Məhkəmə qərarları › İş №2-1(112)-4623/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4623/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4623/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən, sahəsi 0,12 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi, Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən, sahəsi 0,06 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum babası X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 6 yanvar 1990-cu il tarixli, 2813 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi iddiaçının babası X3 məxsus olmuşdur. İddiaçının babası xx.xx.2001-ci il tarixdə vəfat etmiş və iddiaçı həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 33 saylı dövlət notariat kontoruna müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə dövlət notariat kontoru tərəfindən cavabdehə ünvanlanmış məktubda bildirilmişdir ki, mərhumun vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2018-ci il tarixli ərizəsi əsasında mərhumun oğlu X7 və nəvəsi İddiaçı vərəsəsi olması barədə məlumat verilir və həmin torpaq sahəsinə çıxarış verilməsi xahiş olunur. İddiaçı xx.xx.2018-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək çıxarışın verilməsini xahiş etmişdir. Təkrar olaraq isə xx.xx.2024-cü il tarixdə müraciəti olunmuş, lakin müraciətinə cavab verilməmişdir. Əlavə olaraq iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin torpaq sahəsinin evsiz özəlləşməsinə dair göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən müvafiq torpaq sahəsinin 600 kv.m hissəsi icarədarın və onun ailə üzvlərinin razılığı ilə digər fiziki şəxsin adına keçirilmiş, yerdə qalan 600 kv.m torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanmışdır. Müvafiq müqavilənin hər iki nüsxəsi səlahiyyətli şəxslərin imza və möhürü ilə təsdiqlənməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri 33 saylı Notariat Ofisinin xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı ərizə ilə müraciət edərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mərhumun oğlu X7 və nəvəsi İddiaçı onun vərəsələridir və sözügedən torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. xx.xx.1990-cı il tarixli, 2813 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X3 Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.2000-ci il tarixli, 29717 saylı icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X5 Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi icarəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 B saylı bağ evi X4 xüsusi mülkiyyətindədir. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,06 ha, faktiki olaraq 0,1908 ha (1308 kv.m artıqdır) təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza var. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1990-cı il tarixli, 2813 saylı icarə müqaviləsinə əsasən vəfat etmiş babası X2 icarəsinə verilmiş torpaq sahəsinin ona məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlər surətdir, torpaq sahəsinin 600 kv.m hissəsi icarədarın və onun ailə üzvlərinin razılığı ilə digər fiziki şəxsin adına keçirilmiş, yerdə qalan 600 kv.m torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanmışdır, müvafiq müqavilənin hər iki nüsxəsi səlahiyyətli şəxslərin imza və möhürü ilə təsdiqlənməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd edilməlidir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı xx.xx.1990-cı il tarixli 2813 saylı icarə müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin icarə müqaviləsinin arxiv nüsxəsi də cavabdehin arxiv sənədləri arasında da mövcuddur. Odur ki, sözügedən icarə müqaviləsinin mötəbərliyi məhkəmədə şübhə doğurmur. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçı ilkin iddia tələbində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair ölmüş şəxsin adına arayışın verilməsini xahiş etsə də, sonradan iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək həmin torpaq sahəsinin 0,06 ha hissəsinə dair arayışın verilməsini xahiş etmişdir. Yəni, torpaq sahəsinin bir hissəsinə dair başqa şəxslə bağlı icarə müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə qeyd edir ki, hər iki icarə müqaviləsinin səlahiyyətli şəxslərin imza və möhürü ilə təsdiqlənməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə bir təsdiqlənmə müvafiq icra hakimiyyətininin səlahiyyətlərinə aid olan məsələdir və bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Digər tərəfdən, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşüb-düşməməsi ilə bağlı məlumatın və belə bir xəttin keçdiyi təqdirdə, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə yazılı münasibətin əldə edilməsi üçün məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu göndərilsə də, sonuncu tərəfindən məhkəmə sorğusu cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hal da iddiaçının ziyanına deyil, xeyrinə şərh edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçının babasına 1990-cı ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin elektrik xəttinin mühafizə zonasına düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh is bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh əsaslandığı faktiki halları sübuta yetirə bilməmişdir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin mərhum X3 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 153 saylı sahədə yerləşən 0,06 hektar torpaq sahəsinin mərhum X3 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar