Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4611/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh AR Nazirlər Kabinetinə qarşı «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar ərizəsində bildirilmişlər ki, dünya üzrə geniş yayılmış “COVİD-19” pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bu qurumun qəbul etdiyi qərarlar əsasında yaşı 65-dən yuxarı olan şəxslərin sərbəst hərəkətlərinə qadağalar tətbiq olunmuşdur. İddiaçı1 təqaüdçüdür, 1948-ci ildə doğulmuşdur (72 yaşı var). 2017-ci ilin iyun ayından etibarən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin İsmayıllı Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən qaldırılmış iddia ilə bağlı mülki iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb olunmuşdur. Müvafiq mülki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə baxılması ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-209/2018 saylı iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi qismində onun oğlu İddiaçı2 tanınaraq işdə iştiraka cəlb olunmuş, lakin 16 mart 2017-ci il tarixdə sonuncunun sifarişli həbsinin reallaşdırılması səbəbindən 14 iyun 2017-ci il tarixdən 3 may 2018-ci il tarixədək olan müddət ərzində işin apellyasiya icraatında məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin iclasda iştirakı təmin olunmamış, nəticədə bu mülki iş üzrə cavabdehin qanunla müəyyən olunmuş müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilməklə iddia tələbi qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti 6 iyun 2018ci il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra bir neçə kassasiya şikayəti verilsə də, hər dəfə əsassız və qanunsuz olaraq cavabdeh İddiaçı1 və onun nümayəndəsi İddiaçı2 məhkəmə iclaslarında iştirakı təmin olunmadan qərardadlar çıxarılaraq kassasiya şikayətinin icraata götürülməsinin qarşısı alınmışdır. Sonuncu dəfə İddiaçı2 verdiyi şikayətlə bağlı məhkəmə aidiyyəti qaydaları kobud surətdə pozulmaqla apellyasiya baxışı təyin edilmiş, lakin yenidən hakim tərəfindən 10 iyul 2020-ci il tarixdə qərardad çıxarılaraq kassasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan məlum olur ki, yayılmış “COVİD-19” virusu ilə əlaqədar işin apellyasiya baxışında iştirak etməli olan şəxslərin (hazırkı iddiaçıların) işdə iştirakı təmin olunmamış, bununla da məhkəmədə çəkişmə prinsipi kobud surətdə pozulmuş, birgə iddiaçıların qanunla müəyyən edilmiş hüquq və azadlıqlarına qəsd edilmiş, nəticədə onların şikayət və tələbləri təmin olunmamışdır. Anoloji hal İsmayıllı Rayon Məhkəməsinin 6(037)-4/2020 nömrəli iş üzrə 17 aprel 2020-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə nəzarəti qaydasında Şəki Apellyasiya Məhkəməsində keçirilən iclasda təkrarlanmışdır. Həmin şikayət üzrə 12 iyun 2020-ci il tarixli qərarda “COVİD-19” pandemiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə İddiaçı2 iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmiş, nəticədə məhkəmə tərəfindən çəkişmə prinsiplərinə riayət olunmadan onların şikayət və tələbləri təmin olunmamışdır. Oxşar hallardan biri də Ağsu Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında icraatında olmuş İddiaçı2 şikayəti üzrə 21 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası ilə bağlı olmuşdur. Belə ki, istər Ağsu Rayon Məhkəməsinin, istərsə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olmuş işlər üzrə keçirilmiş məhkəmə iclaslarında tərəflərin iştirakını nəzərdə tutan prosessual hüquq normalarının tələblərindən məlum olduğu kimi, şikayət vermiş şəxs məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir (CPM-in 450.2.1-ci maddəsi). Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİ hissəsində hər kəsin məhkəmə prosesində dinlənilmək hüququ təsbit olunmuşdur. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinin imperativ tələbi əsasında məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməlidir. İstinad olunan prosessual və konstitusion hüquq normalarının tələblərindən aydın şəkildə görünür ki, qanunverici orqan məhkəmə icraatında çəkişmə prinsipinin əsas tərkibi kimi hər kəsin məhkəmədə iştirak etmək və dinlənilmək hüququnu müəyyən etmiş və Konstitusiyanın 127-ci maddəsinin Vİ hissəsində xüsusilə qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş halar istisna olmaqla cinayət işinin qiyabi məhkəmə icraatına yol verilmir. AR Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayılbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədən baxıla bilməz. Bu maddənin 3-cü bəndinin tələbində xüsusilə qeyd olunur ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Göründüyü kimi, qanunverici orqan istər mülki və inzibati məhkəmə icraatı zamanı, istərsə də cinayət mühakimə icraatı zamanı işə qiyabi məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etməmiş, məhkəmə icraatının obyektivliyi baxımından çəkişmə prinsipi müəyyən etmiş və bu prinsipin əsası kimi tərəflərin məhkəmə iclaslarında iştirakının zəruriliyini nəzərdə tutmuşdur. Qanunvericilik aktlarında belə imperativ normaların təsbit olunmasına baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət və Mülki kollegiyalarının 12 iyun 2020-ci il və 16 iyun 2020-ci il tarixli qərar və qərardadının, eləcə də Ağsu Rayon Məhkəməsinin 21 may 2020ci il tarixli qərarının giriş və əsaslandırıcı hissələrindən aydın şəkildə görünür ki, məhkəmə mübahisələrinə tərəflərin iştirakı təmin olunmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmış, bunun səbəbi “COVİD-19” infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması ilə əlaqələndirilmiş, nəticədə isə obyektiv və ədalətli məhkəmə araşdırmaları aparılmadan məhkəmə iclasları keçirilmiş, onların şikayət və tələbləri təmin edilməmişdir. AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın rəsmi göstərişlərindən məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan edilmiş, bu qadağanın tətbiqindən sui-istifadə edən məhkəmə instansiyaları isə geniş müzakirə və araşdırmalar tələb edən məhkəmə mübahisələrinə tərəflərin işdə iştirakını təmin etmədən və məhkəmə iclaslarını təxirə salmadan, eləcə də xüsusi texniki vasitələrin köməyindən istifadə etmədən qiyabi məhkəmə icraatı həyata keçirməklə baxmışdır. Nəticədə isə müvafiq məhkəmə hakimlərinin qanunsuz hərəkətləri ilə bağlı onların (hazırkı iddiaçıların) qanuni mənafeyinə mühüm ziyan vurulmuş və törədilmiş bu pozuntuların əsasında AR Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi qadağalar dayanmışdır. Bu qadağaların tətbiq edilməsi nəticəsində mübahisələrin obyektiv məhkəmə araşdırmaları təmin edilməmiş, məhkəmə nəzarəti qaydasında baxılmış işlərlə bağlı qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarları sonuncu məhkəmə instansiyası hesab edilmiş, nəticədə isə onların (hazırkı iddiaçıların) iştirakı təmin olunmadan bu qərarların qəbulu ilə məhkəmə mübahisələri üzrə qanuni mənafelərinə 1.000.000 manatdan artıq maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada AR Nazirlər Kabinetinə 29 iyun 2020-ci il tarixli pretenziya (tələb) ünvanlanmış, lakin tələb olunan məbləğin könüllü şəkildə ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən də mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi qarşısında AR Nazirlər Kabinetinə qarşı iddia qaldırılmış, lakin bu iddia ilə bağlı məhkəmə tərəfindən 16 iyul 2020ci il tarixli qərardad çıxarılmaqla mövcud mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair qənaətə gəlinmişdir. Məhz həmin məhkəmənin qənaətinə uyğun olaraq, mövcud mübahisə ilə bağlı AR Nazirlər Kabinetinə qarşı qaldırılan bu iddia məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) təqdim olunur. İşin faktiki hallarından göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsində və Ağsu Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclaslarında tərəflərin iştirakının təmin olunmaması məhkəmə aktlarında rəsmi şəkildə “COVİD-19” pandemiyası ilə əlaqələndirilmiş və bununla da iddia ərizəsinin “hüquqi məsələlər” bölməsində istinad olunan prosessual və konstitusion hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Keçirilmiş məhkəmə iclaslarında onların iştirakının təmin olunmamasının birbaşa səbəbi AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi qadağalarla əlaqədar olmuş, məhkəmə instansiyaları isə tətbiq edilmiş bu qadağaları üzürlü hesab etməklə məhkəmə iclaslarını təxirə salmalı olduqları halda bunu və ya digər növ tədbirlərin həyata keçirilməsini təmin etməmiş, nəticədə isə məhkəmədə çəkişmə prinsiplərinə riayət olunmadan qiyabi məhkəmə icraatları aparılmış və qəbul olunmuş qərarlarla onların (hazırkı iddiaçıların) şikayət və tələbləri təmin olunmamış, məhkəmə nəzarəti qaydasında baxılmış mübahisələrə dair qəbul olunmuş apellyasiya instansiyasının qərarları isə sonuncu məhkəmə instansiyası hesab olunmuşdur. Burada nəticə ondan ibarət olmuşdur ki, AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi qadağalarla onların məhkəmə iclaslarında iştirakı məhdudlaşdırılmış, məhkəmə instansiyalarında isə işlərə baxılmaqla qeyri-obyektiv və ədalətsiz qərarlar qəbul edilmiş və bu qərarların qəbul edilməsi ilə onların qanuni mənafeyinə xüsusilə külli miqdarda maddi ziyan vurulmuşdur. Real vəziyyətdə əgər “COVİD-19” virusunun geniş yayılması ilə bağlı həmin dövrdə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmalarına konkret qadağalar tətbiq edilmişdirsə, o zaman belə şəxslərin iştirakını nəzərdə tutan məhkəmə iclaslarında işlərə onların iştirakı təmin olunmadan baxılması, şikayət və tələblərin təmin edilməməsi və çəkişmə prinsipinə riayət olunmaması konstitusion hüquq normalarının tələblərinin kobud pozuntusu kimi qiymətləndirilməli və belə qanun pozuntularının törədilməsinə şərait yaradan qərarları qəbul edən inzibati orqanların mülki məsuliyyətə cəlb olunması təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinin tələbindən göründüyü kimi, AR Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. İstinad olunan bu konstitusion hüquq normalarının imperativ tələblərinə baxmayaraq işin faktiki hallarından görünür ki, keçirilmiş məhkəmə proseslərində yaşı 65dən yuxarı olan şəxslərin iştirakının və tələblərinin təmin olunmaması ilə nəticələnən qərarların qəbul edilməsi belə şəxslərin konstitusion hüquqlarını kobud surətdə pozmuş və həmin şəxslərin qanuni mənafeyinə vurulmuş ziyanla bağlı məhdudiyyət qərarlarını qəbul edən AR Nazirlər Kabinetinin yaşı 65-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları qarşısında mülki məsuliyyəti yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi, onların iştirakı təmin olunmadan keçirilmiş məhkəmə proseslərinin nəticələrinə dair qəbul olunmuş qərarların əsasını mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr təşkil etmiş və bu qərarların qəbul edilməsi qanunla müəyyən edilmiş mülkiyyət hüququna əhəmiyyətli dərəcədə zərər vurmuşdur. AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlarla tətbiq olunmuş qadağalar isə mülki hüquq pozuntularının törədilməsinə səbəb olmuşdur. Beləliklə, işin obyektiv və konkret halları ilə bağlı istinad olunan maddi, prosessual və konstitusion hüquq normalarının imperativ tələbləri ilə sübut olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki və Cinayət kollegiyalarında və Ağsu Rayon Məhkəməsində onların iştirakı təmin olunmadan məhkəmə iclaslarının keçirilməsi, bu iclasların nəticələrinə dair yekun qərarların qəbul edilməsi, tərəflərin iştirakının təmin olunmamasının isə “COVİD-19” virusu ilə əlaqələndirilməsi hakimiyyət səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilməli və “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qadağaları tətbiq edən AR Nazirlər Kabineti məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 16-cı maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ və İV hissələrinə, 68-ci maddəsinin İİ, İİİ və İV hissələrinə, 71-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə, 72-ci maddəsinin İİ hissəsinə, 80-cı maddəsinə, 147-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, AR MPM-nin 1.3, 2.1, 4.1, 5.1, 13.1-ci maddələrinə, AR CPM-in 12.1-ci maddəsinə, AR Mülki Məcəlləsinin 14.2, 14.2.2, 14.2.6, 21, 1096, 1100-cü maddələrinə, İPM-in 2.2, 2.2.7, 34.1-ci maddələrinə istinad olunaraq, məhkəmədən onların (iddiaçıların) Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş hüquqlarının pozulmasına səbəb olan qərarın AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilməsi nəticəsində məhkəmə instansiyalarında qanuni mənafeyinə vurulmuş 1.000.000 manat məbləğində zərərin cavabdeh AR Nazirlər Kabinetindən tutularaq onlara ödənilməsinə dair qərar çıxarılması, AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almadan müəyyən olunmuş qaydaları hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək kobud surətdə pozan müvafiq məhkəmə hakimləri barəsində xüsusi qərardad çıxarılmaqla nəzarətedici dövlət hakimiyyəti orqanlarına təqdimat ünvanlanması, iş üzrə keçiriləcək məhkəmə iclasında onların iştirakının təmin olunması məqsədilə müvafiq qərar qəbul edərək digər zəruri tədbirlərin görülməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2045/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə göndərilmişdir. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı1 gəlmişdir. İPM-in 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə digər iddiaçının və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun 25-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddiaçıların öz tələblərini əsaslandırdığı dəlillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın hərəkətlərinin qanunauyğunluğu və bunun nəticəsində dəymiş ziyanın tutulmasına formal olaraq istiqamətlənmişdir, bu dəlillər daha çox məhkəmələrin icraatında olmuş müvafiq işlər üzrə prosessual qanunvericiliyin tələblərinin gözlənilməməsi ilə əlaqədardır. Lakin iddiaçıların tələbi hazırkı cavabdehə qarşı yönəldiyindən məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verərək, aşağıdakıları diqqətə çəkir: - cavabdehin müvafiq qərarları və hərəkətləri heç bir halda iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Çünki, həmin qərarlar və hərəkətlər «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi daşımışdır; - iddiaçılar tərəfindən ümumiyyətlə onlara cavabdehin hərəkətləri nəticəsində hansı şəraitdə və hansı dərəcədə ziyan vurulması ilə bağlı dəlillər və sübutıar təqdim edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçıların tələbi əsassızdır və bu səbəbdən də təmin edilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4611/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4611/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver