Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4619/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 17.03.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanıb birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə doğulmuşdur. 10.04.2019-cu il tarixdə ona 10.04.2016-cı ildən (yaşa görə əmək pensiyası təyin edilmişdir (2-ci siyahı üzrə). Lakin bununla da, hüquqları pozulmuşdur. Belə ki, 24.05.2001-ci ilə qədər onun 25 il 17 gün stajı yaranmışdır. 25 il 17 günün 21 il 6 ay 17 günün güzəştli stajı yaranmışdır. 57 yaşında yəni 17.03.2011-ci ildə pensiya hüququ yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, filial, **********5 saylı, 17 fevral 2021-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçıya DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən 25.04.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya 17 mart 2016-cı il tarixdən hesablanmışdır. Keçmiş 3 il (2016-2019) müddət üçün hesablanmış məbləğ hər ay hissə-hissə ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 32.1-1 və 37.7-ci maddələrinə əsasən, 2016-cı ildən əvvəlki illər üçün pensiyanın hesablanaraq ödənilməsi mümkün deyildir. İddiaçı 25 aprel 2019-cu il tarixdə ona pensiya təyin edilməsi ilə bağlı ərizə ilə inzibati orqana müraciət edib. İnzibati orqanın 25 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 17 mart 2016-cı ildən hesablanmışdır. Göründüyü kimi, Filial, ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablayıb və hissə-hissə ödəyir. İddiaçının 2011-2016-cı illəri əhatə edən dövr üçün Filialdan pensiya ödənilməsini tələb etmək hüququ, Filialın isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, Filialın imtinası ƏPQ-nin tələblərinə tam uyğundur. Digər tərəfdən, iddiaçı, ƏPQ-nin 32.1 və 37.7-ci maddələrinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad etməkdə haqlı deyildir. Belə ki, Ali Məhkəmənin İnzibati kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 saylı qərardadının 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; H3 № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05.12.1974-ci ildən 16.11.1976-ci ilədək hərbi xidmətdə olmuşdur; ИТ-İ № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 22.09.1972-ci il tarixdən 06.08.1973-cü il tarixədək fəhlə; 27.11.1973-cü il tarixdən 21.05.1974-cü il tarixədək matros; 22.07.1974-cü il tarixdən 28.10.1974-cü il tarixədək matros; 10.12.1976-cı il tarixdən 01.08.1980-ci il tarixədək matros; 26.08.1980-ci il tarixdən 10.08.1981-ci il tarixədək balıq sexində yükləyici operator vəzifəsində; 12.10.1981-ci il tarixdə matros vəzifəsinə təyin edilmiş, 26.08.1980-ci il tarixdə balıq sexində yükləyici operator vəzifəsinə keçirilmiş, 01.09.1980-ci il tarixdə balıq sexində balıq bükücü vəzifəsinə keçirilmiş və 10.08.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 06.05.1982-ci il tarixdən 30.09.1991-ci il tarixədək kapitan vəzifəsində;05.10.1991-ci il tarixdən 21.10.1993-cü il tarixədək kapitan vəzifəsində; 25.10.1993-cü il tarixdən 21.04.1995-ci il tarixədək kapitan vəzifəsində;26.04.1995-ci il tarixdən 17.02.1999-cu il tarixədək X2 kapitan vəzifəsində; 15.02.2001-ci il tarixdən 24.05.2001-ci il tarixədək X4 Donanmasının “Əhməd Babayev” ETK-da kapitan vəzifəsində; 14.06.2008-ci il tarixdə DİN-nin Təchizat İdarəsinə bilavasitə tabe olan Avtomat təsərrüfatını gəmi komandiri təyin edilmiş, 21.05.2016-cı il tarixdə DİN-nin X6 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil təsərrrüfatına gəmi komandiri təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.02.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda iddiaçıya 25.04.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və 17.03.2016-cı il tarixindən hesablandığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasınınməbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiya üzrə keçmiş müddət üçün hesablanmış 3.987,80 manat pesiya məbləği 01.07.2020-ci il tarixdən etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə araşdırması zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinin 066298 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü İddiaçı 25 aprel 2019-cu il tarixli qərarla 10.04.2016-cı il tarixdən 175,88 manat, 01.01.2017-ci il tarixdən 184,04 manat, 01.01.2018-ci il tarixdən 194,53 manat, 01.01.2019-cu il tarixdən isə 200,37 manat yaşa görə pensiya təyin edilmişdir. Bundan sonra, iddiaçı 08.10.2020-ci il tarixdə ərizə ilə müraciət edərək 2006-2013-cü illərin sığorta stajına daxil edilməsini xahiş etmiş və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 08.12.2020-ci il tarixli **********3 nömrəli qərarı ilə İddiaçı 01.01.2020-ci il tarixdən (14.10.2017- 30.11.2020) ömürlük 262.17 manat pensiya məbləği yenidən hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, 1972-ci il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 17.03.2011-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün fərq məbləğinin ödəbilməsinin mümkün olmasını bildirərək onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, iddiaçı 09.04.2019-cu il tarixdə pensiya təyin olunması üçün müraciət etmiş, 17 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı halda, mübahisə olunan iddiaçıya eyni məzmunlu əmək pensiyasının onun 57 yaşının tamam olduğu 2011-cı il 17 mart tarixindən təyin edilməli olub-olmadığından ibarətdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən (1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, kişilərə 57 yaşdan pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 01.01.2006-cı il tarixədək qazanmış olmalıdır. Həmin şərtlərin iddiaçı tərəfindən təmin olunduğu, yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyasının təyin edilməsini tələb etmək hüququnu 01.01.2006-cı il tarixədək qazandığı mübahisəsizdir. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İşdən göründüyü kimi, iddiaçı ona 17.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğunu mübahisələndirməmiş, sadəcə cavabdehə müraciət edərək, onun əmək pensiyası hüququnun 57 yaşda – 2011-cı il martın 17-də yarandığını bildirmiş və həmin tarixdən 17.03.2016-cı il tarixədək əhatə olunan beş illik dövr üçün pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Lakin iddiaçıya 25 aprel 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunaraq pensiya məbləği 17.03.2016-cı il tarixdən hesablanaraq, pensiya ödənişləri icra olunduğundan, bununla da, iddiaçının müraciət etdiyi 2021-ci ilin 24 fevral tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4619/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4619/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver