Məhkəmə qərarları › İş №2-1(112)-4625/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4625/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4625/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X5 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı Yasamal rayon qeydiyyat şöbəsi məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə “İddiaçı1 və X5 2019-cu il noyabrın 5-də Türkiyə Respublikasının Simav Bələdiyyəsində qeyd olunmuş birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü övladları X9 doğum şəhadətnaməsində Ali adının Alihüseyn kimi qeyd edilməsi üçün rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı1 və X10 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla “İddiaçı1 və Akçay Burakın birgə nikahlarından doğulmuş 19 iyul 2023-cü il təvəllüdlü X1 adının Alihüseyn kimi, yəni ayrı-ayrılıqda Ali Hüseyn deyil, “Alihüseyn” kimi bitişik yazılmaqla qeyd edilməsi üçün rəy verilməsini cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Sonradan iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı1 və X5 2019-cu il noyabrın 5-də Türkiyə Respublikasının Simav Bələdiyyəsində qeyd olunmuş birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü övladları X9 doğum şəhadətnaməsində Ali adının Alihüseyn kimi qeyd edilməsi üçün rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

4. Məhkəmənin 30 sentyabr 2024-cü il tarixli Qərardadı ilə, iddiaçıların nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2019-cu il noyabr 5-də Türkiyə Respublikasının Simav Bələdiyyəsində nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2023cü il tarixdə X4 dünyaya gəlmişdir. Azərbaycan Respublikası Bakı şəhəri 3 saylı Bakı ASAN Xidmət Mərkəzində 2023-cü ilin 07 oktyabr tarixində 6489 sayla qeydiyyata alınmış doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X13 19 iyul 2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 **********6 saylı kimlik kartında uşağının adı X16 qeyd edilmişdir. Bu səbəbdən, övladına aid sənədlərdə adında uyğunsuzluq olduğu üçün iddiaçılar cavabdeh inzibati orqana müraciət etmişlər, lakin müraciətlərindən imtina edildi. Odur ki, iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

6. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası uşağın ilkin sənədləri ilə uyğunsuzluq təşkil etməsi səbəbindən uşağın adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən uşağa iki ad bir yerdə ayrı-ayrılıqda verilə bilməz. Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətdə var. Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sairə şəklində. Buna qanun da icazə vermir, yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflər yazılmasına, Azərbaycan adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir. Eyni zamanda təbii ki, Azərbaycan dilinin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adlar qaydalara ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.2.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçıların iddiaları mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş. Bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı1 xx.xx.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. **********2 nömrəli kimlik kartından görünür ki, iddiaçı X14 vətəndaşır. S 01 seriyalı 190467 nömrəli X6 ve X7 Müdürlüğü tərəfindən qeydə alınmış evlənmə şəhadətnamədən görünür ki, Akçay Burak və Aslanova Aynura xx.xx.2019-cu ildə evlənmişdirlər. AZ-İV seriyalı 931587 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X13 xx.xx.2023-cü ildə doğulmuş, ata qrafasında – Akçay Burak, ana qrafasında – İddiaçı1 qeyd edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti başçısı müavinin iddiaçılara ünvanladığı 5-21/2-A- 203-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə xx.xx.2023-cü il təvəllüdlü X9 adının dəyişdirilməsi azyaşlının mənafeyi baxımından məqsədəuyğun hesab edilməmişdir. 9102 1 6489 07102023 saylı doğum akt qeydində iddiaçıların övladının adı X13 qeyd edilmişdir.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən

- 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:

- 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. - 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. - 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır

14. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.13.2-ci bəndinə əsasən:

Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edirlər, həmin Fərmanın 4.6.5-ci bəndinə əsasən yeniyetmələrin nəzarətsizliyinə və baxımsızlığına qarşı profilaktik işlərin görülməsi, çətin həyat vəziyyətinə düşənlərin sosial adaptasiyası və reabilitasiyası, onların qanuni mənafelərinin və hüquqlarının müdafiəsi sahəsində tədbirlər həyata keçirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir; Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli, 336-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yerli komissiyaların səlahiyyətləri aşağıdakılardan ibarətdir:.. 2) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçıların müraciəti ilə bağlı cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdir. İddiaçıların müraciətlərinə formal əsasla imtina cavabı verilmişdir. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti (Qəyyumluq və Himayəçilik Komissiyası) öz qərarını yalnız azyaşlının mənafeyi baxımından və uşağa iki adın biryerdə ayrı-yarılıqda verilə bilməməsi əsası ilə məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, uşağın mənafeyi dedikdə, onun maraqlarının və rifahının hər şeydən, o cümlədən valideynlərin və cəmiyyətin maraqlarından ön planda olması gərəkdiyini vurğulayan bir prinsipdir. Bununla bağlı hüquq uşağın mənafeyi onun yaxşılığı və inkişafı üçün ən uyğun şəkildə tətbiq edilməlidir. Belə ki, uşaqların mənafeyi, onların hüquqlarının qorunması və inkişafı üçün ən yüksək prioritetə malikdir. Uşağın mənafeyinin üstün tutulması, onların həyat şəraitini, inkişafını və hüquqlarını maksimum dərəcədə qorumağı tələb edir.

20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş və Azərbyacan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli qərarı ilə ratifikasiya edilmiş “Uşaq hüquqları haqqında Konvensiya”ya əsasən:

Maddə 1. Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. Maddə 2. 2. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və ya digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri görürlər. Maddə 3. 3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. Maddə 4. İştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər. İştirakçı dövlətlər iqtisadi, sosial və mədəni hüquqlar barəsində belə tədbirləri malik olduqları ehtiyatların maksimum çərçivəsində və lazım gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər. Maddə 5. İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda genişləndirilmiş ailə və ya icma üzvlərinin, qəyyumların və ya qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların uşaqlar tərəfindən həyata keçirilməsində onu lazımınca idarə etmək və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə müvafiq sürətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. Maddə 7. 1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 2. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. Maddə 9. 2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir. Maddə 18. 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

Valideynlərin azyaşlı uşaqlar barədə qəbul etdikləri qərarların düzgünlüyü bir neçə faktora əsaslanır və əsasən uşağın rifahını, inkişafını və hüquqlarını qorumağa yönəlir. Valideynlərin qərarları uşağın mənafeyinə uyğun olmalıdır. Hüquqi və etnik baxımdan valideynlərin uşaqları barədə qəbul etdikləri qərarların düzgünlüyünü qiymətləndirən bəzi əsas prinsiplər vardır ki, onlardan biridə məntiqli və əsaslı qərarlar prinsipidir ki, bu prinsip valideynlər üzərinə bir sıra vəzifələr qoyur. Belə ki, qərarların düzgünlüyü – uşağın sağlamlığına, inkişafına və rifahına müsbət təsir göstərməlidir; qərarın qəbulunda valideynlərin şəxsi və ya emosional maraqları deyil, uşağın real ehtiyacları əsas götürülməlidir; valideynlər uşağın yaşına, xarakterinə və ehtiyaclarına uyğun qərarlar qəbul etməlidirlər. Nəticə etibarı ilə, valideynlərin azyaşlı uşaqlar haqqında qəbul etdikləri qərarların düzgünlüyü, uşağın rifahına və hüquqlarına uyğun olmalı, uşağın təhlükəsizliyini təmin etməli və onların inkişafına müsbət təsir göstərməlidir. Məhkəmə qeyd edir ki, uşağın valideynləri uşağın adının dəyişdirilməsinin zəruri olmasına dair kifayət qədər əsaslı dəlilləri göstərmişlər. Belə ki, iddiaçıların nikahları Türkiyyə Respublikasında, iddiaçıların övladının doğum haqqında akt isə Azərbaycan Respublikasında qeydiyyata alındığından, iddiaçıların övladına aid sənədlərdə ad hissəsində uyğunsuzluqlar mövcuddur. Belə ki, bəzi sənədlərdə adı Ali Hüseyn, bəzi sənədlərdə isə Ali kimi qeyd edilmişdir. Belə olan halda, sənədlərdə mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqəsədəuyğun və zəruridir. İddiaçıların həmin dəlillər uşağın mənafeyinə zidd deyil, əksinə uşağın sosial həyatda inkişafına və digər faktorlar əsasında mənafeyinə uyğun olan dəlillərdir. Beləliklə, iddiaçıların uşağının X9 adının Alihüseyn adına dəyişdirilməsi onun hüquqlarına və mənafəyinə uyğundur, və qanunvericiliyin tələblərinə zidd deyildir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin.

68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hеsаb еdir ki, iddiaçılar İddiaçı1 və X5 2019-cu il noyabrın 5-də Türkiyə Respublikasının Simav Bələdiyyəsində qeyd olunmuş birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü övladları X9 doğum şəhadətnaməsində Ali adının Alihüseyn kimi qeyd edilməsi üçün inzibati aktın (rəy) verilməsi vəzifəsi cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 39, 68, , 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiа tələbi təmin еdilsin. İddiaçılar İddiaçı1 və X5 2019-cu il noyabrın 5-də Türkiyə Respublikasının Simav Bələdiyyəsində qeyd olunmuş birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü övladları X9 doğum şəhadətnaməsində Ali adının Alihüseyn kimi qeyd edilməsi üçün inzibati aktın (rəy) verilməsi vəzifəsi cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar