Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4616/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərləri cavabdeh “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi qarşı “ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Azərbaycan X1rşı “ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Binəqədi rayonu, 1-ci Mədən, 30cu Korpus küçəsində yaşayan sakinləridir. Sözügedən ərazidəki kanalizasiya xətləri sakinlər tərəfindən kustar üsulla düzəldilmiş və artıq istismara yararsız vəziyyətdədir. İki gündən bir kanalizasiya xətləri tutulur və çirkab suları küçəyə axır. Xüsusən, yağış yağan zaman da xətlər tutulur və çirkab sularının küçəyə axması iddiaçılara problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış yağanda kanalizasiya suları onların evlərinə, həyətlərinə dolur. Kanalizasiya bütün küçə boyu getməli və ümumi xətdə birləşdirilməli idi. İddiaçılar qeyd olunan tələb ilə bağlı cavabdehə müraciət etsələr də, onların müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçılar hesab edir ki, həmin imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Binəqədi rayon Sukanal İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, Binəqədi qəsəbəsinin tullantı su şəbəkəsinin inkişafı nəzərə alınmadan şəhərsalma normalarına zidd olaraq inkişafı və plansız şəkildə yeni yaşayış sahələrinin salınması tullantı sularının idarə edilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Qeyd olunan ərazilərdə formalaşan tullantı suları sakinlər tərəfindən norma və qaydalara uyğun olmayaraq inşa edilmiş septik qurğular və kanalizasiya xətləri vasitəsilə kənarlaşdırılır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Abşeron yarımadasının yaşayış məntəqələrinin, o cümlədən Binəqədi qəsəbəsinin tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə ilkin mərhələdə magistral kanalizasiya kollektoru və X4 Qurğusunun, növbəti mərhələdə isə toplayıcı kanalizasiya şəbəkəsinin inşası. Hazırda Abşeron yarımadasında kanalizasiya kollektorlarının inşası işləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə uyğun olaraq həyata keçirilir və 2023cü ilin dövlət investisiya proqramı çərçivəsində Binəqədi qəsəbəsi ərazisində su təchizatı və kanalizasiya sistemlərinin inşası üçün ayrılmış maliyyə vəsaitinə əsasən ərazilərdə kanalizasiya sistemlərinin mövcudluğu, onların imkanları, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla 1-ci mədən ərazisində 1.2 km uzunluğunda müxtəlif diametrli kanalizasiya xətləri inşa olunmuşdur. Ötən müddət ərzində Abşeron yarımadasının yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər zamanı bir çox fərdi yaşayış evləri tikintiyə icazə sənədi olmadan inşa edildiyindən və ya mülkiyyət hüququna dair çıxarışı olmadığından su və kanalizasiya xidmətlərinə qoşulmalarında məhdudiyyətlər yaranmışdır. Hazırda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması işlərinin həyata keçirilməsi dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq Binəqədi qəsəbəsinin digər ərazilərində, o cümlədən 1-ci mədən 10-cu və 30-cu korpuslarında kanalizasiya şəbəkəsinin inşası işləri Qanunvericiklə müəyyən edilmiş məsələlər öz həllini tapdıqdan sonra növbəti illərin dövlət investisiya proqramı çərçivəsində mərhələlərlə həyata keçiriləcəkdir. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdirlər və ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, Digər tərəfdən isə nəzərə alınmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “9” oktyabr 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması ilə bağlı münasibətlər təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla mülki-hüquqi xarakterə malikdirvə bu münasibətlərlə bağlı yaranmış mübahisələrə inzibati deyil, ümumi məhkəmədə baxılmalıdır. Lakin nəzərə alınmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “9” oktyabr 2024-cü il tarixli Qərarının İİ-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər. Məhkəmə hazırki iddianın 2023-cü ildən məhkəmənin icraatında olduğunu və iş üzrə araşdırılmaların aparıldığını nəzərə alaraq hesab edir ki, hazırki iddiaya inzibati icraat çərçivəsində baxılmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisənin mahiyyətindən də göründüyü kimi mübahisə məhz dövlət layihəsi çərçivəsində kanalizasiya xəttinin quraşdırılmalı olub-olmamasının mərhələlidövlət büdcəsi üzrə xərclər çərçivəsində qiymətləndirilməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, dövlət layihəsi kimi həmin ərazidə kanalizasiya xəttlərinin quraşdırılmasının layihə üzrə növbəli və ya növbədənkənar həyata keçirilməli olmasına münasibətdə iddiaçılarla, qeyd olunan layihə üzrə publik səlahiyyət daşıyıcısı qurum arasında məsələyə qiymət verilməsi Plenum Qərarının yuxarıda göstərilən müddəasında göstərilən hər bir fərdi işin xüsusi halları baxımından da qiymətləndirilməli, mübahisə üzrə dövlət layihəsi, ilkin quraşdırma aparılma, cavabdehin publik hüquqi şəxsi olması da nəzərə alınmaqla məhz hazırkı formada iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisənin inzibati mübahisə olması ilə əlaqədar Ali Məhkəmənin 2- 1(102)-1342/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)-507/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-2037/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı da nəzərə alınmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, iddiaçılar hazırki iddia tələbi ilə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 30 və X3 küçələri ünvanına yeni kanalizasiya xətlərinin çəkilməsinə nail olmaq istəyilir. Bununla bağlı onlar cavabdehə müraciət etsələr də, sonuncu tərəfindən onların müraciətinin təmin edilməsindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə "xxxx" ASC tərəfindən yeni kanalizasiya şəbəkələrinin çəkilməsi istiqamətində planlı şəkildə işlər həyata keçirilir ki, bu planın tərkib hissəsi olaraq mərhələli şəkildə qeyd olunan ünvan da nəzərdə tutulur. İddiaçılar hazırki imtinanı mübahisələndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını aşağıdaki qanunvericiliyin müddəaları təşkil edir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Əsas anlayışlar kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır; Maddə 37. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulma və tullantı sularının axıdılması
1. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; [37] b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir.
2. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə qoşulmanın qaydaları və tələbləri pozulduğu hallarda kanalizasiya müəssisəsi obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər.
3. Müraciət edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər.
4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır. Maddə 38. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması 38.1. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla, sifarişçinin bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. 38.2. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün sifarişçi kanalizasiya müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir. 38.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçirilir. 38.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir. 38.5. Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 38.6. Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir. 38.7. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir. 38.8. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir. 38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 nömrəli, 13 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”: Bənd 2.1. Sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Bənd 2.2. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hazırlanan texniki şərtlərə əsasən bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Məhkəmə diqqətə çatdırır ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsi su təchizatı və tullantı sularının axıdılması sistemlərinin yerləşdirilməsi və inkişaf sxemləri ilə bağlı münasibətləri tənzimləyir. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)- içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri, su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional səviyyəli sxemlərə müvafiq olaraq həyata keçirilir. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir. Həmin qanunun 36-cı maddəsinə görə obyektlərin tikintisi aparılan və ya planlaşdırılan ərazilərdə ümumi istifadədə olan kanalizasiya sistemləri olmadıqda, yerli orqanlar (bələdiyyələr) və ya obyektlərin sahibləri kanalizasiya müəssisəsinə obyektlərin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə onların hesabına kanalizasiya kəmərlərinin çəkilməsi və ya kanalizasiya qurğularının tikintisinin təmin olunması haqqında yazılı sifarişlə müraciət edə bilərlər. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndinə görə, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri, kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional səviyyəli sxemlərə müvafiq olaraq həyata keçirilir. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir. Nəzərə alınmalıdır ki, mərkəzləşdirilmiş kanalizasiya olmayan ərazilərdə yeni kanalizasiya şəbəkələrinin çəkilməsi istiqamətində planlı şəkildə işlər görülür ki, aparılan bu işlər dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir. Yəni kanalizasiya şəbəkələrinin planlı şəkildə çəkilməsi dövlətin ətraf mühitinin mühafizəsi və ictimai sağlamlığın təmin edilməsinə dair konstitusion öhdəliyini yerinə yetirmək məqsədinə xidmət edir. Qeyd olunmalıdır ki, kanalizasiya şəbəklərinin çəkilməsi, insan sağlamlığıı təhlükə altına alan vəziyyətlərin aradan qaldırılması üçün dövlətin müvafiq tədbirlər görməli olduğuna hüquqi zəmin yaradır. Bu tədbirlər dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələr, o cümlədən kanalizasiya infrastrukturu layihələri, iqtisadi və sosial inkişafın davamlığını təmin olunmaqla aparılır. Məhkəmə hesab edir ki, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi planlı şəkildə həyata keçirildiyindən və bu planın tərkib hissəsi olaraq mərhələli şəkildə qeyd olunan ünvan da nəzərdə tutulduğundan (imtinaya əsasən), cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının və Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması Azdtn 2.6 -1 planında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilər üçün alternativ çıxış yolu kimi çirkab quyuların hazırlanmasını nəzərdə tutulmuşdur. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov