Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4619/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “dövlət rüsumunun geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-2015-ci illərdə X2 iqtisadiyyat fakültəsində menecment ixtisası üzrə əyani əsaslarla ali təhsil almışdır. X2 xx.xx.2015-ci il tarixdə verilmiş bakalavr diplomundan görünür ki, iddiaçı “müəssisədə iqtisadiyyat və idarəetmə (gömrük)” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə iqtisadçı-menecer ixtisası verilmişdir. Ali təhsil haqqında diplomunun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin xx.xx.2016-cı ildə müraciətinə dair mənfi qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində ali təhsil haqqında diplomunun tanınması üçün yenidən müraciət etmiş, 250 manat məbləğində ödəniş etmişdir. Lakin, xx.xx.2016-cı il tarixində eyni diplom üzrə imtina qərarı aldığına görə ərizəsi qəbul edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının xarici ali təhsil ixtisasının tanınması haqqında qərar qəbul edilmiş və iddiaçıya müvafiq şəhadətnamə verilmişdir. İddiaçı cavabdehə bir neçə dəfə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun ona qaytarılmasını xahiş etmiş, əks halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Dəfərlərlə cavabdehə miiraciət edilməsinə baxmayaraq, müraciətlərə cavab olaraq xx.xx.2022-ci il tarixli cavab məktubda sənədlərin araşdırıldığı və şəxslə əlaqə yaradılacağı bildirilmişdir. Lakin, heç bir tədbir görülməmişdir. Sonuncu dəfə iddiaçı ödənişin geri qaytarılması ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda xarici ali təhsil ixtisasının tanınması haqqında xx.xx.2023-cü il tarixli qərarın qəbul edildiyi və müvafiq elektron şəhadətnamənin təqdim edildiyi bildirilmiş, ödənişin geri qaytarılması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ilk dəfə xx.xx.2016-cı il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən ərizəçinin tədris dilinin bilmə səviyyəsinin qeyri-qənaətbəxş olması səbəbindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində ərizəçi tərəfindən eyni əsaslarla növbəti müraciət edilmiş, cavabdeh isə iş üzrə yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul etmədən ərizəçiyə eyni adlı diplom üzrə xx.xx.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad etmişdir. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli ən son müraciəti zamanı qüvvədə olan yeni Qaydalarla icraat aparılmış və ərizəçinin məlumatları həmin Qaydaların tanınma ilə bağlı 4-cü bənddə əks olunmuş tələblərinə cavab verdiyindən ona xx.xx.2023-cü il tarixində № 105024 ******* nömrəli şəhadətnamə təqdim olunmuşdur. Hazırda iddiaçı “xx.xx.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumununun geri qaytarılmasını” tələb etməkdədir. Lakin tanınmanın həyata keçirilməsi üçün ödənilən xidmət haqqı dövlət rüsumu kateqoriyasına daxil edilmir. Belə ki, xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, xaricdə alınan təhsillə bağlı diplomun tanınması üçün ödənilən məbləğ dövlət rüsumu deyil, xidmət haqqıdır. Qanun vericilikdə isə xidmət haqqının geri qaytarılması nəzərdə tutulmamışdır. Belə ki, cavabdehin elektron portalda yerləşdirdiyi “tanınma ilə bağlı elektron ərizənin təsviri” barədə məlumatlarda xidmət haqqının geri qaytarılmayacağı barədə ərizəçilərə xəbərdarlıq edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron portaldan çxarışdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üçün 250 manat ödəniş etmişdir.” İddiaçının xx.xx.2021-ci Cavabdehin xx.xx.2021-ci il tarixli iddiaçının elektron müraciətinə cavab olaraq elektron portalda yerləşdirilmiş məlumatında ərizənin qəbul edilmədiyi bildirilişdir. Buna əsas kimi iddiaçının artıq bir dəfə eyni adlı diplom üzrə xx.xx.2016-cı il tarixində imtina qərarı aldığı qeyd edilmişdir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, baxılmamış ərizə üzrə tərəfindən ödənilən xidmət haqqının qaytarılması ilə bağlı təqdim etdiyi sənədlər tərəfindən araşdırılmaqdadır. Müraciəti nəticəsinə dair onunla əlaqə yaradılacağı və müvafiq məlumat veriləcəyi bildirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xarici ali təhsil ixtisasının tanınması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və ona müvafiq elektron şəhadətnamə təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində dövlət rüsumunun geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün öncə “dövlət rüsumu” və “xidmət haqqı” anlayışlarına aydınlıq gətirilməsi zəruridir. Belə ki, ”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz (1.1.). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər (1.2.). Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz (1.3.). Həmin Qanunun 2-ci maddəsində dövlət rüsumu tutulamlı olan hərəkətlərin siyahısı sadalanmışdır. Göründüyü kimi dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən birbaşa müvafiq qanunda nəzərdə tutulmuş hərəkətlərin edilməsi üçün ödənilir. Dövlət rüsumu tutulmalı olan hərəkətlər və rüsumun məbləği məhz yuxarıda qeyd edilən Qanunla müəyyən edilir və bundan artıq məbləğdə və həmin Qanunda nəzərdə tutulan hərəkətlərdən savayı digər məsələlərlə bağlı rüsum tələb edilməsi yolverilməzdir. Dövlət rüsumları dövlət büdcəsinə ödənilir və büdcənin gəlirləri sırasına aid edilir. Xidmət haqqı dedikdə isə müvafiq qurumlar tərəfindən edilməli olan hərəkətlər və göstərilməli olan xidmətlər müqabilində edilməli olan ödənişlər nəzərdə tutulur ki, həmin ödənişlər dövlət rüsumu haqqında qanunla tənzimlənmir. Həmin ödənişlər ayrıca qanunvericilik aktlarında nəzərdə tutulur və müvafiq qurumların hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.4-cü bəndinə əsasən ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi; ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli Qərarına əsasən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi” üçün 250 manat xidmət haqqı ödənilməsi təsbit edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ilk dəfə xx.xx.2016-cı il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən iddiaçının tədris dilinin bilmə səviyyəsinin qeyri-qənaətbəxş olması səbəbindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən eyni əsaslarla növbəti dəfə cavabdehə müraciət edilmişdir. Cavabdeh isə iş üzrə yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul etmədən iddiaçıya eyni adlı diplom üzrə xx.xx.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad edərək ərizəni qəbul etməkdən imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində ödənmiş 250 manat məbləğində dövlət rüsumunun ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdehin etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının ödədiyi məbləğ dövlət rüsumu olmadığından onun geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin iddiaçının ödədiyi məbləğin dövlət rüsumu olmadığı mövqeyi ilə razılaşdığını bildirir. Belə ki, göründüyü kimi ”Dövlət rüsumu haqqında” AR Qanununda dövlət rüsumunun hansı hallarda tutulduğu dəqiq müəyyən edilmişdir. Həmin hallar arasında xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, müvafiq Qaydalara əsasən iddiaçının geri qaytarılmasını tələb etdiyi məbləğ “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi” üzrə ödənilən xidmət haqqıdır. Belə ki, həmin xidmət haqqı müqabilində cavabdeh iddiaçının sənədlərini qəbul etməli, iddiaçının tələbinin əsaslı olub-olmaması ilə bağlı müvafiq icraat aparmalı, zərurət olarsa bununla bağlı qanunvericiliyə uyğun qaydada ekspertiza təyin etməli idi. Lakin, burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində etdiyi müraciət zamanı 250 manat xidmət haqqı ödəsə də, cavabdeh tərəfindən ona hər hansı xidmət göstərilməmiş, Qaydaların tələbinə uyğun olaraq sənəd qəbulu həyata keçirilməmiş, sənədlərin hər hansı ekspertizası aparılmadan yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul edilməmiş, eyni adlı diplom üzrə xx.xx.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad edilərək sənədlər geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin göstərmədiyi xidmətə görə xidmət haqqı alması qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi iddiaçı geri tələb etdiyi məbləği “dövlət rüsumu” adlandırsa da, məhkəmə ifadə tərzindən kənara çıxaraq iddiaçının ödədiyi məbləği “xidmət haqqı” hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.2021-ci il tarixində ödədiyi 250 manat məbləğində xidmət haqqının geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixində ödəndiyi 250 (iki yüz əlli) manat məbləğində xidmət haqqının geri qaytarılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4619/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4619/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver