Məhkəmə qərarları › İş №2-1(112)-4619/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4619/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4619/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonunda doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər X2 İdarəsində fəhlə, xx.xx.1983xx.xx.1990-cı ilə qədər RSFSR-nin “Kirovzavodu” İstehsalat Birliyində işləmişdir. Həmin Zavodda xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstərsində KPP nəzarətçisi işləmişdir. RSFSR-dən qaytıdan sonra isə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər X4 İdarəsində mədəni-kütləvi işçi vəzifəsində işləmişdir. Daha sonra ali təhsil almaq üçün Bakı Musiqi Akademiyasına daxil olmuş və 1991-ci ildən 1996-cı ilə qədər solo oxuma ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə ixtitsasına uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti daha sonra Dövlət Xor Kapellasının artisti vəzifəsinə işləmişdir. xx.xx.2000-ci ildən hazırki vaxta qədər isə Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellasının artisti vəzifəsində işləyir.xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də, daxil olmaqla 25 il 8 ay 10 gün ümumi iş stajı, 13 il 10 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajının bir qismini təsdiq edən Azəbraycan Dövlət Akademik Filarmoniyası tərəfindən müvafiq arayış verilmişdir. “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrə dair isə güzəştli arayışın əldə edilməsi mümkünsüzdür. Belə ki, həmin Zavod sovet dövründə və RSFSR ərazisində fəaliyyət göstərmişdir. Lakin, zavodun fəaliyyəti əlvan metallurgiya sənayesinə aid olduğundan işlədiyi vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci bölməsinin 7.1-ci yarımbölməsinin “doğrayıcılar”, 7.2-ci yarımbölməsinin “qazanxana maşinistləri (ocaqçıları)” və “təmir çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşələrinə uyğunlaşdırılmalıdır. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nun X6 İdarəsi xx.xx.2020-ci il tarixli, **********53 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, yuxarıda sadaladığı kimi bütün hallarda ümumi və güzəştli iş stajı ona pensiya təyin olunmasına əsas verir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şrəaitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş təlblərə müvafiq surətdə təyin edilir. İddiaçı isə xx.xx.2006-cı il tarixinədək ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının işləmiş olduğu peşələr güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir. İddiaçı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı müəyyən peşələrə istinad etsə də, (qazanxana maşinistləri, elektrik qaz qaynaqçıları və s. kimi), iddiaçının həmin peşələrdə işləmiş olduğu dövrlər güzəştli sayılsa belə (arayış olmadığı üçün güzəştli sayılmır), ümumilikdə 3-4 il təşkil edir, yəni 12 il 6 aya çatmır. İddiaçının vəkili tərəfindən iddia ərizəsinə etiraza dair mülahizə təqdim edilərək bildirilmişdir ki, iş üzrə cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı mövcud deyildir. Hesab edir ki, iddiaçının zərərli iş stajı aşağıdakı dövlər və peşələr üzrə olmuşdur. Belə ki, iddiaçının zərərli iş stajı 2 dövrü əhatə edir: 1. Keçmiş RSFSR “Kirovzavodu” İstehsalat Birliyində 13..05.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4-cü dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı işlədiyi dövr; 2. Azərbaycan Dövlət Filarmoniyasında xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər dövlət mahnı və rəqs ansambılının xor artisti və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilə qədər Dövlət Xor Kapellasının artisti vəzifəsində işlədiyi dövr. “Kirovzavodu” İB ilə bağlı qeyd olunmalıdır ki, həmin zavod profil üzrə maşınqayırma və metallurgiya sənayesi üzrə fəaliyyət göstərir. Odur ki, iddiaçının işlədiyi sahələr istər xx.xx.1993-cü il tarixli, 320 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 1 №-li siyahıda, istərsə də, hazırda qüvvədə olan xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarla təsdiq edilmiş siyahıda “Metallurgiya istehsalatı (əlvan metallar)” Bölməsinə uyğunlaşdırılmalıdır. Azərbaycan Dövlət Filarmoniyasında xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər dövlət mahnı və rəqs ansamblının xor artisti və xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilə qədər Dövlət Xor Kapellasının artisti vəzifəsində işlədiyi dövr ilə bağlı qeyd olunmalıdır ki, buna dair arayış iş materiallarına əlavə edilmişdir. İddiaçının xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik ustası (elektrikmontyoru) peşəsində işlədiyi 1 ay 10 gün müddət Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə Vİİ bölmə - “Metallurgiya istehsalatı (əlvan metallurgiya)”, “Bişirmə, velsləmə” adlanan 2-ci yarımbölmənin a) fəhlələr – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montorları – 1070200a- 17531 peşə kodu ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 7-ci bölmənin 7.2-ci yarımbölməsinin a) fəhlələr – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanılğının təmiri və xidməti üzrə elektrik montyorları peşə adı ilə; xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4-cü dərəcəli qazanxana maşinisti – ocaqçı operator peşəsində işlədiyi 1 il 3 ay 17 gün müddət Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə Vİİ bölmə - “Metallurgiya istehsalatı (əlvan metallurgiya)”, “Bişirmə, velsləmə” adlanan 2-ci yarımbölmənin a) fəhlələr – qazanxana maşinistləri (ocaqçıları) 1070200a-13786 peşə kodu ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 7-ci bölmənin 7.2-ci yarımbölməsinin a) fəhlələr – qazanxana maşinistləri peşə adı ilə; xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı peşəsində işlədiyi 5 ay 28 gün müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə Vİİ bölmə - “Metallurgiya istehsalatı (əlvan metalluriya)”, “Xammalın və xəlitənin hazırlanması. Mis-kükürd zavodlarında və fabriklərində briketləşdirmə” adlanan 1-ci yarımbölmənin a) fəhlələr – doğrayıcılar – 1070100a-11908 peşə kodu ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 7-ci bölmənin 7-ci yarımbölməsinin a) fəhlələr – doğrayıcılar peşə adı ilə; xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər xor artisti peşəsində işlədiyi 6 il 4 ay 14 gün müddət Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li və 2 №-li siyahılarda nəzərdə tutulmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahıda 33-cü bölmədə “peşəkar xor kollektivləri, solo partiyasını ifadə edən artistlər” peşə adı ilə; xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilə qədər xor kapellasının artisti peşəsində işlədiyi 5 il 6 ay 24 gün müddət Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li və 2 №-li siyahılarda nəzərdə tutulmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahıda 33-cü bölmədə “peşəkar xor kollektivləri, solo partiyasını ifadə edən artistlər” peşə adı ilə öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının 13 il 10 ay 1 gün güzəştli iş stajı mövcuddur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1979-1981-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş xx xxx 1979-cu il təvəllüdlü, ИТ-İ seriyalı, № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü, orta təhsilli, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti, xx.xx.1982-ci ildən xx.xx.1982ci ilə qədər X2 İdarəsində fəhlə, 1991-1996-cı il tarixədək Bakı Musiqi Akademiyasında ali təhsil almış, xx.xx.1993-cü ildən xx.xx.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə Dövlət Xor Kapellasının artisti vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellasının artisti vəzifəsində işləyir. İşdə olan AB-İ seriyalı, 057964 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1991-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş və 1996-cı ildə həmin Akademiyada solo oxumaq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komisisyasının xx xxxx 1997-ci il tarixli qərarı ilə ona musiqili teatr artisti ixtisas verilmişdir. İşdə olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş 160/10-k nömrəli, xx xxxxxxx 2020-ci il tarixli izahlı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarından irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İncəsənətin xüsusi bölməsi olaraq, İddiaçı xx xxxxx 1993-cü il tarixindən xx xxxxxxxx 1994-cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, xx xxxxxxxx 1994-cü il tarixindən xx xxxxxx 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmiş və xx xxxx 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına Azəbraycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. Qanunvericilikdə nəzərdə tutulmuş İncəsənətin xüsusi sahəsində Azəbraycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləməsi nəzərə alınaraq, həqiqətən o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx xxxxxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə aşağıdakı qanunvericilik normaları əsas götürülməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatıhaqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə ilk öncə, cavabdeh inzibati orqanın öz imtinasında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi Güzəştli arayışa dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bir hissəsi keçmiş RSFSR ərazisində fəaliyət göstərmiş “Kirov Zavodu” İstehsalat Birliyində olduğundan və həmin zavoddan hazırda güzəştli arayış alınması mümkün olmadığından məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə həmin dövr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları tətbiq olunmamalıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi “xor artisti” və “xor kapellasının artisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında 33-cü bölmədə (“peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər”) öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan, iddiaçının işlədiyi “xor artisti” və “xor kapellasının artisti” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında öz əksini tapdığından, öncəki dövrdə həmin vəzifədə çalışdığı illər güzəştli staj kimi nəzərə alınmalı və “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar