Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4611/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mükafatın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, 2023-cü il üçün ona ödənilməli olan 13 və 14-cü birdəfəlik pul mükafatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində taqım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətə başlamış və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 0893 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2023-cü il ərzində xidmətdə olduğu müddətdə xidməti vərəqəsinə barəsində həqiqətə uyğun olmayan cəzalar yazılmış və qanunsuz olaraq həmin il ona verilməli olan 13 və 14-cü birdəfəlik pul mükafatından məhrum edilmişdir. Həmin pul mükafatının ona verilməsi ilə bağlı müraciət olunsa da, hal-hazıradək ünvanına hər hansı cavab məktubu göndərilməmişdir.
3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 №li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. İddiaçının “13 və 14-cü birdəfəlik pul mükafatı" kimi qeyd elədiyi ödənişlərin miqdarı və qaydası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 27-ci maddəsində “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” öz əksini tapmışdır. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı (bundan sonra - pul mükafatı) ödənilir. Müvafiq komandirlərin (rəislərin) mükafatın ödənilməsi haqqında əmrləri imzaladığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda olmaları ilə əlaqədar pul təminatı almaq hüququnu qismən və ya tam itirmiş hərbi qulluqçulara pul mükafatı verilərkən onların tutduğu sonuncu əsas vəzifə maaşı nəzərə alınır. Təqvim ili ərzində tam xidmət etməmiş hərbi qulluqçulara mükafat, xidmət edilmiş vaxta proporsional olaraq xidmətin hər bir tam təqvim ayı üçün pul mükafatının illik miqdarının 1/12 hesabı ilə ödənilir. Bu zaman xidmətin nataman təqvim ayları nəzərə alınmır. Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Xidmətdə olan hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi birləşmə, hissə komandirinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müəssisə və təşkilat rəislərinin vəsatətləri əsasında tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinlərinin; Silahlı Qüvvələr və qoşun növü komandanlarının və birlik komandirlərinin əmri əsasında həyata keçirilir. Bu zaman əmr layihələri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə razılaşdırılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hərbi qulluqçunun xidmətə münasibətindən asılı olaraq ona bu ödənişlər şamil edilib edilməməsi onun rəhbərliyinin səlahiyyətindədir. İddiaçı öz ərizəsində ona cəzalar verildiyinin etiraf etmiş və bu səbəbdən ödənişlərdən məhrum edildiyini qeyd etmişdir. Əlavə olaraq, iddiaçının bu barədə Müdafiə Nazirliyinə müraciəti daxil olmamışdır. Göstərilənlərə əsasən İddiaçı “13 və 14-cü birdəfəlik pul mükafatının ödənilməsi” tələbinə dair iddia tələbini rədd edilməsi xahiş edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Müdafiə Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0115 nömrəli şəxsi heyət üzrə əmrindən olan çıxarışda qeyd edilmişdir ki, kursant İddiaçı 703-cü əməliyyat (komando) briqadasının (N nömrəli hərbi hissə) tank əleyhinə bölüyünün tank əleyhinə taqımın komandiri vəzifəsinə təyin olunması əmr edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Müdafiə Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 0893 nömrəli şəxsi heyət üzrə əmrindən olan çıxarışda qeyd edilmişdir ki, leytenant İddiaçı 703-cü əməliyyat (komando) briqadasının (N nömrəli hərbi hissə) tank əleyhinə bölüyünün tank əleyhinə taqımın komandiri vəzifəsindən ehtiyata buraxılması əmr edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 300 nömrəli əmrindən olan çıxarışa əsasən, Tank əleyhinə bölüyün 4-cü tank əleyhinə taqımının komandiri leytenant İddiaçı, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinə göndərilməsi, Leytenant İddiaçı 2024-cü il yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilməsi, Leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq maaş həcmində birdəfəlik pul müavinəti ödənilsin. 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2024-cü ilin növbəti məzuniyyətindən 31 gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməsi əmr edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı şəxsi işinin “B Cəzalar” bölümünə əsasən, hərbi hissə komandirinin 2023-cü ilin avqust ayının yekunlarına görə “Şiddətli töhmət” cəzanın növü üzrə xx.xx.2023-cü il tarixli N nömrəli əmr verilmişdir. Hərbi hissə komandirinin məxfilik rejimini pozduğuna “VTUOBX” cəza növü üzrə xx.xx.2023-cü il tarixli 041 nömrəli əmr verilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdil
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddia tələbi pul təminatının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikasının «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
10. Pul təminatı və maddi təminat hüququ
2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
16. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 №li Qərarının:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: - qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. 17.İddia tələbi 2023-cü il üçün 13 və 14-cü birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlıdır. 18.Məhkəmə qeyd edir ki, hərbi qulluqçularına verilən pul təminatı Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. 19.Həmin Əsasnamənin 27-ci maddəsinə əsasən:
27. Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı 27.1 Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı (bundan sonra - pul mükafatı) ödənilir. Müvafiq komandirlərin (rəislərin) mükafatın ödənilməsi haqqında əmrləri imzaladığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda olmaları ilə əlaqədar pul təminatı almaq hüququnu qismən və ya tam itirmiş hərbi qulluqçulara pul mükafatı verilərkən onların tutduğu sonuncu əsas vəzifə maaşı nəzərə alınır. 27.2 Təqvim ili ərzində tam xidmət etməmiş hərbi qulluqçulara mükafat xidmət edilmiş vaxta proporsional olaraq xidmətin hər bir tam təqvim ayı üçün pul mükafatının illik miqdarının 1/12 hesabı ilə ödənilir. Bu zaman xidmətin nataman təqvim ayları nəzərə alınmır. 27.3 Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. 28 Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xidmətdə olan hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi birləşmə, hissə komandirinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müəssisə və təşkilat rəislərinin vəsatətləri əsasında tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələr və qoşun növü komandanlarının və birlik komandirlərinin əmri əsasında həyata keçirilir. 29 İşdə olan iddiaçının şəxsi işinin “B Cəzalar” bölümündən göründüyü kimi, onun barəsində hərbi hissə komandirinin 2023-cü ilin avqust ayının yekunlarına görə “Şiddətli töhmət” cəzanın növü üzrə xx.xx.2023-cü il tarixli N nömrəli əmr, hərbi hissə komandirinin məxfilik rejimini pozduğuna görə xx.xx.2023-cü il tarixli 041 nömrəli əmr verilmişdir. 30 Göründüyü kimi iddiaçı 2023-cü il ərzində intizam qaydalarına riayət etmədiyinə görə cəzalandırıldığından, həmin mükafatlardan mərhum edilimişdir. 31 Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. 32 İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 33 Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva