Məhkəmə qərarları › İş №2-1(112)-4611/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4611/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4611/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı qarajın yerləşmə cizgisinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər (keçmiş Orconikidze) Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin 26.09.1989-cu il tarixli, 14 saylı sərəncamına əsasən ünvan 1 ünvanında şəxsi avtomaşın üçün ayrılmış qaraj yerinə cizgi tətib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri (keçmiş) Orconikidze rayonu X2 İcraiyyə Komitəsinin 26.09.1989-cu il tarixli, 14 saylı sərəncamına əsasən ünvan 2 ünvanında şəxsi avtomaşın üçün qaraj yeri ayrılmışdır. Həmin qaraj sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün Asan Xidmət Mərkəzinə müraicət etdikdə, həmin qaraj sahəsinin cizgisi tələb olunmuşdur. Tərəflərindən edilmiş müraciətə Dövlət Arxivinin Bakı Filialının verdiyi 23.08.2021-ci il tarixli, BA-03839-2021 saylı cavab mıəəktubunda bildirilmişdir ki, qərara cizgi əlavə edilməmişdir. Davamında qarajın mövcud vəziyyətində cizgisinin verilməsi barədə ərizəsinə cavabdeh inzibati orqan 24.09.2021-ci il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdir ki, Rayon İcra Hakimiyyəti sənədləri arxivə təhvil verdiyindən müsbət həlli səlahiyyətləri xaricindədir. İlk öncə bildirirlər ki, arxiv idarəsində qeyd olunan mahiyyətdə sənəd mövcud olmamışdır. Lakin, cavabdeh inzibati orqan bu faktı nəzərə almamışdır. Əlavə olaraq, cavabdeh orqanın bu imtina cavabı həmin qaraj sahəsinə qanunla tanınan hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. Çünki, həmin cizgi sənədini onların başqa formada əldə etmələri mümkün deyil. Nəzərə çatdırır ki, sərəncam tarixindən bugünə kimi qaraj sahəsi faktiki sahibliyində və istifadəsindədir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Suraxanı rayon XDS İcraiyyə Komitəsi tərəfindən qaraj yeri və ya digər məqsədlər üçün torpaq sahəsi ayrılarkən həmin dövrdəki qaydalara uyğun olaraq cizgi (plan-sxem) qərarın ayrılmaz hissəsi kimi vəzəntdaşlara təqdim edilmişdir. Eyni zamanda, rayon İcra Hakimiyyətinin ötən illərə dair səndləri, o cümlədən 1989-cu il də, daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən vətəndaşın RİH-nə ünvanladığı müraciətini təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 23.08.2021-ci il tarixli, BA-03839- 2021 nömrəli məktubla, təsdiq olunaraq verilmiş keçmiş Orconikidze rayonu X2 İcraiyyə Komitəsinin 26.09.1989-cu il tarixli, 14 saylı sərəncamından görünür ki, həmin sərəncamın 1-ci bəndinə əsasən Günəşli qəsəbəsi, “D” yaşayış massivində 29 və 28 saylı binaların həyətində 30 nömrəsi altında daş qaraj İddiaçı ayrılmışdır. Həmin qaraja cizgi və akt əlavə edilməmişdir. İşdə olan cavabdeh tərəfindən M-278.126 nömrəli, 24.09.2021-ci il tarixli məktubla verilmiş imtina məktubundan görünür ki, Qarajın mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilmə haqqında ərizəsinə Suraxanı rayon İcra Hakimiyyətində baxılaraq bildirilmişdir ki, RİH-nin sənədləri 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, keçmiş Orconikidze rayonu X2 İcraiyyə Komitəsinin 26.09.1989-cu il tarixli, 14 saylı sərəncamına əsasən Günəşli qəsəbəsi, “D” yaşayış massivində 29 və 28 saylı binaların həyətində 30 nömrəsi altında daş qaraj İddiaçı ayrılmışdır. Həmin qərara cizgi və akt əlavə edilməmişdir. İddiaçı tərəfindən cavabdehə daş qarajın yerləşmə cizgisinin verilməsi ilə bağlı müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən RİH-nin sənədlərinin 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyinə və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığına istinad edilərək imtina edilmişdir. Nəticədə iddiaçının mübahisəli qaraj üzərində gözlənilən hüquqlarının (mülkiyyət, icarə və s.) həyata keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı sərəncam əsasında ayrılmış daş qaraja dair yerləşmə cizgisinin alınması məqsədilə, sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı hərəkətlərin edilməsinə dair cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən ona ayrılmış daş qaraja dair yerləşmə cizgisinin əvvəllər verildiyindən, təkrar verilməsinin mümkün olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən daş qarajın yerləşmə cizgisi iddiaçıya ayrılan zaman cavabdeh tərəfindən verilməmişdir. Bu halı, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş məktub və ona əlavə edilmiş sözügedən sərəncamın təsdiq edilmiş surətidə təsdiqləyir. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iş üzrə mübahisəli ünvanda yerləşən qaraj sahəsinin yerləşməsinə dair cavabdeh tərəfindən cizgi verilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən sözügdən qarajın yerləşmə cizgisinin verilməməsi iddiaçının gələcəkdə gözlənilən (mülkiyyət, icarə və s.) hüquqlarının pozulmasına səbəb ola biləcəyindən, həmçinin, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmadığından, cavabdehin imtinası əsassız hesab olunmalı və bununla da, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Orconikidze rayonu X2 İcraiyyə Komitəsinin 26.09.1989-cu il tarixli, 14 saylı sərəncamı ilə İddiaçı ünvan 4 ünvanında şəxsi avtomaşın üçün ayrılmış qarajın yerləşmə cizgisinin verilməsi öhdəliyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar