Məhkəmə qərarları › İş №2-1(112)-4614/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4614/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4614/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı “Şəhid ailəsi statusunun” verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş qardaşı, X11 ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə vuruşaraq xx.xx.1994-cü il tarixdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir.Uşaqlıqdan yaranan xəstəliklərinə görə ona ömürlük 2-ci qrup əlillik təyin edilmişdir. Xəstəliklərindən özü sərbəst hərəkət edə bilmədiyinə görə daima başqa şəxsin köməyinə (qayğısına) ehtiyacı vardır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, 84 yaşlı atası X9 isə ona Şəhid ailəsi statusunun verilməsinə etirazı yoxdur. Ona Şəhid ailəsi statusunun verilməsi ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi müraciət etmiş, cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli cavabına əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa görə yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab olunduğunu bildirərək əsaslı tələbindən imtina edilmişdir.Cavabdeh təşkilatın imtinası qeyri-qanuni olmaqla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir. Vİ-ЖГ seriyalı 337148 nömrəli xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur.Atası- X9, anası- X4r. AЗ seriyalı ******* nömrəli xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Atası- X9, anası- X4r. İİ-ЖГ seriyalı 457799 nömrəli xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə qarının sol tərəfində böyük ölçülü qəlpə yaralanması səbəbi ilə ölmüşdür. AZ-İİ seriyalı 369085 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023- cü il tarixdə ölmüşdür. 4 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci ildən müddətsiz olmaqla 2-ci dərəcəli əllillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 seriyalı 973396 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci ildən müddətsiz olmaqla ikinci qrup əllillik təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X16 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-13-23/2-Y-809xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Şəhid ailə üzvü hesab edilməsi barədə sənədin verilməsinə köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Bildirlir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa uyğun olaraq yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X16 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-13-23/2-218/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iş üzrə müvafiq məktuba baxılmışdır. Bildirilir ki, sabiq polis kiçik serjantı X11 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Məktubda qeyd olunan məsələ ilə bağlı vətəndaş İddiaçı müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X16 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-13-23/2-393/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi tələbinə dair iş üzrə müvafiq məktuba və sərəncama baxılmışdır. Aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, vətəndaş İddiaçı eyni məzmunlu müraciətinə əvvəllər X16 İdarəsində baxılmış və nəticəsi barədə ona məlumat verilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər. Qeyd olunan hüquqi normanın tələbinə əsasən 18.11. 1978-ci il təvəllüdlü İddiaçı şəhid ailə üzvü hesab edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçılar inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunundan: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»ndan: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İş materiallarından görünür ki, iddiaçının qardaşı, sabiq polis kiçik serjantı X11 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. İddiaçı şəhidin qardaşı olduğundan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə müvafiq olaraq şəhid ailəsi üzvü hesab edilən şəxslər sırasındadır. Cavabdeh imtina əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa uyğun olaraq yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalar»da təsbit edilmiş tələb “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununda nəzərdə tutulmamışdır. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Şəhid ailəsi” statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar