Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-462/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020-ci il tarixli, **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020-ci il tarixli, **********411200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən İddiaçı kameral olaraq şəxsi hesab vərəqəsinə 2019-cu il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya verilməmişdir. Elektron kargüzarlıq vasitəsi ilə məlumatlı olsaq da, qərar vergi orqanı tərəfindən rəsmi qaydada təqdim edilməmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qəbul etdiyi həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********995400 saylı uyğunsuzluq məktubu göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Sonra zəruri sənədlər vergi orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********898000 saylı və xx.xx.2020-ci il tarixində **********893200 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Həmin məktublara cavab olaraq xx.xx.2020-ci il tarixində vergi orqanına bildirilib ki, 3 №-li əlavənin 301.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətirlərindəki 303.42 manat məbləğin haradan götürüldüyü aydın deyil, çünki belə bir bəyannamə təqdim edilməyib. Müəssisənin əsas fəaliyyəti əhəngin söndürülməsi, üyüdülməsi, kisələrə doldurularaq sifarişçiyə çatdırılmasıdır. Belə ki, alınmış əhəng xüsusi avadanlıqda əvvəlcə söndürülür, sonra digər avadanlıqda qurudulur və nəhayət dəyirmanda üyüdülür və kisələrə doldurulur. Yəni bu proses çox uzun və məsrəfli olduğuna görə də xeyli miqdarda mal-material itkisinə yol verilir. Vergi orqanının qeyd etdiyi sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərə isə Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli Q - 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış akt“ ma əsasən yanacaq, tikinti mallarının satış bazarından isə əhəng, kisə, qurutma avadanlığında istifadə üçün işlənmiş yağ və digər mallar alınmışdır. Göstərilənlərin nəzərə alınmasını vergi orqanından xahiş etmişik. Mal-materialların alışını təsdiq aktları vergi orqanına təqdim etmişik. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 31 may 2020-ci il tarixli, **********411200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bəyannamənin müvafiq sətirlərində qeyd olunan gəlirdən çıxılan xərclər sənədlərlə təsdiq edilməmişdir. Halbuki vergi orqanına ünvanladığım xx.xx.2020-ci il tarixli cavab məktubunda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişəm. Bildirmək istəyirəm ki, hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdiyim sənədlər tam şəkildə araşdırılmamışdır. Qeyd olunan kənarlaşmalar vergi orqanına faktiki təqdim edilmiş sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2019-cu il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır. Yuxarıda göstərilən xx.xx.2020-ci il tarixli **********411200 saylı vergilərin hesablanması barədə qərarın ləğvi, 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlamasının qanunvericilyin tələblərinə uyğun həyata keçirilməsi və şəxsi hesab vərəqəsinə düzəlişin edilməsi barədə Dövlət Vergi Xidmətinə bir çox şikayətlər ünvanlayıblar, lakin bu günədək heç bir tədbir görülməmişdir. Hesab edilir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020-ci il tarixli, **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış 2019-cu il hesabat dövrü üzrə mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar ləğv olunmalıdır.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli №**********411200 qərara əsasən (hesabat növü: mənfəət vergisi, hesabat dövrü 2019-cu il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 14.836,54 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 18650,97 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 3.814,43 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Sair: materiallar" (221.3-cü). "Malın dəyəri” (221.4-cü). “Enerji xərcləri" (221,7-ci). "Qaz xərcləri" (221.8-ci). "Yanacaq xərcləri" (221.9-cu). "Su və kanalizasiya xərcləri" (221.10-cu). "Rabitə xərcləri" (221.1 l-ci). “Mühafizə xərcləri" (221.12-ci). "Reklam xərcləri" (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci). "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı). “Nəqliyyat xərcləri”; (229cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 135514.29 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 9058.40 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (46664.72 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin ( 0 manat) cəmi məbləğləri ( 55723.12 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaınəsi"nin İ №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 79791.17 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya çoxsaylı uyğunsuzluq məktubları göndərilmişdir.
5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli №**********845400 qərara əsasən (hesabat növü: mənfəət vergisi, hesabat dövrü 2019-cu il) eyni hesablama təkrar edilmişdir. Belə ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 14.836,54 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 18650,97 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 3.814,43 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Həmim qərara əsasən Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli №**********411200 qərar ləğv edilmişdir.
6. İddia tələbi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli №**********845400 qərarın və xx.xx.2020-ci il tarixli №**********411200 qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MKM cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2020-ci il tarixli **********411200 saylı və xx.xx.2020-ci il tarixli **********845400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. İlk öncə qeyd edilir ki, mübahisələndirilən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********411200 saylı qərar qəbul edildikdən sonra iddiaçı həmin vergi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845400 saylı qərar ilə cavabdehin xx.xx.2020-ci il tarixli **********411200 saylı qərarı ləğv edilmişdir. İddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən kassa metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226- cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 135514.29 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 9058.40 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (46664.72 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 61057.41 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (61057.41 manat) məbləğin müqayisəsi nəticəsində 74456,88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********764600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətlərdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 14836,54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********845400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi odayicisinin vəzifəsidir. Habelə Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.
8. Daha sonra iddia tələbi iddiaçının ərizəsi əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli №**********845400 qərarının ləğv edilməsi kimi dəqiqləşdirilmişdir.
9. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********845400 nömrəli qərarı ilə İddiaçınə mənfəət vergisi üzrə hesablamalar düzgün aparılmışdırmı? - Əgər xx.xx.2020-ci il tarixli, **********845400 nömrəli qərarı ilə göstərilən vergilər düzgün hesablanmamışdırsa, onda 2019-cu il üzrə İddiaçı mənfəət vergisi üzrə tutulan vergilər nə qədər təşkil edir? - Təqdim edilmiş xərc sənədlərinə əsasən 2019-cu il vergi dövrü üzrə müəssisəsinin satışını həyata keçirdiyi sönmüş əhəng məhsulunun istehsalı prosesində İstifadə olunan sönməmiş əhəngin miqdarında və məbləğində kənarlaşma müəyyən edilirmi? İstifadə olunan benzin, dizel yanacağı və işlənmiş yağın miqdarında və məbləğində kənarlaşma müəyyən edilirmi? İstifadə olunan əhəng kisələrinin miqdarında və məbləğində kənarlaşma müəyyən edilirmi? - Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? - Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? - Əgər gəlirin əldə edilməsi ilə bağlı i ddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? - Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? - Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? - Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? - Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?
10. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən Şahmar” X4 tərəfindən aparılan əməliyyatlara görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral vergi yoxlaması ilə 2019-cu il üzrə hesablanmış 14836,54 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə yayındırılması müəyyən edilir.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Sonuncu iclasda iddiaçı iştirak etmir.
12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddiamım təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
13. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır,
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
17. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
18. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Həmin qərarlar məhkəmə araşdırması zamanı qəbul edilmiş və iddiaçıya təqdim edilmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
19. İddia tələbi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845400 saylı qərarının ləğv edilməsi hissəsində mümkündür.
İV. Məhkəmənin mövqeyi
20. İddiaçının 2019-cu il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 18650,97 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
21. Mübahisənin yaranmasının səbəbi 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
22. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 14836,54 manat əlavə vergi məbləği hesablanmışdır (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 18650,97 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 3.814,43 manat vergi çıxılmaqla) vergi hesablanmışdır.
23. Təqdim edilmiş bəyannamə üzrə xərclərin cəmi məbləği ilə (135514.29 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (9058,40 manat) və ƏDV depozit hesasbının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) məbləğinin (46664,72 manat) çıxılması nəticəsində yaranan (55723,12 manat) məbləğin (iddiaya yazılı etirazda həmin məbləğ 61057,41 manat olaraq göstərilmişdir) müqayisəsi nəticəsində 79791,17 manat məbləğində (iddiaya yazılı etirazda həmin məbləğ 74456,88 manat olaraq göstərilmişdir) sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.
24. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Təqdim edilmiş iş materiallarına əsasən vergi orqanının qeyd etdiyi sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli Q- 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış akt“ ina əsasən yanacaq, tikinti mallarının satış bazarından isə əhəng, kisə, qurutma avadanlığında istifadə üçün işlənmiş yağ və digər mallar alınmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində Malların mədaxil olunması haqqında Aktlara əsasən yanacaq doldurma məntəqəsindən və tikinti materilalları satışı bazarlarından ümumilikdə 75090,5 manat mal-materiallar alınmışdır. Qeyd edilir ki, iş materiallarında olan vergi ödəyicinin təqdim etdiyi xərc sənədləri (malların alış aktı) Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.20-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlərinin tələblərinə uyğun tərtib edilməmişdir.
25. İddiaçı faktiki olaraq həmin məbləği mübahisələndirmədən təqdim etdiyi malların alış aktının gəlirdən çıxılan xərc kimi nəzərə alınmasını tələb edir. Tələb onunla əsaslandırılır ki, malların alış aktına əsasən yanacaq, tikinti mallarının satış bazarından isə əhəng, kisə, qurutma avadanlığında istifadə üçün işlənmiş yağ və digər mallar almışdır.
26. Vergi Məcəlləsindən: 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
27. “Nağdsız hesablaşmalar haqqında” Qanundan: 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı)
28. Odur ki, məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = X1 : 100 x R (burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər). Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
29. Vergi Məcəlləsindən: 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
30. Məhkəmə təqdim edilmiş alış aktlarını nəzərdən keçirərək müəyyən edir ki, alınmış malların tərkibi benzin, dizel yanacağı, işlənmiş yağ, kisə, söndürülmüş əhəngdir. Qeyd edilən mallardan işlənmiş yağ utilizasiya məqsədlərinə xidmət etməklə, vergi ödəyicisi olmayan şəxslərdən əldə olunması mümkün və ağlabatandır, iddiaçının fəaliyyət göstərdiyi sahəyə uyğun (qurutma avadanlığında istifadə üçün) olduğundan həmin malın dəyəri olaraq cəmi 5722,8 manat xərcin gəlirdən çıxılan xərcə aid edilməsi qəbul edilməlidir.
31. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və hesabat dövründə ekspert rəyi ilə müəyyən edilmiş sənədlərlə təsdiqlənməyən xərc məbləğindən (75090,5 manat) işlənmiş yağın alınması ilə bağlı 5722,8 manat xərc azaldılmalıdır. Nəticədə sənədlərlə təsdiqlənməyən xərc məbləği 69367,7 manat kimi nəzərə alınmalıdır.
32. Odur ki, əlavə hesablanmış vergi məbləği müvafiq olaraq 13873,54 manat (69367,7 manat x 20%) təşkil edilməli idi.
33. İş üzrə verilmiş ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilməklə müəyyən olunur ki, rəydə sənədlərlə təsdiqlənməyə xərclərin məbləği 75090,5 manat müəyyən edilmiş, lakin işlənmiş yağın vergi ödəyicisi olmayan şəxslərdən alınmasının mümkünlüyünə qiymət verilməmişdir.
34. Odur ki, mübahisələndirilən qərar əlavə hesablanmış 963 manat vergi məbləği hissəsində ləğv edilməli (qərara əsasən əlavə hesablanmış vergi məbləği 14836,54 manat - 13873,54 manat iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilən əlavə vergi məbləği = 963 manat), iddiaçıya münasibətdə əlavə hesablanmış vergi məbləği 13873,54 manat saxlanılmaqla iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə iddiaçının mikro sahibkar subyekti olmasına münasibət bildirərək qeyd edir ki, Vergi Məcəlləsinin 102.1.30-ci maddəsinə əsasən, bu məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
36. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir.
37. İddiaçı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi deyil, lakin Vergi Məcəlləsinin iddiaçının müvafiq dövr üzrə gəlirlər əldə etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən, qeyd edilən güzəşt istisnasız olaraq bütün mikro sahiblarlıq subyekti olan fərdi sahibkarlara şamil edilirdi.
38. Odur ki, həmin güzəşt mikro sahibkar olan fiziki şəxslərin (fərdi sahibkarların) gəlir vergisinə aiddir. İddiaçı isə hüquqi şəxs olmaqla mənfəət vergisi ödəyicisidir. Odur ki, həmin güzəşt hüquqi şəxs olan vergi ödəyicisinə şamil edilə bilməz.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçıdan 100 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli №**********845400 qərarı əlavə hesablanmış 963 manat vergi məbləği hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva