini tapmamışdır. Həmçinin göstərilən sahə 1500-1600 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi 30860 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında bağ evi kimi X1 adına qeydiyyatdan keçmişdir.

Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, 108 №-li Orderə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar İdarəsi Göradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən iddiaçıya 3 iyun 1993-cü il tarixli 1053 №-li qərara əsasən ona Göradil bağlar sahəsində 89 №-li BTK nəzdində 0,12 hektarlıq torpaq sahəsi 888 T saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin orderə istinad edərək həmin bağ sahəsi üzərində mükiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X2) order mövcuddur. 2) Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi 30860 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında bağ evi kimi X1 adına qeydiyyatdan keçmişdir: 3) Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və bağ-tikinti kooperativinin sxemində əksini tapmamışdır; 4) Göstərilən sahə 1500-1600 ilə başlayan bağların ərazisinə uyğun gəlir; 5) Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin imtinasının və etirazının dəlillərindən göründüyü kimi, torpağın yerləşməsi ilə bağlı uyğunsuzluqlar mövcuddur. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması təkcə hüquqmüəyyənedici sənədin verilməsi ilə deyil, həmçinin torpağın naturada müəyyən edilməsi ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. İddiaçının təqdim etdiyi sənəddən müəyyən edilir ki, ona torpaq sahəsi 89 №li BTKnın nəzdində olan “888T” saylı torpaq sahəsi ayrılmışdır. Lakin torpaqların yeganə elektron kadastr daşıyıcısı olan cavabdeh İdarənin dəlillərindən müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilən sahə 1500-1600 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin cavabdehin digər dəlilərindən müəyyən edilir ki, İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X2) order mövcuddur. Bundan başqa, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi 30860 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında bağ evi kimi X1 adına qeydiyyatdan keçmişdir Məhkəmə qeyd olunan halların araşdırılması ilə əlaqədar mütəxəssis rəyinin alınması qərarına gəlmişdir. Cavabdeh 11 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərinin tarifləri”nin Xİ bəndində torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, Tarif Şurasının Xİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı (ödəniş üçün əlaqə nömrəsi 195-1-3) ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən mütəxəssis verilməsinə görə xidmət haqqı ödənilməmişdir. İddiaçı ilə əlaqə saxlanıldıqda mütəxəssis rəyinin verilməsi ilə bağlı rüsumu ödəməyəciyni bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Baxılan işdə, iddia növü öhdəliyin icrası haqqında iddia olduğu üçün sübutetmə yükü cavabdehin üzərinə düşsə də, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üşün xidmət haqqı ödənilmədiyindən cavabdehin imtinasında qeyd edilən dəlillərin əsaslı olubolmamasının araşdırmaq mümkün olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi rədd eidlməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar