Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4623/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı «vəkilliyə namizəd kimi imtahana buraxılma ilə bağlı məbləğin tutulması barədə qərarın ləğv edilərək etibarsız sayılması, iddaçıdan alınmış pul məbləğinə görə iltizam qəbzinin (əqdin) etibarsız sayılması, iddiaçıdan alınmış və maddi ziyan kimi vurulmuş məbləğin qaytarılması, mənəvi ziyanın ödənişməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkilliyə namizədlərin hər birindən imtahana buraxılma ilə əlaqədar 200 manat pul vəsaitinin tutulması ilə əlaqədar 17 mart 2018-ci il tarixli qərarının ləğv edilərək etibarsız sayılması, iddaçıdan alınmış 200 manat pul məbləğinə görə iltizam qəbzinin – əqdin etibarsız sayılması, iddiaçıdan alınmış və ona maddi ziyan kimi vurulmuş 850 manat pul vəsaitinin qaytarılması, ona dəymiş 25.000 manat mənəvi ziyanın ödənilməsi (müvafiq vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməklə) tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X4 eyni tələb üzrə mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinin qərardadının qəbul olunduğu və həmin qərardaddan şikayət verilmədiyini bildirdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırda cavabdehin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşmadığını bildirdi və iddianı müdafiə edərək qərar çıxarılmasını xahiş etdi. O, əlavə etdi ki, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və qərardadda buna əsas kimi cavabdehin inzibati orqan olmadığı bildirilmişdir. Bunda sonra o, mülki qaydada iddia qaldırmış, lakin apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilmiş və inzibati məhkəməyə müraciət olunması izah edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunmalıdır ki, hazırkı iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkilliyə namizədlərin hər birindən imtahana buraxılma ilə əlaqədar 200 manat pul vəsaitinin tutulması ilə əlaqədar 17 mart 2018-ci il tarixli qərarının ləğv edilərək etibarsız sayılması, iddiaçıdan alınmış və ona maddi ziyan kimi vurulmuş 850 manat pul vəsaitinin ona qaytarılması, müvafiq vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi tələbini irəli sürərək əvvəllər də iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2021 saylı iş üzrə 4 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan başqa, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Azərbaycan Respublikası X3rşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4622/2023 saylı iş üzrə 26 yanvar 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göründüyü kimi, iddiaçının eyni mahiyyətli iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 4 iyun 2021-ci il və 26 yanvar 2023-cü il tarixli qərardadları qəbul olunmuş və həmin qərardadlar qüvvəsindədir (ləğv olunmamışdır). Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə məhkəmənin qənaətinə görə hazırkı iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı eyni məzmunlu iddia tələbi ilə çıxış edə bilməz. Eyni mahiyyətli mübahisə üzrə məhkəmə qərardadları ilə iş üzrə iddialar mümkün sayılmadığından, iddiaçı inzibati orqanın müvafiq hərəkətlərini yenidən mübahisələndirmək imkanı qazanmır. Hazırkı iddiada əlavə olaraq “iddaçıdan alınmış 200 manat pul məbləğinə görə iltizam qəbzinin – əqdin etibarsız sayılması” tələbinin də qoyulmasına gəldikdə isə, məhkəmə qeyd edir ki, müvafiq qəbz – əqd inzibati akt sayılmadığından, iddiaya həmin hissədə baxılması mümkün deyil. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4623/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4623/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver