Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4616/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı X5 nümayəndəsi, vəkil Nümayəndə, İddiaçı2 iştirakları ilə, iddiaçılar X8 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxslərə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 adına ünvan 1 ünvandakı torpaq sahəsinə dair 37 saylı arayışın və ya texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 nümayəndəsi və İddiaçı2 birlikdə iddia tələbinin dəqiqləşdirilməsi (iddianın həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar X8 və İddiaçı2 (bundan sonra - iddiaçılar) ünvan 2 ünvanda yerləşən torpaq sahəsini 1/2 hissədə X6, 1/2 hissədə X2 məxsus olması barədə dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair mərhum X4 adına 1964-cü ildə Texniki İnventarlaşdırma Bürosü Azərbaycan SSRİ Kommunal Təsərrüfat Nazirliyinin tabeliyində olarkən tərtib edilmiş texniki pasport mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanına əsasən özəlləşdirməyə düşən mülklər siyahısındadır. Belə ki, miras qoyan mərhum Ə.A.Quliyevin vərəsəsi olduğuna görə AR NK-nin xx.xx.2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən 37 saylı arayışın və texniki pasportun ona verilməsi üçün Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən cavabdehə müraciət edilmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı sənəd surətlərinin verilməsi ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********88 xaricolma nömrəli məktubla cavab verilmişdir. İddiaçı Süleymanov İlqarın iddia tələbi ilə bağlı idarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə qeyd olunan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X4 adına qeydiyyata alınmasına, habelə həmin əmlaka dair onun adı ilə bağlı ilkin texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsi ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Arxiv araşdırmasına əsasən müraciətdə qeyd olunan texniki pasport Yasamal rayonuna aid arxiv elektron bazasında aşkar edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X5 nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 09.1964-cü il tarixli texniki pasporta əsasən ünvan 2 ünvanında 410,3 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X6 və X2 məxsusluğu müəyyən olunur. Cavabdehin 15 saylı Vəkil Bürosuna ünvanladığı məktubda göstərilmişdir, ki ünvan 1 evin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilmədi. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ünvana dair 1964-cü il tarixdə X4 və X1 adlarına tərtib edilmiş texniki pasport idarənin arxivində mövcuddur. Cavabdehin iddiaçı X5 nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Cavabdehin İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı texniki pasportda qeyd olunan “A” tikilisinin bir hissəsi və “B” tikilisinin söküldüyü müəyyən edilmişdir. Həmçinin ümumi əraziyə digər şəxsin müraciəti olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Eyni zamanda, təqdim edilən sənədlərə Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik məktubu əlavə edilmişdir. Həmin məktubda mərhum X1 adına vərəsəlik işi açılması ilə bağlı oğlu - İddiaçı2 (xx.xx.1964-cü il təvəllüdlü) tərəfindən müraciət olunduğu qeyd edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İdarənin arxivində mövcud olan 2V0İ-150 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum X7 vərəsələrindən biri kimi (övladı) eyni şəxs - İddiaçı2 adı göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4iq edilmiş 2V0İ-150 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin və İddiaçı2 (şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi: AZE********; FİN: xxxxxxx) məxsus doğum haqqında şəhadətnamənin surətinin, həmçinin doğum haqqında şəhadətnamədə qeyd olunan ana adı və soyadında hər hansı dəyişiklik olub-olmaması barədə məlumatın 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi ilə bağlı Bakı şəhəri 44 saylı notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, lakin cavab məktubu idarəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 5 ünvanlanmış 77 saylı, xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.1978-ci ildə ölmüş X1 adına vərəsəlik işinin açılması ilə bağlı oğlu İddiaçı2 Bakı şəhəri, 44 saylı notariat ofisinə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1- 1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X2 məxsus olan ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 6 ünvanlanmış 3484 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X3 (d/t: 1938) qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2000-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, Ə.A.Quliyev adına 37 saylı arayışın və ya texniki pasportun verilməsi üçün Süleymanov İlgarın miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı notariat ofisinin məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid vərəsəliyin uçotu kitabına və “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminə baxış keçirilmiş, lakin xx.xx.2000-ci il tarixdə vəfat etmiş, X4 adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxslərə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Hər iki iddiaçı eyni hüquqmüəyyənedici sənədə əsaslanaraq iddialarının təmin edilməsini xahiş edirlər. İş materiallarından görünür ki, İddiaçı2 şəxsən, X8 isə nümayəndəsi vasitəsilə həmin tələblə bağlı cavabdehə müraciət etmiş hər birinə ayrı-ayrılıqda imtina cavabı verilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 2 ünvanında 410,3 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X6 və X2 məxsusluğu müəyyən olunur. İddiaçılar həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh imtina cavabı vermişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X4 adına qeydiyyata alınmasına, habelə həmin əmlaka dair onun adı ilə bağlı ilkin texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsi ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Arxiv araşdırmasına əsasən müraciətdə qeyd olunan texniki pasport Yasamal rayonuna aid arxiv elektron bazasında aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal əsaslara söykənməklə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərdən biri kimi məhz “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” göstərilmişdir. İddiaçının məhz həmin orqan tərəfindən verilmiş texniki pasporta əsaslanmıdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar X8 və İddiaçı2 ünvan 2 ünvanda yerləşən torpaq sahəsini 1/2 hissədə X6, 1/2 hissədə X2 məxsus olması barədə dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar X8 (Suleimanov İlgar) və İddiaçı2 ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 1/2 hissədə X6, 1/2 hissədə X2 məxsus olması barədə dövlət reyestrindən arayışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4616/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4616/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver