Məhkəmə qərarları › İş №2-1(112)-4627/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4627/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4627/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyinatın 05.03.2008-ci il tarixindən (45 yaşından, 1 nömrəli siyahı üzrə) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1984-cü ilin iyul ayından başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. 11.07.1984-cü ildən 01.03.1996-cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında (qablaşdırıcı) çalışmışdır. 1996-cı il tarixindən 02.06.1997-ci il tarixinədək AzİDSR trestinin Mobil Mexanikləşdirilmiş kalonunda çalışmışdır. 1997-ci ildən 2005-ci ilin oktyabr ayının 17-nə qədər Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir-Tikinti trestində işləmiş, ondan sonra səhhətiylə əlaqədar olaraq çalışmamışdır. Bütün sənədlərini hazırlayıb adiyyəti üzrə cavabdehə 18.01.2021-ci il tarixində poçt vasitəsi ilə təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsini və sənədlərini AZ 1108 saylı poçt vasitəsi ilə qəbul etmişdir. İddiaçının 1984-1996-cı ilədək işlədiyi sahə (12 ilə yaxın) zərərli iş olmuşdur. Ona görə də həmin iş illəri iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına o dövrdə qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma iddiaçı bunu bilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə 35 gündür ki, münasibət bildirməmişdir. Pensiya təyinatı aparmamışdır. Bu barədə heç bir məlumat verməmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir ki, cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilsin. (Nəzərə alınsa ki, 2021-ci ilin yanvar ayı 31 gündür, artıq belə nəticəyə gəlir ki, 36 gündür ki, cavabdeh heç bir münasibət bildirmir). 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00-17541 nömrə ilə A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi nəzərdə tutulduğundan və iddiaçı 11.07.1984-cü ildən 01.03.1996-cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında qablaşdırıcı kimi 12 ildən artıq çalışmışdır. Ümumi iş stajı isə 21 ildən artıqdır. Onun çalışdığı sahə 1 nömrəli siyahı üzrə nəzərə alınmalı və güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli, əmək pensiyası ona 05.03.2008-ci il tarixindən hazırkı günə qədər hesablanmalı və yaranacaq fərq birdəfəyə ödənilməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Bundan əlavə, sözügedən Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin baxılan halda biz cavabdeh kimi cəlb edildiyimiz məsələdə nə inzibati aktı qəbul etməkdən imtina edirik, nə də hərəkətsizliyə yol veririk. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Həmçinin bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd etdiyi fərq məbləğinin birdəfəlik ödənilməsi məsələsinə dair bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənləri nəzərə alaraq, İddiaçı ona 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyinatın 05.03.2008-ci il tarixindən (45 yaşından, 1 nömrəli siyahı üzrə) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair iddiasının mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmənin 2-1(112)-4627/2021 nömrəli, 21.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyinatın 05.03.2010-cu il tarixdən, 47 yaşdan aparılması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı 27.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 52 yaşı tamam olduğu yəni 05.03.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddiaçının iş yerindən güzəştli arayışının təqdim edilmədiyini bildirərərk iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İV ЖГ № 469359 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X4 28.10.1988-ci ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 12.07.1984-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 11.07.1984-cü ildə AzSSR mədəni məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə MMP zavodunda kosmetika sahəsinə qablaşdırıcı işinə qəbul olunmuşdur. 02.01.1989-cu ildə MM və TT məmulatların istehsalı zavodu Məişət malları (ümumi şöbə) İB çevrilmişdir. 02.01.1989cu ildə birinci dərəcəli qablaşdırıcı-şəkilləndirici sənəti verilmiş, Az. Respublikası SN-nin 12.12.1991-ci il tarixli əmri əsasında 04.12.1991-ci ildən Az. Respublikası MMP zavodu Azərbaycan dövlət sənaye-ticarət konserninə (Az ST K) çevrilmiş, məişət malları İB adı isə MM və TT zavod adına dəyişdirilmişdir. 01.03.1996-cı ildə işdən azad edilmişdir. (K.Ş-nin rəisi T.A.Aslanov tərəfindən imzalanmış, Azərbaycan SSR Yerli Sənaye Nazirliyi. Mədəni-məişət və təsərrüfat mallarının istehsalı kadrlar şöbəsinin möhürü ilə təsdiq edilmişdir) 17.04.1996-cı ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, 25.10.1996-cı ildə işdən azad edilmişdir. 13.01.1997-ci ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, 02.06.1997-ci ildə işdən azad edilmişdir. 12.06.1997-ci ildə Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir-Tikinti trestində təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş, 17.10.2005-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 17.03.2021-ci il tarixli, **********842400 nömrəli məktubunda qeyd olunmuşdur ki, İdarədə olan reyestrdə Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli, 4/1105 nömrəli arxiv arayışında bildirilmişdir ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Yerli Sənayesi Nazirliyinin “Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı”nın (həmçinin əmək kitabçasında göstərilən Mədəni-Məişət və X2 İstehsalı zavodunun) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 04.08.2021-ci il tarixli, **********288100 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Azərbaycan SSRİ-nin Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və Təsərrüfat təyinatlı məmulatların istehsalı zavodu”, “Məişət malları istehsalat birliyi”, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, İdarədə olan reyestrdə “Azərbaycan SSRİ-nin Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və Təsərrüfat təyinatlı məmulatların istehsalı zavodu” və “Məişət malları istehsalat birliyi” adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyiniz xahiş edilir. Eyni zamanda bildirilir ki, "xxxx" ASC-nin qeydiyyat qovluğuna əsasən Cəmiyyət Ədliyyə Nazirliyi tərəfindən D-35 nömrəsi ilə 20.07.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Məişət Malları zavodu”nun bazasında yaradılıb və onun hüquqi varisidir. Həmçinin bildirilir ki, müraciətin "xxxx" ASC-yə dair hissəsi aidiyyəti üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavablandırılacaqdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 06.08.2021-ci il tarixli, 05/21 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin 13.08.1996-cı il tarixli “Azərbaycan Respublikası “Sənaye-Ticarət” Dövlət Konsernin ləğv edilməsi haqqında” Fərmanına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun əsasında, bu sərəncama əlavədə verilən struktur bölmələr istisna olmaqla, "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1984-1996-cı illərdə işlədiyi qablaşdırıcı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olub-olmaması baradə "xxxx" ASC-də heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli, 4/1105 nömrəli məktubda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Yerli Sənayesi Nazirliyinin “Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı”nın (həmçinin əmək kitabçasında göstərilən Mədəni-Məişət və X2 İstehsalı zavodunun) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli, DA-01327-2021 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin 29 iyul 1991-ci il tarixli 65 №-li və Azərbaycan Respublikası Dövlət Sənaye- Ticarət Konserninin 22 oktyabr 1992-ci il tarixli 123 №-li əmrlərin təsdiq olunmuş ksero surətləri təqdim edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və təsərrüfat malları istehsalat zavodunun, Məişət malları İstehsalat Birliyinin nizamnamələri, əsasnamələri və şəxsi heyət üzrə sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin 22 oktyabr 1992-ci il tarixli, 123 nömrəli əmrindən görünür ki, Mədəni Məişət və Təsərrüfat malları istehsalat zavodunun 19 oktyabr 1992-ci il tarixli 02/240 nömrəli yazılı müraciəti nəzərə alınaraq Mədəni məişət və təsərrüfat malları istehsalat zavodu 05 noyabr 1992-ci il tarixdən “Məişət malları zavodu” adlandırılması barədə əmr verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 06.09.2021-ci il tarixli, 06/21 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Ziğ şossesi 2929-cıı məhəllədə yerləşən "xxxx" zavodunun təşkilatı hüquqi statusu Dövlət mülkiyyəti (15/5-13.09.1991); istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri: Xalq istehlakı mallarının istehsalı- Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı. Hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələr mövcud olub. Bundan əlavə məlumat üçün bildirilir ki, "xxxx" zavodu dövlət miilkiyyəti olduğundan özəlləşdirilmə prosesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə keçirilib və bütün məlumatlar hesab edilir ki, həmin qrumda vardır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ərizədən görünür ki, İddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatının 05.03.2008-ci il tarixindən (45 yaşı tamam olduğu gündən) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Ərizə 18.01.2021-ci il tarixdə **********9AZ nömrəli poçt göndəriş qəbzi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia formalaşmış məhkəmə təcrübəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aid edilir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddiaçı 18.01.2021-ci il tarixdə cavabdehə poçt vasitəsilə ərizəsini təqdim etsə də ərizəyə müvafiq cavab verilməmiş, iddiaçı cavabdehə təqdim olunduğu vaxtdan 35 gün keçdikdən sonra hazırkı iddia ərizəsini 23.02.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmişdir. Cavabdehin hazırkı iddianın mümkün sayılmaması ilə bağlı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, cavabdeh iddiaya etirazında iddianın mümkün sayılmaması əsası kimi iddiaçının pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə hərəkətsizliyə yol verdiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının cavabdehə ünvanladığı müraciət ərizəsindən görünür ki, ərizəyə şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini qoşma olaraq təqdim etmişdir. Cavabdeh isə sənədlərin təqdim edilmədiyini iddia etdiyi halda ərizə daxil olduğu vaxtdan qanunla keçirməli olduğu inzibati icraat müddəti gedişində iddiaçıya müvafiq sənədlərin əsillərini inzibati orqana təqdim etməyi ilə bağlı qanunun müvafiq tələblərini izah etməmiş, ərizədə yol verilmiş müvafiq çatışmazlıqların aradan qaldırılmasına yardım etməyə təşəbbüs göstərməmiş (iddiaçıya yazılı və ya şifahi qaydada məlumatlandırmaqla), ümumən müraciətinə cavab verməməklə hərəkətsizliyə yol vermişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -23.1-ci maddəsinə görə inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunan normalara əsasən inzibati icraatda inzibati orqanın ərizəçinin ərizəsi ilə bağlı səhvlərin, çatışmazlıqların aradan qaldırılmasındakı yardım etmək vəzifəsindən, iş üzrə əhəmiyyət kəsb edən halları ərizəçinin təqdim etdiyi sübutlardan asılı olmadan araşdırmaq, sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə müvafiq sənədləri toplamaq öhdəliyindən çıxış edərək bu nəticəyə gəlir ki, iddia tələbi cavabdehin qeyd etdiyi əsasla mümkünsüz sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, təqdim edilmiş iddiaya etirazda cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci, Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinə, eləcə də iddia ərizəsində qeyd edilən pensiya fərqinin birdəfəlik ödənilməsinin mümkün olmaması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinə istinadlar edərək bilavasitə iddia tələbinin təmin edilməməsi yönümündə mahiyyəti üzrə münasibətini bildirmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə cavabdehin iddia tələbinin mümkünsüzlüyü ilə bağlı etiraz dəlilini əsassız hesab edərək, eləcə də cavabdehin etirazındakı münasibətini nəzərə alaraq iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə keçir. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 52 yaşını 05.03.2015-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, əmək kitabçasına əsasən iddiaçının 11.07.1984-cü ildən 01.03.1996-cı ilədək işlədiyi dövr 11 il 07 ay 22 gün, 17.04.1996-25.10.1996-cı ilədək 06 ay 09 gün, 13.01.1997-02.06.1997-ci ilədək 04 ay 21 gün, 12.06.1997-17.10.2005-ci ilədək olan dövr 08 il 04 ay 06 gün olmaqla, 01.01.2006-cı ilədək olan ümumi iş stajı 20 il 10 ay 28 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə müəyyən olunur ki, iddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının işlədiyi yerdən zərərli işlərdə işləməsinə dair güzəştli arayışı təqdim edə bilməməsi onun işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmamasına mane təşkil etməməlidir. Belə ki, iddiaçı 11.07.1984-01.03.1996-cı illərdə zərərli işdə işlədiyini iddia etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda keçmiş Mədəni məişət və təsərrüfat malları istehsalat zavodu, daha sonra adını dəyişdirmiş Məişət malları zavodunda kosmetika sahəsində xına məhsullarının qablaşdırılması işi ilə məşğul olduğunu bildirmişdir. İddiaçıya məxsus əmək kitabçası qeydlərində iddiaçının 11.07.1984-01.03.1996cı illərdə AzSSR mədəni məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə MMP zavodunda kosmetika sahəsində qablaşdırıcı, daha sonra 02.01.1989-cu ildə MM və TT məmulatların istehsalı zavodunun Məişət malları İB çevrildiyi, 04.12.1991-ci ildən məişət malları İB adının MM zavod adına dəyişdirildiyi barədə qeydlər mövcud olsa da əmək kitabçasında iddiaçının adıçəkilən zavodda bilavasitə iddiaçının bildirdiyi kimi xına məhsulunun qablaşdırılması ilə məşğul olduğu bilavasitə göstərilməmişdir. Qeyd edilən halın araşdırılması məqsədilə məhkəmə müvafiq sorğularla iddiaçının işləmiş olduğu müəssisənin hansı müəssisə olduğu, arxiv sənədlərinin hansı müəssiyə verildiyi və hüquqi varisi olan müəssisə barədə məlumatların əldə edilməsini zəruri hesab etmişdir. İddiaçının əmək kitabçasına daxil edilmiş müəssisə barədə qeydlərdən çıxış edərək Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi və Milli Arxiv İdarəsinə müvafiq sorğular verilmiş və yuxarıda adıçəkilən qurumlardan əldə edilmiş sorğulara cavab məlumatlarından müəyyən olunmuşdur ki, iddiaçının 1984- 1996-cı il tarixədək işləmiş olduğu müəssisə ilk növbədə Azərbaycan SSRİ-nin Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və Təsərrüfat təyinatlı məmulatların istehsalı zavodu olmuş, daha sonra 12.12.1991-ci ildən Azərbaycan Dövlət Sənaye Ticarət Konserni yaradıldıqdan sonra Konsernin 123 nömrəli 22 oktyabr 1992-ci il tarixli əmri ilə Mədəni məişət və təsərrüfat malları istehsalat zavodu 05 noyabr 1992-ci il tarixdən “Məişət malları zavodu” adlandırılmış, Azərbaycan Respublikasının Prezidentinin 13.08.1996-cı il tarixli fərmanına əsasən “Azərbaycan Respublikası “Sənaye-Ticarət” Dövlət Konserni ləğv edildikdən sonra "xxxx" zavodu özəlləşdirilmiş və həmin zavodun bazasında “Məişət Malları açıq tipli səhmdar cəmiyyəti yaradılmış, səhmdar cəmiyyət 20.07.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iddiaçının işləmiş olduğu "xxxx" zavodunun hüquqi varisi hazırda Məişət Malları” ASC-dir (VÖEN **********). Məhkəmənin sorğusuna cavab olaraq "xxxx"ASC iddiaçının işləmiş olduğu qablaşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğu barədə ASC-də məlumatın olmaması səbəbindən güzəştli arayış təqdim edə bilməsə də məhkəmənin sorğusuna cavabda "xxxx" zavodunda istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri kimi həmin zavodda Xalq istehlakı mallarının istehsalı olduğu, Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı ilə məşğul olunduğu və zavodun özündə hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələrin mövcud olduğu bilavasitə ifadə edilmişdir. Eyni zamanda iddiaçı eyni Məişət Malları zavodunda işləmiş vət. X3 aid qanuni qüvvəsini almış məhkəmə qərarlarını (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2-1(82)-2696/2018 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2426/18 nömrəli qərarı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2- 1(102)-426/19 nömrəli qərarı) təqdim etmişdir ki, həmin məhkəmə qərarlarında vət.X3 aid ИТ-İ ******* nömrəli əmək kitabçası qeydlərində X1 20.02.1981-ci ilədək xına qablaşması sexində 1-ci və 2-ci dərəcəli xına qablaşdırıcısı, 13.07.1981-ci ildən 11.05.2004-cü ilədək "xxxx" zavodunda qablaşdırıcı, paketləşdirici işlədiyi göstərilmişdir. Beləliklə, əmək kitabçası qeydləri, "xxxx" ASC-nin sorğuya cavab məktubu, təqdim olunmuş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçının işləmiş olduğu müəssisə "xxxx" zavodu olmuş, həmin zavodda kosmetika sahəsində həna qablaşması sexi mövcud olmuş və iddiaçı adıçəkilən zavodda həna qablaşdırıcısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22400000 XXİİ. Yeyinti sənayesi, 22411000 11. Ətriyyat-kosmetika istehsalatı. Tərkibində 1-3-cü sinif təhlükəli zərərli maddələr olan kompozisiyaların, nəfəslik və kompozisiya - bazaların istehsalı, 2241100a—19293 «Həna» və «Basma» kimi bitki boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcılar-bükücülər zərərli peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının "xxxx" zavodunda kosmetika sahəsində həna qablaşması sexində həna qablaşdırıcı vəzifəsi qeyd edilən 2 nömrəli Siyahıda 2241100a—19293 nömrəli koda uyğundur və həmin vəzifədə güzəştli iş stajı (11.07.1984-cü ildən 01.03.1996-cı ilədək işlədiyi dövr) 11 il 07 ay 22 gün təşkil edir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 52 yaşı tamam olduğu, yəni 05.03.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu 05.03.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar