Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4613/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" (Azərbaycan) ASC işə cəlb edilməklə kredit borcuna görə restrukturizasiya tətbiq edilməli fiziki şəxslərin siyahısına daxil edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" (Azərbaycan) ASC işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Bank VTB (Azərbaycan)” ASC-dən götürdüyü kreditlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq kredit borcunun restrukturizasiya tətbiq edilməli fiziki şəxslərin siyahısına daxil edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun “Bank VTB (Azərbaycan)” ASC ilə arasında 23.07.2014-cü il tarixli, 125657-CNS-4996 saylı nağd pul krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz olmaqla 9000 (doqquz min) ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə o, 2015-ci ilin iyul ayına kimi ödənişlər etmiş və onun banka qalıq borcu 6796 ABŞ dolları qalmışdır. O zaman bankın təşəbbüsü ilə onunla qalıq borcu barəsində yeni müqavilə bağlanmışdır. O zaman bank müqavilə üzrə faizləri aşağı salacağını bildirmiş və müqaviləyə ona imza etdirmiş və kredit borcu üzrə yeni ödəniş cədvəli tərtib edərək ona təqdim etmişdir. O zaman o, bunun fərqinə varmamışdır. Belə ki, onun bank arasında bağlanmış kredit müqaviləsi üzrə əlavə və dəyişiklik barədə yeni müqavilə - 125657-CNS-4996 nömrəli “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma” 23 iyul 2015-ci ildə imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən “Kredit alanın Banka 23.07.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdıraraq 6796.00 ABŞ dolları (altı min yeddi yüz doxsan altı) məbləğində müəyyən edilmişdir. Müqavilənin digər şərtləri dəyişilməz qalmışdır. Sonradan bank yenidən onunla kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə yeni müqavilə imzalamağı bildirmiş və o zaman o, məcbur olub bankın təklif etdiyi müqaviləyə imza etmişdir. Belə ki, 23 iyun 2015-ci il tarixli, 125657-1-17845 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əlavə və dəyişiklik edilməsi barədə 04 fevral 2016-cı il tarixdə müqavilə bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən “Kredit alan” “Bank”a 04 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdıraraq 6360.00 *altı min üç yüz altmış) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqaivlənin 2-ci bəndinə əsasən “illik 20% olmaqla 50 ay müddətində” kredit borcunun ödənilməsi göstərilmişdir. Müqavilə üzrə o, ödənişləri etmiş və 2018-ci ilə kimi onun banka olan borcu 5353.51 ABŞ dolları olmuşdur. Lakin, bank 2018-ci ildə Qaradağ Rayon Məhkəməsinə müraicət edərək, 29 iyul 2014-cü il tarixli, 125657-CNS-4996 saylı “Nağd pul kredit müqaviləsi” üzrə onun banka olan borcu, əsas məbləğ 5353.51 ABŞ dolları, faiz məbləği 562.43 ABŞ dolları, cərimə məbləği 97.73 ABŞ dolları olmaqla, cəmi 6031,67 (altı min on üç) ABŞ dolları pulun və 20 may 2014-cü il tarixli, 125657-11226 saylı kredit xətti müqaviləsinə əsasən əsas borc – 1768.71 ABŞ dolları, faiz məbləği – 290.70 ABŞ dolları, cərimə məbləği – 25.20 ABŞ dolları, cəmi – 2084.61 ABŞ dolları məbləğində pulun tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi üzrə hər iki müqaviləyə əsasən onun banka olan borcu ümumilikdə 6013.67 ABŞ dolları və 2084.61 ABŞ dolları, cəmi 8098,38 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 2014-2021-ci ilə kimi o banka ümumilikdə 16000 min manatdan çox pul ödəməsinə baxmayaraq hazırki vaxta kimi bank onun əmək haqqından ödəmələr tutmaqda davam edir. Baxmayaraq ki, onun banka olan borcu çoxdan bağlanmalı idi. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 2014-cü ildən onun banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması” tətbiq edilməli idi. Lakin, bank sözügedən Fərmandan irəli gələn halları nəzərə almamışdır. Aşağıda qeyd olunan tarixlərə fiziki şxəslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəssinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Artıq o, iki ildir dəfələrlə həm banka, həm Mərkəzi Banka, həm də digər orqanlara müraciət etməsinə baxmayaraq, lakin bu vaxta kimi onun götürdüyü kreditin restrukturizasiyası tətbiq edilmir və əmək haqqından kredit borcunun tutulması davam etdirilir. Belə ki, o, cavabdehə müraciət edərək, onun “Bank VTB (Azərbaycan)” ASC-yə xarici valyutada ABŞ dolları olan kredit borcunun “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsini xahiş etmişdir. Sonradan bankın öz saytına yerləşdiydirdiyi cavabında ona bildirilmişdir ki, onun krediti üzrə 3871.77 (üç min səkkiz yüz yetmiş bir) məbləği həddində restrukturizasiya məbləği müəyyən edilmişdir. Bununla əlaqədar, o, ərizə ilə “Bank VTB (Azərbaycan)” ASCyə müraciət edərək, onun kredit borcuna Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 2014-cü ildən onun Banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilməsi və artıq ödənilmiş vəsaitin qaytarılması” tətbiq edilməsini xahiş etmişdir. Lakin, “Bank VTB (Azərbaycan)” ASC-nin 17.11.2021-ci il tarixli, 4943 nömrəli cavab məktubunda yalan yazaraq guya onun kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən onun banka yaranmış “Kredit borcuna görə restrukturizasiya tətbiq edilmədiyini qeyd edir və məktubun sonunda onu icra məmurunun adı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə hədələyir. Bu bank tərəfindən özbaşınalıqdır və hədə-qorxu ilə onun pulunu əlindən almaq deməkdir. Hazırda hesab edir ki, onun krediti üzrə problemli məsələ Azərbaycan Respublikası Mərkəzi Bankına “Bank VTB (Azərbaycan)” ASC arasında həll edilməli olduğu halda, hər iki qurum onu incidir və hüquqlarını pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıl əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MRK) məlumat bazasına əsasən, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Qeyd edilməlidir ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş məlumatlarla MKR-ə ötürülmüş məlumatlar arasında uyğunsuzluq olduğu üçün ilkin mərhələdə iddiaçının adı Fərmanın təsiri dairəsinə düşməmişdir. Bununla bağlı iddiaçının müvafiq qaydada müraciəti əsasında yenidən araşdırma aparılmış və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş iş materiallarına əsasən ona cəmi 6093.25 manat kompensasiya hesablanmışdır. Qeyd edilməlidir ki, ötən ilin dekabr ayında sözügedən kompensasiya məbləği Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-də olan hesbaına köçürülmüşdür. Bu zaman Fərmanın 2-ci hissəsinin tələbləri nəzərə alınmaqla, hesablanmış bu kompensasiya məbləği iddiaçını ödəniş müddəti keçmiş 23.09.2015-ci il tarixli və 04.02.2016-cı il tarixli kredit müqavilələri üzrə borcların proporsional qaydada ödənilməsinə yönəldilmişdir. Belə ki, birinci müqavilə üzrə borca 882.04 manat kompensasiya yönəldikdən sonra həmin müqavilə üzrə 359.86 manat əsas borc, ikinci müqavilə üzrə borca 5209.20 manat kompensasiya yönəldikdən sonra isə 283.32 ABŞ dolları əsas borc qalmışdır. Göstərilənlərlə yanaşı, o da, qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutarada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən ididaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki: - "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında 125657-CNS-4996 nömrəli, 29.05.2014-cü il tarixli “Nağd pul kredit müqaviləsi”-nə əsasən "xxxx" (Azərbaycan) ASC illik 20 % dərəcəsi ilə 3 il (36 ay) müddətinə İddiaçı 9000 (doqquz min) ABŞ dolları məbləğində kredit ayırmışdır. - 23.07.2015-ci il tarixdə 125657-CNS-4996 nömrəli “kredit müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma imzalanmışdır. Sözügedən razılaşmaya əsasən, “Kredit alan”ın “Bank”a 23 iyul 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 6796.00 USD (altı min yeddi yüz doxsan altı ABŞ dolları 00 sent) məbləğdə müəyyən edilmiş, hazırki “Razılaşma”nın imzalandığı tarixdən “Kredit alan” “Kredit məbləği”ni “Kredit Müqaviləsi” ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində (bundan sonra “Kredit müddəti” adlanacaq) istifadə etməyi və 23 il 2018ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 20 % (bundan sonra “Faizlər” adlanacaq) ödəməyi öhdəsinə götürür. “Kredit alan” 23 iyul 2015-ci il tarixinə kapitallaşdırılmış “Kredit məbləği”dən əlavə 37.00 USD (otuz yeddi ABŞ dolları 00sent) məbləğində cərimə borcu mövcuddur. - 04.02.2016-cı il tarixdə 125657-1-17845 nömrəli “Nağd pul krediti müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma imzalanmışdır. Sözügedən razılaşmaya əsasən, “Kredit alan”ın “Bank”a 04 iyul 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 6360.00 USD (altı min yeddi yüz doxsan altı ABŞ dolları 00 sent) məbləğdə müəyyən edilmiş, hazırki “Razılaşma”nın imzalandığı tarixdən “Kredit alan” “Kredit məbləği”ni “Kredit Müqaviləsi” ilə müəyyən olunan şərtlərlə və qaydada 50 ay müddəti ərzində (bundan sonra “Kredit müddəti” adlanacaq) istifadə etməyi və 04 aprel 2020-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 20 % (bundan sonra “Faizlər” adlanacaq) ödəməyi öhdəsinə götürür. “Kredit alan” 04 fevral 2016-cı il tarixinə kapitallaşdırılmış “Kredit məbləği”dən əlavə 55.81 USD (otuz yeddi ABŞ dolları 00 sent) məbləğində cərimə borcu mövcuddur. Razılaşma imzalandığı tarixdən 12 ay ərzində Əlavə 1-də nəzərə tutulan ödəniş cədvəlinə əsasən “Kredit alan” tərəfindən edilən ödənişlər üzrə, 10 təqvim günündən artıq gecikmə yaranmamaq şərti ilə, hazırki “Razılaşma”nın 2-ci bəndində qeyd olunmuş faiz dərəcəsi 18 % (on səkkiz) faiz dərəcəsinə endirilmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1431/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsinə əsasən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 29 may 2014-cü il tarixli, 125657-CNS-4996 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 5353,51 ABŞ dolları məbləğində əsas borc, 562.43 ABŞ dolları məbləğində faiz borcu, 97.73 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6013.67 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), habelə 29 may 2014-cü il tarixli, 125657-1-11226 saylı kredit xətti müqaviləsinə əsasən 1768.71 manat məbləğində əsas borc, 290.70 manat məbləğində faiz borcu, 25.20 manat məbləğində cərimə olmaqla, cəmi 2084.6 manat məbləğində borc və 30 manat dövlər rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış 23 yanvar 2020-ci il tarixli, 26-00443-2020 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Qeyd olunan Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. Problemli krediti ilə bağlı müraciəti göstərilən elektron səhifədə qeydiyyatdan keçirilmişdir. Müraciəti ilə bağlı qeyd ediləcək qərarla tanış olmaq üçün mütəmadi şəkildə ak.cbar.az elektron səhifəsi və pk.cbar.az saytına daxil olması xahiş olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2020-ci ilin dekabr ayında sözügedən kredit müqaviləsi və ona əlavə edilmiş razılaşmalarda nəzərdə tutulmuş borc məbləği üzrə kompensasiya məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən Fərmanın 2-ci hissəsinin tələbləri nəzərə alınmaqla, hesablanmış bu kompensasiya məbləği iddiaçının ödəniş müddəti keçmiş 23.09.2015-ci il tarixli və 04.02.2016-cı il tarixli kredit müqavilələri üzrə borcların proporsional qaydada ödənilməsinə yönəldilmişdir. Birinci müqavilə üzrə borca 882.04 manat kompensasiya yönəldikdən sonra həmin müqavilə üzrə 359.86 manat əsas borc, ikinci müqaviə üzrə borca 5209.20 manat kompensasiya yönəlikdən sonra isə 283.32 ABŞ dolları əsas borc qalmışdır. Eləcə də, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.13-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, iddiaçı tərəfindən sözügedən müddətədək kredit müqaviləsinin restrukturizasiyası məsələsinə baxılması ilə bağlı müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Həmin Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Həmin Fərmanın 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikası Mərkəzi Bankına verilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın müddəalarına uyğun olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə əlaqadar aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarının düzgün tətbiq edilməməsi halı müəyyən edilmədiyindən, bununla da, iddiaçının hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4613/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4613/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver