Məhkəmə qərarları › İş №2-1(112)-4617/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4617/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4617/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixli, MH 013647 nömrəli Tİ və MHQİnin Qeydiyyat Vəsiqəsinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.1998-ci il tarixli, 1071 nömrəli Bakı şəhəri İcra Hakimiyyətinin başçısının sərəncamı ilə - Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı evin sakini vətəndaş İddiaçı xx.xx.1997-ci il tarixli ərizəsi nəzərə alınaraq, ev şəraitini yaxşılaşdırmaq məqsədilə taxtadan tikilmiş evin sökülüb layihə əsasında daşlar tikilməsinə icazə verilmişdir. xx.xx.1999-cu il tarixli Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin yuxarıda qeyd edilən sərəncam əsasında verdiyi 10667 nömrəli İnşaat Pasportundan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı evin torpaq sahəsi 600 kv.metr-dən ibarətdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5979/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Lakin, sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə səbəb olmuş inzibati orqanın hərəkətsizliyi torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması ilə bağlı olmuşdur. Daha sonra məhkəmə icraatı gedişində iddia tələbləri dəqiqləşdirilmişdir. Həmin icraat zamanı cavabdehin torpaq sahəsinin qeydiyyata alınmasına dair iddia tələbinə münasibətdə də etirazının təqdim edilməsi ona dəlalət edir ki, cavabdeh inzibati orqan iddiaçının ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinin dövlət qeydiyyatına alınmasında maraqlı deyil. Yuxarıda qeyd edilən işin hallarına əsasən bildirilir ki, iddiaçı 30 ildən artıq müddətdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı ünvanda fərdi yaşayış evi tikməklə yaşamışdır. Daha sonra müvafiq orqanlara müraciət edərək, 0.6 ha torpağın ona ayrılmasına nail olmuşdur. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi, sonradan sökülərək A və В literli olmaqla yeni fərdi yaşayış evləri tikilmiş, torpaq sahəsindən daim istifadə edilmişdir. Torpaq sahəsinin ayrılmasına dair cizgi və siyahı Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin arxivində olsa da, vətəndaşa verilməsindən imtina edilmiş, yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyi şifahi olaraq bildirilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqanın əməkdaşları yerə baxış keçirmiş və müraciətin icrasından imtina edilmişdir. İmtinanın əsası olaraq, torpaq sahəsində olan daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması və hal-hazırda mövcud olmaması göstərilmişdir. Halbuki, məktubda da qeyd edildiyi kimi müraciət torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan formal əsaslarla müraciətdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5979/2024 nömrəli işin məhkəmə icraatı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi torpaq sahəsinin cizgisinin təqdim ediləcəyi təqdirdə inzibati aktın qəbul edilməsi məsələsinə baxılacağını bildirmiş, torpaq sahəsinin cizgisinin əsli məhkəməyə gətirilsə də, həmin cizginin torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas hesab edilən sənədlərə aid olmaması qeyd edilmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, təqdim edilən 1071 nömrəli, xx.xx.1998-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı fərdi yaşayış evinin tikintisi ilə bağlıdır və həmin sərəncamda torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman ünvan 2 ünvanında yerləşən mənzilin söküldüyü və həmin ərazidə "A” literli və “B” literli olmaqla yeni fərdi yaşayış evlərinin inşa edildiyi məlum olmuşdur.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilən 1071 nömrəli, xx.xx.1998-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı fərdi yaşayış evinin tikintisi ilə bağlıdır və həmin sərəncamda torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1071 nömrəli sərəncamına əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı evin sakini vətəndaş İddiaçı xx.xx.1997-ci il tarixli ərizəsi nəzərə alınaraq, ev şəraitini yaxşılaşdırmaq məqəsdilə taxtadan tikilmiş evin sökülüb layihə əsasında daşdan tikilməsinə icazə verilmişdir.

6. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə təsdiq edilmiş “Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 28 saylı taxtadan tikilmiş evin sökülüb, daşdan tikintisinə, torpaq sahəsi ayrılmasına dair” 10667 nömrəli inşaat pasportunun sahə bölümündə torpaq sahəsinin 600 kv.metr təşkil etdiyi qeyd edilmişdir.

7. 21.04.1999-cu il tarixli 99/126 nömrəli akta əsasən, İddiaçı 11-ci Badamdar küçəsi ünvanında fərdi evi yenidən layihələşdirilməsi və tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmışdır.

8. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsinin xx.xx.1999-cu il tarixli 611 nömrəli rəyinə əsasən, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 28 saylı taxtadan tikilmiş evin ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli ev öz təyinatına görə layihələndirilməli, mövcud bina, qurğularla yanğına qarşı ara məsafəyə riayət edilməsi qeyd edilmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışa əsasən, ünvan 2 (Yeni qaydalarla: AZ1021, ünvan 3 ünvanında yerləşən 513.50 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət, 0,0319 ha yaşayış məntəqələrinin torpaq sahəsi isə Dövlət mülkiyyətində istifadə hüququ ilə İddiaçı adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

10. Cavabdeh tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixli texniki pasportuna əsasən, ünvan 2 (Yeni qaydalarla: AZ1021, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid faktiki torpaq sahəsi 0,0319 ha, tikinti altı torpaq sahəsi 0,0319 ha olaraq qeyd edilmişdir.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. İddia mümkündür

III. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1071 nömrəli sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 28 saylı evin sakini vətəndaş İddiaçı ərizəsi nəzərə alınaraq, ev şəraitini yaxşılaşdırmaq məqəsdilə taxtadan tikilmiş evin sökülüb layihə əsasında daşdan tikilməsinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999cu il tarixli Torpaq sahəsinin ayrılmasına dair 10667 nömrəli inşaat pasportunda ayrılmış torpaq sahəsinin ölçüsü 600 kv.metr olaraq qeyd edilmişdir. İddiaçı cavabdehə ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.

27. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1071 nömrəli sərəncamı ilə iddiaçıya taxtadan tikilmiş evin sökülüb layihə əsasında daşdan tikilməsinə icazə verilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir, həmin pasporta torpaq sahənin 600 kv.metr olduğu qeyd edilmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

28. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, təqdim edilən 1071 nömrəli, xx.xx.1998-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı fərdi yaşayış evinin tikintisi ilə bağlıdır və həmin sərəncamda torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır.

29. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, sözügedən sərəncam əsasında Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar