Məhkəmə qərarları › İş №2-1(112)-4629/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4629/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4629/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “əmək qabiliyyətinin olmaması vərəqəsində ardıcıllığın bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin 07 yanvar 2022-ci il tarixli, 13 saylı imtina cavabı üzrə hərəkətinin qanunsuz hesab edilməsi və SN seriyalı, 097504 saylı əmək qabiliyyətinin olmaması vərəqəsində ardıcıllığın bərpa edilərək “xx.xx.2021-ci il tarixdən xx.xx.2021 tarixə qədər” işdən azad edilməsi qeyd edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə “olfaktor çuxur meningioması” diaqnozu ilə əməliyyat olunmuşdur. Mülki işi ilə bağlı xx.xx.2021-ci il tarixdə əməliyyat olunmuşdur. 2021-ci il əmək qabiliyyətinin olmaması barədə bülletenin açılması üçün əməliyyatdan çıxıb gəldikdən sonra aidiyyəti üzrə sahə həkiminə yönləndirilmiş, əməliyyat kağızları (xx.xx.2021-ci il tarixdən 31 mart 2021-ci ilə qədər əmək qabiliyyətsiz olması barədə vərəqə) təqdim edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əmək qabiliyyətinin olmaması barədə bülleten təqdim edilməsini xahiş etmişdir. Sahə həkiminin səhvi nəticəsində xəstəliyi ilə bağlı xərclərin alınmasında problem yaranmışdır. Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında Nazirlər Kabinetinin Qərarının 13 bəndinə əsasən Stasionarda (xəstəxanada, klinikada və i.a.) müalicə edilərkən xəstənin stasionarda qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi verir. Həmin Qərarın 37-ci bəndinə əsasən xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Əmək qabiliyyətinin ekspertizası üzrə işlərin qoyulması, xəstəlik vərəqələrini və arayışların verilməsi, onların saxlanılması, qeydiyyatının aparılması məsuliyyəti baş həkimə tapşırılır. Stasionardan vaxtında yazılmaq, habelə əlilliyin əlamətləri olan xəstələri vaxtında aşkar etmək və onun qovluğunu tibbi-sosial ekspert komissiyasına göndərmək məsuliyyəti baş həkimə tapşırılır. xx.xx.2022-ci il tarixdə cavabdehə təkrar sorğu ilə müraciət edilmiş, lakin məktubun çatdırılmasına baxmayaraq sorğuya münasibət bildirilməmiş və imtina məktubu təqdim edilməmişdir. Cavabdehin hazırkı hərəkəti əsassızdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım barədə məktub ünvanlayaraq bildirmişdir ki, Cavabdeh Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir. Həmçinin bildirilmişdir ki, iddiaçı artıq müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022 tarixli, 2-1(112)-9439/2022 saylı qərardadı ilə (mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında yaranan münasibətlərdən irəli gəldiyindən) iddiası mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2022 tarixli, 2-1(112)-9439/2022 saylı qərardadı ilə iddiaçının Cavabdeh publik hüquqi şəxsə qarşı “15 fevral 2021-ci ildə İddiaçı adına verilmiş SN seriyalı, 097504 saylı əmək qabiliyyətinin olmaması vərəqəsində ardıcıllığın bərpa edilməsi üçün “xx.xx.2021 - xx.xx.2021” tarixinin əlavə edilməsi və qeyd edilən vərəqənin təsdiq olunması öhdəliyinin Bakı Baş Səhiyyə İdarəsinin 19 saylı birləşmiş şəhər xəstəxanasının üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar