Məhkəmə qərarları › İş №2-1(112)-4622/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4622/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4622/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1989-10.2.1997-ci il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövrdə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, iddiaçının adına verilmiş güzəştli arayış “Dəqiq Mexanizmlər Təmiri” zavoduna aid hər hansı əsaslı təsdiq edici sənədə əsasən tərtib olunmayıb. Sözügedən arayışda iddiaçının xx.xx.1989-cu il tarixinədək işlədiyinə dair məlumatlar müvafiq məhkəmə qərarından götürülmüş məlumatlara əsasən qeyd edilib. Eyni zamanda müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin fəaliyyəti zinət əşyalarının əhalinin sifarişi əsasında düzəldilməsindən ibarət olub. Bu müəssisə qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığından Metal emalı istehsalat sahəsinə aid deyil. Burada əmək fəaliyyəti fərdi qaydada kustar şəkildə əl əməyi ilə görülür. Bundan başqa iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsində (11) zərərli peşə kimi nəzərdə tutulmayıb. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiçıya münasibətdə 35597,71 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8390,38 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq həmin illərin sosial sığorta stajına daxil edilməsi və 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixindən hesablanılmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək, 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixində Bakı şəhərində anadan olmuş, 14 may 1979-cu ildən 19 iyun 1981-ci il tarixinədək hərbi xidmətdə olmuş, 01 iyul 1981-ci ildə Bakı şəhəri Dəqiq Mexanizmlərin Təmiri zavodunda quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. 06 fevral 1989-cu il tarixində zavodun yenidən qurulması ilə əlaqədar olaraq ƏMXN yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, 13 mart 1992-ci il tarixində “Zərgər" müəssisəsinin 5 nömrəli zərgərlik emalatxanasından "Almaz 2" kiçik müəssisəsinə köçürmə yolu ilə işə qəbul edilmiş, 27 may 1992-ci il tarixində "Almaz 2" kiçik müəssisəsindən “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasına köçürmə yolu ilə işə qəbul edilmiş, 10 fevral 1997-ci il tarixində “Zərgər" müəssisəsinin 5 nömrəli əmalatxanasından AR-ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 19 mart 1999-cu il tarixində “Fərid 88“ MMC-də direktor vəzifəsində işə qəbul edilmiş, 02 mart 2010-cu il tarixində "xxxx" MMC-dən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmiş, adıçəkilən şöbə tərəfindən 18 yanvar 2017-ci il tarixində 12/35 nömrəli məktubla müraciətinə cavab verilərək qeyd olmuşdur ki, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və iddiaçının təqdim etdiyi arayışlar əsasında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması qanuna zidddir. Bundan sonra iddiaçı 1981-1989-cu illərdə işləməsi faktının tanınmasının yeganə həll yolu kimi məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun 01 iyul 1981-ci il tarixindən 31 yanvar 1989-cu il tarixinədək “Dəqiq Mexanizmlər Təmiri” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işləməsi faktı müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının ümumilikdə 29 il 7 ay 13 gün əmək stajı var ki, bundan 16 il 7 ay 8 günü zərərli əmək stajıdır. Yəni qanunvericilik tərəfindən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün tələb olunan iş stajı mövcuddur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Onun inzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 24 il 5 ay 29 gün ümumi sığorta stajı olmuşdur), ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixədək kişilərə güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərt tələb olunur:

1. həmin tarixədək (xx.xx.2017-ci il tarixədək) 57 yaşın tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İşdən görünür ki, iddiaçı sadalanan bütün şərtləri ödəyir. İ tələb üzrə İşdə olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2016cı il tarixdə tamam olmuşdur. İİ tələb üzrə İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə Bakı şəhəri “Dəqiq Mexanizmlərin Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə “Dəqiq Mexanizmlər Təmiri” zavodunun xx.xx.1989-cu il tarixində yenidən qurulması ilə əlaqədar olaraq ƏMXN yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1992-ci ildə “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasına köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından AR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə həmin müəssisədən öz xahişi ilə tutduğu vəzifədən işdən azad edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-6509/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1981-ci il tarixdən 31 yanvar 1989-cu il tarixdək “Dəqiq Mexanizmlərin Təmiri Zavodunda” quraşdırıcı zərgər vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “iş materialları ilə İddiaçı 1981-ci ilin iyun ayında həqiqi hərbi xidmətdən tərxis olunması müəyyən olunur, onun həmin ildən iş fəaliyyətinə başlaması isə şahid ifadələri ilə təsdiq olunur. Həmçinin, "xxxx" ASC-nin verdiyi arayışlarda İddiaçı “Dəqiq Mexanizmlər Təmiri” zavodunun yenidən qurulmaqla “Zərgər” müəssisəsinin yaradılması ilə əlaqədar 06 fevral 1989-cu il tarixli 4 nömrəli əmrlə həmin müəssisəyə köçürülməsi müəyyən olunmuşdur. Bununla da, ərizəçinin “Zərgər” müəssisəsindən əvvəl “Dəqiq Mexanizmlər Təmiri” zavodunda işləməsi faktı öz təsdiqini tapmışdır.” Həmin qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən kassasiya şikayəti vermiş, lakin sonradan Şöbə ərizə ilə Ali Məhkəməyə müraciət edərək, kassasiya şikayətindən imtina etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ərizə təmin olunmuş, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və işin kassasiya instansiyasında icraatına xitam verilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı verilən arayışdan görünür ki, o, həqiqətən xx.xx.1989ci il tarixdən (əmr № xx.xx.1989) “Dəqiq Mexanizmlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müəssisənin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəsissənin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi ilə 12/k tarixli əmrlə AR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. İşdə olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" firması xx.xx.1997-ci ildə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi İddiaçıdur. “Fərid 88“ MMC tərəfindən İddiaçı verilən xx.xx.2016- cı il tarixli arayışdan görünür ki, iddiaçı 07 nömrəli əmrlə xx.xx.1999-cu il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixində isə 33 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilik əmək kitabçası olmadığı halda iş stajının arayışa əsasən müəyyən olunmasını təsbit etdiyindən iddiaçının xx.xx.1981-xx.xx.1997-ci il tarixdəki iş stajı məhkəmə qərarı, işəgötürənin arayışı ilə təsdiq edildiyindən həmin dövrdə işlədiyi illər onun sığorta stajında nəzərə alınmalıdır. xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdə olan sosial arayışdan görünür ki, "xxxx" firması tərəfindən 2006-2008-ci illərdə iddiaçının işlədiyi dövr üzrə məcburi sosial sığorta haqları ödənilmiş, lakin həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək "xxxx" firmasında işləsə də, məcburi sosial sığorta haqları 2006-2008-ci illər üzrə ödənildiyindən onun həmin müəssisədə işlədiyi dövrdən xx.xx.1999-xx.xx.2008-ci illər sığorta stajına daxil edilməlidir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə 27 il 5 ay 29 gün ümumi iş stajı mövcud olmuşdur. İİİ tələb üzrə İşdə olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsində işləməsi faktı müəyyən edilmişdir. İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (əmr № 4, xx.xx.1989) “Dəqiq Mexanizimlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müəssisəsinin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmüşdür. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən Zərgər müəsisəsinin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi ilə 12/k nömrəli əmrlə AR-ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. “Zərgərlər ASC”, “Dəqiq Mexanzimlər Təmir” zavodunun və “Zərgər” müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək faəliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; -zərgər-şəbəkəçi; -zərgər-sepçi; -zərgər-nəqqaş; -zərgər-bərkidici; Həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a- 19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı zərərli sahədə işlədiyi nəzərə alınaraq pensiya qanunu ilə şərtləndirilən tələblərə malik olduğu halda güzəştlə yaşa görə əmək təqaüdünə çıxa bilər. İşdən məlum olur ki, cavabdeh bu arayışı mötəbər sənəd kimi qəbul etmir və iddiaçının güzəştli iş stajının olmadığını bildirir. Cavabdeh bu zaman xx.xx.2021-ci il tarixli akta istinad edir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi Kamran Cümşüdlü, mütəxəssisi Eyvaz Əhmədov, "xxxx" ASC-nin kadrlar üzrə böyük müvəkkili Əkrəm Mirzəyev tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli həmin aktdan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək “Dəqiq Mexanizmlərin Təmiri Zavodunda” işlədiyi quraşdırıcı peşəsinə dair verilmiş arayışdakı faktın sığorta stajına daxil edilən ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı yerində əsaslı sənədlərlə qarşılılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş arayışda Dəqiq Mexanizmlər zavoduna aid heç bir əsaslı sənədə istinad edilməyib, onun xx.xx.1989-cu ilədək işlədiyinə dair məlumat Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6509/2019 nömrəli qətnaməsindən götürülmüşdür. "xxxx" ASC “Dəqiq Mexanizmlərin Təmiri Zavodu”nun zərgərlik sahələrinin bazası əsasında AZ. SSR ƏMX Nazirliyinin xx.xx.1989cu il tarixli 463 nömrəli əmrinə əsasən yaradılmışdır. Fəaliyyəti zinət əşyalarının əhalinin sifarişi əsasında düzəldilməsindən ibarət olmuşdur. Bu müəssisə qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığından metal emalı istehsalat sahəsinə aid deyil. Aktda qeyd aparılmışdır ki, iş fərdi şəkildə, kustar şəkildə əl əməyi ilə görülür. Eyni zamanda quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş metal emalı bölməsində zərərli peşə kimi nəzərdə tutulmamışdır. Aktı tərtib edənlər sonda imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. İddiaçının güzəştli iş stajı ilə bağlı iki fərqli məlumat olduğundan məsələ ilə bağlı müəssisəyə əlavə sorğu verilmiş, müəssisə tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi zərgər peşəsində işləyən işçi zərgərlik məmulatlarının təmiri və hazırlanması prosesində orqanizmə zərərli təsir edən yüksək dərəcəli alovla, zərərli kimyəvi turşularla, maddələrlə (asbest, bor turşusu, xlor turşusu (HCH), benzin) yaxın məsafədən uzun müddət təmasda olur. Bu da insan sağlamlığına, səhhətinə zərərli təsir göstərir. Məhz buna görə də qanunverici orqan zərgər peşəsini zərərli əmək peşələri siyahısına daxil etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Siyahı hər iki qərarda təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, istinad etdiyi aktdakı məlumatlar sonradan işəgötürən tərəfindən təkzib edilmişdir. İmtina məktubunda iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Siyahıda nəzərdə tutulmadığı bildirilsə də, iddiaçı quraşdırıcı zərgər işləmiş, yuxarıda qeyd edildiyi kimi zərgər peşəsi siyahıda təsbit olunmuşdur. Cavabdeh həmçinin müəssisənin qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığını, buna görə də sahənin metal emalı sahəsinə aid edilmədiyini iddia etsə də, bu dəlili, yəni müəssisənin hansı fəaliyyətlə məğul olması ilə bağlı sübut təqdim etməmiş, iddiaçının fərdi qaydada kustar şəkildə əl əməyi ilə məşğul olduğunu bildirsə də, zərgərin fərqli əmək funksiyasına malik olmasını sübuta yetirə bilməmişdir. Halbuki "İnzibati icraat haqqında" Qanuna 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixə 12 il 6 aydan çox, 15 il 7 ay 11 gün güzəştli iş stajı olmuşdur. Cavabdeh imtinasında həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu tələb qanunvericiliyə iddiaçının hüququ yaranan xx.xx.2016-cı il tarixdən sonra xx.xx.2017-ci il tarixdə daxil edildiyindən iddiaçıya münasibətdə tətbiq edilə və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır və ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçıya təyin edilmiş pensiya ödənişinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 12/351 saylı məktubundan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Şöbə həmin məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci madəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üşün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi arayışlar əsasında əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İşdən müəyyən olunur ki, iddiaçı bu imtinadan sonra onun 01 iyul 1981-ci il tarixdən 31 yanvar 1989-cu il tarixdək “Dəqiq Mexanizmlər Təmiri Zavodunda” quraşdırıcı zərgər vəzifəsində işləməsi faktının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd edir ki, bu norma Qanuna iddiaçının səlahiyyətli orqana müraciətindən sonra, xx.xx.2017-ci il tarixdən daxil edilmiş, həmin maddənin tətbiqi ilə bağlı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadında isə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi Ali Məhkəmə həmin maddəni müvafiq tələblə inzibati orqana xx.xx.2017-ci il tarixdən sonra müraciət edən şəxslərə şamil etmişdir. İşin yuxarıda sadalanan hallarında isə görünür ki, iddiaçı həmin tarixdən əvvəl cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Konstitusiya Məhkəməsinin göstərilən mövqeyini hazırkı işə tətbiq edən məhkəmə qeyd edir ki, iddiaçının ilkin müraciətinin təmin edilməməsi və onun sonradan yenidən cavabdehə müraciət etməsi onun təqsiri ucbatından baş vermədiyindən ona xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş norma tətbiq edilə bilməz. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan ƏPQ-nin 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilirdi. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi pensiya məbləğinin xx.xx.2016-cı ildən hesablanıb ödənilməsi hissəsində də əsaslıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar