Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4622/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, tutulmuş ödənişlərin geri qaytarılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş müavinətdən tutulmaların aparılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərar qəbul edilmişdirsə ləğv edilməsi, tutulmuş məbləğlər barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək sosial müavinətdən tutulmaya dair 12 may 2023-cü il tarixli, 31038 №li qərarın ləğv edilməsi və tutulan pensiyasından tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əlilliyə görə əmək pensiyası cavabdeh tərəfindən dayandırılmış və xx.xx.2006-xx.xx.2021-ci il dövrü üzrə artıq ödəmə müəyyən edilmişdir. Daha sonra əlilliyə görə müavinət təyin edilmişdir. Hazırda həmin müavinətdən qanunsuz olaraq hər ay tutulmalar həyata keçirilir. Artıq ödənilmiş müavinətin qaytarılması “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən maddədən görünür ki, müavinət alan şəxsə artıq məbləğ ödənilmişsə, şəxs məbləğin qaytarılmasından imtina etdikdə, onda bu məbləğin qaytarılması məsələsinə məhkəmə qaydasında baxılmalıdır. Lakin cavabdeh artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən müavinətdən tutulması barədə qərar qəbul etməmişdir, etsə belə həmin qərar ona təqdim edilməmişr, ümumiyyətlə nəinki razılıq almaq, heç inzibati icraat barədə məlumat verilməmişdir. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı etdiyi hərəkət və ya qəbul etdiyi qərar qanunsuz olmuşdur. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, əlilliyə görə aldığı əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-112530/2023 nömrəli məktub ilə iddiaçıya əlilliyə görə aldığı əmək pensiyasının bərpa edilməsindən imtina edildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bildiririlir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən uşaqlıqdan İİ dərəcə əlilliyi qeydə alındığı üçün ona xx.xx.2006-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı sosial sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixdə ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığı halda İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2006-cı il tarixdən İİ dərəcə əlilliyə görə görə sosial müavinət hesablanmış, xx.xx.2023-cü il tarixdən məbləği 220 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdən ötən dövr üzrə İddiaçı hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş, artıq ödənilmiş məbləğin digər hissəsi isə aylıq müavinət məbləğindən (220 azn) hər ay 44 manat olmaqla tutulmağa davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2020ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. 3.1,17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. 4.2-ci bəndinə əsasən. Fondun idarəetmə orqanı İdarə Heyətidir. 4.5.7-ci bəndinə əsasən. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X2 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında Qanunun 3.1 -ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial Əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Qeyd olunanlara əssaən iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-114438/2023 №li qərarından görünür ki, iddiaçıya pensiya təyin olunan xx.xx.2006-cı il tarixə tələb olunan sığorta stajı olmdığına görə əmək pensiya hüququ ləğv edilmiş, 20107,66 manat artıq vermə müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 31038 №li qərarının qeyd hissəsində göstərilmişdir ki, 3- 17-1/1-A-114438 №li 10 may 2023-cü il tarixli qərara əsasən İddiaçı əmək pensiya hüququ ləğv olunduğu üçün xx.xx.2006-xx.xx.2021-ci il tarixli dövr üzrə artıqvermə müəyyən edilmişdir. Sosial müavinət ödənişində nəzərə alınsın və vətəndaşa rəsmi məlumat verilsin. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Cavabdeh tərəfindən xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixdə ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığı halda iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən İİ dərəcə əlilliyə görə görə sosial müavinət hesablanmış, xx.xx.2023-cü il tarixdən məbləği 220 manata çatdırılmış, xx.xx.2006-cı il tarixdən ötən dövr üzrə iddiaçıya hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2021- cı il tarixədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş, artıq ödənilmiş məbləğin digər hissəsi isə aylıq müavinət məbləğindən (220 manat) hər ay 44 manat olmaqla tutulma aparılmağa başlanılmışdır. İddiaçı hazırda cavabdeh inzibati orqanın tutulma ilə bağlı hərəkətlərini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Normanın məzmunundan göründüyü kimi, qanunverici razılıq olmadığı təqdirdə artıq ödənilmiş sosial müavinət məbləğinin qaytarılmasını məhkəmənin qərarı əsasında həyata keçirilə biləcəyini təsbit etmişdir. Bundan başqa, iddiaçıya artıq verilmiş hesab edilən məbləğin ona əmək pensiyasının ödənilməsi nəticəsində yarandığı nəzərə alındıqda qeyd olunmalıdır ki, bununla bağlı da “Əmək pensiyaları haqqında” Qanunun tələbləri konkretdir. Belə ki, həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, hər iki qanun istər artıq ödənilmiş müavinətin, istərsə də əmək pensiyasının tutulmasına yönəlmiş inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən etmişdir. Belə ki, qanunverici bu cür tutulmanın ya əmək pensiyaçısının (müavinət alan şəxsin) razılığı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı əsasında aparılmalı olduğunu müəyyən edir. Hazırkı halda cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Sözügedən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 31038 nömrəli qərarı nəticəsi olaraq iddiaçıdan hər ay müvafiq məbləğin tutulması sonuncunun razılığı və ya müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən həmin qərar ləğv edilməli, ona əlilliyə görə təyin olunmuş müavinətdən tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 31038 nömrəli qərarı ləğv edilsin. İddiaçı əlilliyə görə təyin olunmuş sosial müavinətdən tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov