Məhkəmə qərarları › İş №2-1(112)-4615/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4615/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4615/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və ixtisas dərəcəsinə görə əlavələrin hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 14 sentyabr 2005-ci ildə təqaüdə, əlilliyə görə əmək pensiyasına çıxdığı tarixdən bugünə kimi dövlət qulluğu ilə bağlı əmək pensiyasına verilən vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və ixtisas dərəcəsinə görə əlavələrin hesablanması barədə iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-314/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə dövlət qulluğu ilə bağlı əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş və sənədlərini təqdim etmişdir. Lakin, cavabdeh xx.xx.2019-cu i ltarixli, **********5 saylı məktubu ilə müraciətindən imtina etmişdir. 1980-1984-cü ilə kimi Şamaxı rayon Statistika idarəsində iqtisadçı, 1984-1986-cı illərdə baş iqtisadçı və 1987-1991-ci illərdə rəis müavini vəzifələrində işləmiş və 10 il, 1 ay dövlət qulluğunda işləmişdir. 14 sentyabr 2005-ci ildə əlilliyə görə əmək pensiyasına çıxmışdır. Həmin tarixdən bu günə kimi dövlət qulluğu ilə bağlı əmək pensiyasına verilən vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və ixtisas dərəcəsinə görə əlavələr ona hesablanmamış və ona verilməmişdir. 01 sentyabr 2019-cu il tarixdən dövlət qulluqçularında 50 faiz vəzifə maaşları artmışdır. Bu artım onun pensiyasında 55-60 faiz artırılmalı olduğu halda, xx.xx.2017-ci il yeni pensiya qanununa uyğn ona əsassız olaraq şamil olunmuşdur. 14 sentyabr 2005-ci ildə təqaüdə əlilliyə görə əmək pensiyasına çıxdığı tarixdən bu günə kimi dövlət qulluğu ilə bağlı əmək pensiyasına verilən vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və ixtisas dərəcəsinə görə əlavələr ona hesablanmamışdır. Hesab edir ki, həmin əlavələrin ona hesablanması barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (“Cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2005-ci il tarixindən - əmək pensiyasına çıxdığı tarixdən bu günə kimi dövlət qulluğu ilə bağlı əmək pensiyasına vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və ixtisas dərəcəsinə görə əlavələrin hesablanmasının və iddiaçıya ödənilməsini xahiş etmişdir.Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il, 07 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. Əlavə 1 -in 10-cu bəndi ilə müəyyən edilir ki. dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdivi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Belə arayışlar olmadan İddiaçıya qeyd olunan əlavələrin hesablanması Azərbaycan Respublikası Prezidentinin fərmanının tələblərini kobud şəkildə pozmaq deməkdir.İddiaçının vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nda da yoxdur.İş materiallarında iddiaçının hər hansı ixtisas dərəcəsinə malik olmasına dair heç bir sübut yoxdur. İddiaçının əmək kitabçasında İddiaçıya ixtisas dərəcəsinin verilməsinə dair müvafiq qeydlərin olmaması da iddiaçının ixtisas dərəcəsinə malik olmadığını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(102)-840/2019 saylı Qərarında deyilir: “Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli, 559 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları ”nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir.Qanunvericiliyin istinad edilən müddəalarına görə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi səlahiyyətli dövlət orqanının rəhbərinin mülahizəsinə əsasən onun əmri ilə həyata keçirildiyindən, həmçinin dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi mümkün olduğundan, ixtisas dərəcəsinə görə əlavələr yalnız onun verildiyi gündən başlamalı, olduğundan, pensiyaya çıxan dövlət qulluqçusunun ixtisas dərəcəsi hesablanarkən ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alına bilməz”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsi tərəfindən ona 14 sentyabr 2005-ci il tarixində dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən pensiya işinə aid sənədlər 11 oktyabr 2019-cu il tarixində həmin şöbədən İdarəyə gətirilərək əmək pensiyasının məbləğinin düzgünlüyü tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı pensiya işin aid sənədlərdə işlədiyi dövrdə ərizəsində qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin və ixtisas dərəcəsinə görə əlavənin və ixtisas dərəcəsinə görə əlavənin ona ödənildiyinə dair məlumatlar mövcud deyildir. Bu səbəbdən də, həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından ona münasibətdə tətbiq edilməsi mümkün hesab olunmur. Bununla bağlı nəzərə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cimaddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, iş materiallarında və əmək kitabçasında iddiaçıya ixtisas dərəcəsi verilməsi ilə bağlı müvafiq qeyd aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə ilk öncə iddia tələbinin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində təyin edilən və ödənilən əlavə haqq hissəsi ilə bağlı qeyd edir ki, «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunverciliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Azərbaycan Respublikası Prezidentinin «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. Azərbaycan Respublikası Prezidentinin «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. İddiaçının vəzifəsi isə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyəti səlahiyyəti verilən dövlət qulluqçularının siyahı”sında yoxdur. Məhkəmə eləcə də, iddia tələbinin ixtisas dərəcəsinə görə əlavənin verilməsi ilə bağlı hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnaməyə görə dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Dövlət qulluqçusunun mükafatlandırılması onun fəaliyyətinə iş yerinin rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Dövlət qulluqçusuna mükafat heç də bütün dövlət qulluqçularına deyil, fərdiləşmiş qaydada Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 12-ci bəndində əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun müvafiq olaraq, 17.5 və 17.6-cı maddələrinə görə dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli, 559 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qanunvericiliyin istinad edilən müddəalarına görə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi səlahiyyətli dövlət orqanının rəhbərinin mülahizəsinə əsasən onun əmri ilə həyata keçirildiyindən, həmçinin dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi mümkün olduğundan, ixtisas dərəcəsinə görə əlavələr yalnız onun verildiyi gündən və olduğundan, pensiyaya, çıxan dövlət qulluqçusunun ixtisas dərəcəsi hesablanarkən ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 194 saylı xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya və məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Bu müddəalardan bəlli olur ki, əgər pensiya hüququnun əldə olunmasını iddia edən şəxs bunun üçün müraciət edirsə, müvafiq sənədləri təqdim etməlidir. İddiaçı tərəfindən isə yalnız əmək kitabçasının kserosurəti əlavə edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə, o cümlədən ixtisas dərəcəsi ilə əlaqədar olan əlavələrə münasibətdə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, dövlət qulluqçusunun əgər, işləsəydi həmin əlavələri alacağını qəti şəkildə söyləmək mümkün deyildir. Göründüyü kimi, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən haqq qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar