Məhkəmə qərarları › İş №2-1(112)-4624/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4624/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4624/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-17- 1/2-M-203019/2024 saylı məktubla bildirilmişdir ki, ilkin pensiya təyinatı zamanı xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyəti şahidçilik aktı əsasında sığorta stajında nəzərə alınmışdır. Bu səbəbdən sözügedən dövrlərin şahidçilik aktı əsasında sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyası məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Zəngilan şəhər 1 nömrəli məktəbdə əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında öz təsdiqini tapdıqdan sonra təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Daha sonra,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-M- 217171/2024 saylı məktubla bildirilmişdir ki, əmək pensiyasının məbləğində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tərixinədək 1560,66 manat artıq ödəmə aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, 1560,66 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş edilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin X1 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-29-33/2-М150-1/2024 saylı məktun ilədə müəyyən olunur ki, o, həqiqətən 1971-ci ildən 1993-cü il tarixədək (Zəngilan rayonunun işğalınadək) Zəngilan şəhər 1 saylı məktəbdə rus dili müəllimi vəzifəsində çalışmış və 1993-cü ildən 16 fevral 2016-cı il tarixədək məcburi işsiz kimi orta aylıq əmək haqqı almışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi yanlışdır və onun konstitusion hüquqlarını pozur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Bununla bağlı olaraq iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyətinin şahidçilik aktı əsasında sığorta stajinda nəzərə alındığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M2030/2024 nömrəli məktubda qeyd olunan dövrlərin sığorta stajina daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, iddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, İddiaçı pensiya işinə daxil olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 1 gün sığorta stajı (xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla), xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3017,55 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, eyni zamanda xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmiş 3745,05 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin xx.xx.2020-ci il tarixdən təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1071,32 manat (2020-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətdən 3 il əvvələ) 352,04 manat müəyyən edilmişdir. Bundan başqa Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 364,01 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların amək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 380,67 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 436,63 manata, xx.xx.2024-cü il tarixdən isə 485,53 manata çatdırılmışdır. Eyni zamanda iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2010-cu il tarixdə ilkin pensiya təyinatı zamanı xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyəti şahidçilik aktı əsasında sığorta stajında nəzərə alınmışdır. Bu səbəbdən sözügedən dövrlərin şahidçilik aktı əsasında iddiaçının sığorta stajina daxil edilməsi mümkün hesab edilməmişdir. Bununla belə iddiaçının təqdim etdiyi əmək kitabçası sonradan doldurulmuş ve xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajina daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajindan asıli olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. il Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydalarının 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçıya “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 24 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-203019/2024 nömrəli məktub ünvanlanmışdır.

9. İddiaçı tərəfindən iş materiallarına əmək kitabçasının surəti və işləməsinə dair arayışlar əlavə edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən 23 yanvar 2025-ci il tarixli, 3-17-1/2-14234/2025 nömrəli məktubla iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi X1 Təhsil İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-29-33/2-195/2025 nömrəli məktubla bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə rus dili müəllimi vəzifəsində çalışdığı illərə dair yalnız Zəngilan Rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəli sənədinin mövcud olduğu, bu vəziyyətin qeyd edilən tarixdə işğal dönəmi ilə əlaqədar sənədlərə əlçatanlığın mümkün olmaması ilə izah olunduğu müəyyən edilmişdir.

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.

20. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

23. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2132/2023 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.

24. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə ilkin pensiya təyinatı zamanı xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyəti şahidçilik aktı əsasında sığorta stajında nəzərə alınmışdır. Halbuki, həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

25. Kassasiya instansiyası məhkəməsinin sözügedən qəbildən olan işlər üzrə mövqeyi ondan ibarətdir ki: ““Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 1115/2023 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.”

26. Məhkəmə oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməli və sözügedən illərin iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlili və bununla bağlı qəbul etdiyi qərar (inzibati akt) qanunsuz və əsassız hesab edilməlidir.

27. Beləliklə, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar