Məhkəmə qərarları › İş №2-1(112)-4621/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4621/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4621/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, 1-ci mədən, korpus 8, E.H.N-nin 4 nömrəli yanğınsöndürmə mühafizə bölməsinin arxası soldan 2-ci küçə ünvansız yaşayış massivində yerləşən qanunsuz tikililərin sökülməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci iİ tarixdə Biləcəri Bələdiyyəsinin sərəncamı ilə ev tikmək məqsədi ilə Binəqədi rayonu, 1-ci mədən korpus 8 E.H.N-nin 4 nömrəli yanğınsöndürmə mühafizə bölməsinin arxası soldan 2-ci küçədə yerləşən ünvansız yaşayış massivində 600 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 270 kv.m-də 2 mərtəbəli ev tikmişdir. Bugünədək ailəsi və uşaqları ilə birgə bu evdə yaşayırlar. Bu evi tikən zaman 4 tərəfi boş sahə idi. Amma ətrafı 17 hektar sahə Biləcəri Bələdiyyəsinin qanuni sərəncamıyla 700 ailəyə satılmışdır. O zaman bu sahələrdə ev tikib yaşayan 10 ailə olardı. 2011-ci ildən torpaq sahibləri tək-tək ev tikməyə başladılar. Artıq 4-5 il olar ki, bütün texniki təhlükəsizlik standartlarına tamamilə zidd ara məsafə qoymadan maklerlər qanunsuz şəkildə evlər tikib satırlar. Amma bu ərazidə kasıb camaata icazə vermirdilər ki, torpağı qanuni şəkildə hasara alsınlar. Evin sol tərəfində, arxasında kilərinsə 7 sot boş torpaq sahəsi vardır. İddiaçı aidiyyatı orqanlara əvvəlcədən müraciət edərək bildirmişdir ki, gələcəkdə maklerlər bu sahəni alıb ev tikəndə onun evi ilə minimum 3 metr ara məsafə saxlasınlar. Makler Nurəddin soldakı 6 sotu alıb 2 sotu öz həyətinə birləşdirib. Qalan 4 sotu isə 2020-ci il yanvar ayında makler Ramala satıb. O da 3 ailəyə ayrı-ayrı 7 otaq üçün bünövrə qazarkən iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə, Bakı sovet sədrinə, Arxitektura Komitəsinə, Şəhərsalma idarəsinə, FHN-nə, Bakı Şəhər İcra Hakimiyyəti, Baş Prokurora dəfələrlə yazmış, amma 3 ildir ki, heç bir tədbir görülməmiş, tikib satılmışdır. 2022-ci il oktyabr ayında makler Elvin onunla üzbəüz torpaq sahibindən 7 sot torpaq sahəsini alıb 6 ailəyə ayrı-ayrı hər biri 3 otaqdan 2 mərtəbəli evləri satmaq üçün tikmişdir. Bu evlər onun ailəsinə, evi üçün faciəvi yanğın şəraiti yaradıb. Bu hallarla bağlı qonşularla tərtib etdiyi Akt da vardır. İddiaçının xahişinə məhəl qoymadan qanunsuz şəkildə bu evlərin tikilməsinə icazə verilmişdir. Tələb edir ki, həmin qanunsuz tikililər sökülsün. Və həmin tikililər hansı sənədlər əsasında tikilib yoxlanılsın. İddiaçı bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də müraciəti cavabsız qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İddianın əsaslarından görünür ki, iddiaçıya Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 339 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış, iddiaçı sözügedən torpaq sahəsində 2 mərtəbəli ev tikmişdir. İddiaçı evinin yerləşdiyi küçədə əmlak vasitəçiləri (maklerlər) tərəfindən ara məsafəsi qoyulmadan qanunsuz evlər tikildiyini iddia edərək həmin evlərin sökülməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Halbuki, iddiaçı yaşadığı evin, habelə evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim etməmİşdir. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, onun hazırkı iddia ilə əhatə dairəsi qeyri-müəyyən olan üçüncü şəxslər tərəfindən tikilmiş və ya tikilməkdə olan tikililərin sökülməsi ilə bağlı cavabdehə qarşı hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması da müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ilk növbədə subyektiv hüququn pozulması müəyyən olunmadığından mümkün sayılmamalıdır. Məhkəmə həmçinin, iddianın cavabdeh qismində qoyulmuş inzibati orqanın iddia tələbi üzrə cavabdehliyinin olmaması əsası ilə də mümkünsüz sayılması nəticəsinə gəlir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının tələbi yerli icra hakimiyyətinin üzərinə qonşuluğunda yerləşən tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarının 10.2-10.4-cü bəndlərinə müvafiq olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüv vəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məcəllənin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının: -1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. -1.3-cü bəndinə əsasən nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X1 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X1nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. Sadalanan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə qərarın qəbul edilməsi yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmadığından cavabdeh yerli icra hakimiyyətinin üzərinə səlahiyyətinə aid olmayan qərarın qəbul edilməsi vəzifəsinin qoyulması mümkün hesab olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar